“Qurban Qurbanov mənim üçün atadır”

Sports.az-ın Mahir Emreli ilə Zaqrebdən eksklüziv müsahibəsinin davamı

Natiq Nəsirov Zaqrebdən 

Mahir Emreli Avropada özündən söz etdirməyə çalışır. Futbolçumuz bunu "Legiya"da bacardı. İndi növbə "Dinamo Zaqreb"indi. 
Avropa karyerasına başlayandan Azərbaycandan Mahirin yanına gedən jurnalist olmamışdı.
Sports.az bir ilkə imza atdı.
Mahir Emreli ilə eksklüziv müsahibəni təqdim edirik. 

- Qısa müddətdə Azərbaycan üçün Mahir Emreli, Namiq Ələsgərov, Rəhman Hacıyev və bir çox başqa istedadı bəxş etmiş "Bakı" Futbol Klubunun Akademiyası yerində göydələnlər tikmək üçün artıq neçə ildir  dağıdılıb... Belə bir fikir var ki, Azərbaycanda futbolçu yetişmir. Səbəblərdən biri də uşaq futboluna bu cür münasibət deyilmi? 

- Təbii. Bilirsiz "Bakı" Futbol Klubunun Akademiyasının başqalarından üstünlüyü nə idi? Başqaları deyəndə bir "Bakı"nın, bir də "Qəbələ"nin müasir tələblərə cavab verən Akademiyası vardı. "Qəbələ"də indi də var. Amma şərait dəyişib, buna görə də əvvəlki kimi fəal deyillər. 
O zaman aşağı yaşların çempionatında region komandaları çox idi. Biz Yevlaxda, Gəncədə, Şəmkirdə, Lənkəranda, Tovuzda oynayırdıq. "Bakı"nın seleksiyaçıları da bölgələrdəki istedadları seçib akademiyamıza gətirir, onlar üçün hər şəraiti yaradırdılar.
Düşünürəm ki, belə bir akademiyanın dağıdılması Azərbaycan futboluna çox böyük ziyan oldu. Çünki, açıq danışaq bölgələrdə istedadlı uşaqlar çoxdu, amma şərait yoxdu. Bu akademiyanı ən azı o məqsədlə saxlamaq olardı ki, sırf bölgələrdən  istedadlı uşaqları tapıb gətirib yetişdirsinlər. 

- Tamamilə haqlısan. Əvvəl eyni praktikanı "Qəbələ" də edirdi. Amma indi təssüf ki, klubun maliyyə vəziyyəti buna imkan vermir... 

- Ümumiyyətlə, "Bakı"nın akademiyasının bəlli strategiyası vardı, hər il yeniliklər edirdilər. Məsələn, bunu bəlkə də heç kim bilmir, ilk dəfə sizə deyirəm. Bizim akademiyada sırf hücumçularla işləyən məşqçi vardı - Mustafa Adnan Yazıcıoğlu. Türkiyədə qol kralı da olmuşdu. O həm Namiq Ələsgərovun da olduğu 1995-ci il təvəllüdlü uşaqların baş məşqçisi idi, həm də, bütün yaş qruplarında hər həftə ayrıca fərdi hücumçu məşqi keçirdi. Nəticədə, "Bakı" axırıncı yer tutsa da, Nurlan Novruzov çempionatın bombardirlər siyahısında birinci yer tutdu. Sonra iki dəfə dalbadal mən bombardir oldum. Ardından 18 qol mən vurdum, 19 qolla Namiq Ələsgərov birinciliyə yiyələndi. Bunda Adnan hocanın da əməyi vardı. 


- Azərbaycana qayıdıb bizim klublarımızda oynamaq ağlından keçir? 

- Hər şey yolunda getsə, ciddi zədə almasam və s., istəyərdim karyeramı "Qarabağ"da bitirim. Amma bu haqda danışmaq hələ çox tezdi, 25 yaşım var, enerjim aşıb-daşır (gülür). Tez-tez Qurban Qurbanovla, Rəşad Sadıqovla danışırıq. Onların da mənə ümidləri böyükdür, istəyirlər Avropada ciddi uğur qazanım. İnşallah, Allah qismət eləsə, utandırmasa olar, ondan sonra niyə də futbolçu kimi formalaşdığım bir yerdə karyeramı bitirməyim?! 
Anam isə ümid edir ki, onacan "Zaqatala" Premyer Liqaya çıxacaq və gəlib bir mövsüm də orda oynayacam. 

- Bəs sənin özün üçün Zaqatala nə deməkdi? 

- Zaqatala mənim üçün doğma yerdir, uşaqlığımdır, hər şeyimdir. Mən bir az tez böyüdüm, çox da uşaqlıq yaşaya bilmədim, 15 yaşımdan Premyer Liqada çıxış edən "Bakı"da oynamağa başladım. Millinin aparıcı üzvlərindən Kamran Ağayev qapıda, təcrübəli və əla formada olan Aqil Nəbiyev müdafiədə, çoxlu başqa tanınmış futbolçular... İstər-istəməz onların qarşısında daha ciddi olmalısan, yəni, uşaqlıq etmək yeri deyil ora. 
Tay-tuşlarım hansısa əyləncəvi oyunlar oynayanda, mən professinal klubda məşq edirdim. Buna görə uşaqlıq xatirələrim daha çox Zaqatala ilə bağlıdı. Hər yay ora istirahətə gedirdik. İndi də orda bütün neqativ canımdan çıxır, ancaq müsbət enerji alıram. Zaqatalada keçirdiyim hər an mənim üçün pozitivdir. Hər dəfə biləndə ki, Zaqatalaya gedəcəyik kefim super olur. 

- Mahir Emreli üçün Qurban Qurbanov kimdir... 

- Qurban Qurbanov... Nə bilim... Sözlə... Qurban Qurbanov mənim üçün atadır, qardaşdır, əmidir, mənə bu dünyada ən dəyərli insanlardan biridir. Bu gün Zaqrebdə, sabah Madriddə ola bilərəm. Nəyə nail olmuşamsa, oluramsa, olacamsa hamısı bu insanın haqqıdır. Bütün  uğurlarımda, qol vuranda, oyuna çıxanda hər zaman gözümün qabağından, ağlımdan keçər o adam. "Qarabağ"da olduğum 6 ildə bir xoşbəxt məqam var. Həmin hadisə olan gecə yatmamışdım. "Neftçi"ni 3:2 udub mən birinci dəfə bombardir olanda idi.  Gəlib qucaqladı, dedi səninlə fəxr edirəm. Birinci dəfə idi ondan belə söz eşidirdim. Bu sözləri ondan eşitmək... Komandaya deyər, ümumi uğurda deyər, amma mənə qarşı münasibəti başqa olub, məni daha çox sıxıb, məndən daha çox gözləyib deyə... 
Bir əhvalat var. Deyirlər Mayk Tayson hansısa döyüşünü 10 saniyəyə nokautla udub, məşqçisi qayıdıb ki, belə dayansaydın uduzacaqdın. Tayson öz-özünə fikirləşib ki, mən 10 saniyəyə qalib gəldiyim oyunda da batırmağı bacarmışam...
Mən də qol vururdum, sevinirdim, Qurban müəllim deyirdi ki, nə sevinirsən top başına dəyib girib də. 
Bir dəfə "Keşlə" ilə oyunda het-trik elədim. Qapıçı Davud Kəriminin də karyerasının sonu, yaşlı vaxtları idi. Mən uşaq olanda onun daha yaxşı dövrünü də görmüşəm. 
Hər nəsə, het-trik etmişəm, sevinirəm. Qurban müəllim gəlib dedi ki, nəyə sevinirsən, otuzneçə yaşlı qapıçıya qol vurmusan da. Mən də özümü Tayson kimi hiss elədim ki, het-trik etsəm də, bulamağı bacarmışam...
Qurban Qurbanovun müsbət fikirləri də, mənfi fikirləri də qəbulumdu, onun yeri hər zaman başqadı. Səmimi qəlbdən deyirəm, heç kim, onun yerini verə, onu əvəz edə bilməz. 

Sports.az

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar