“Rəqibin “Neftçi” olması...” - Ramon Maçado

Premyer Liqanın 13-cü turunda “Zirə” üzərində son dəqiqə qolu sayəsində qələbə qazanan “Qəbələ” növbəti turda turnir cədvəlindəki digər qonşusu “Neftçi” ilə üz-üzə gələcək. Bu qarşılaşmanı “qırmızı-qaralar”ın hücumçusu Ramon Maçado üçün prinsipial duel də saymaq olar. Yay fasiləsində “Neftçi” braziliyalı forvardla yeni müqavilə imzalamadı və futbolçu “Qəbələ”yə üz tutdu.

31 yaşlı oyunçu Sports.az saytına müsahibəsində “Zirə” üzərində qələbə haqda düşüncələrini bölüşməklə yanaşı, sabiq komandası ilə qarşılaşmada nəyə ümid etdiklərini açıqladı.

- Əvvəlcə Premyer Liqanın 13-cü turunda “Zirə” ilə keçirilən oyunu (1:0) dəyərləndirərdiniz. Bu matçda qalibiyyət nə dərəcədə vacib oldu?
- Məncə, çox vacib qələbə idi. Elə mərhələdəyik ki, 3 xal qazanmaq hər şeydən önəmlidir. Bizə yalnız qalibiyyət lazım idi ki, bunu da əldə edə bildiyimiz üçün çox sevincliyik.

- Ülvi İsgəndərovun son dəqiqələrdə fantastik qolu sizi təəccübləndirmədi?
- Açığı, təəccüblənmədim. Onun belə zərbə vurmağı bacarması mənim üçün sürpriz deyildi. Möhtəşəm qol alındı və bu, bizə qələbə qazandırdı.

- “Zirə” ilə matça qədər keçirdiyiniz son 4 oyunda qələbə qazana bilməmişdiniz. Bu enişin səbəbi nə idi?
- Bunu normal hesab edirəm. Çempionatda güclü rəqabət gedir. Həmin dörd qarşılaşmanı yaxşı keçirdik. Təəssüf ki, qələbə qazana bilmirdik. Avrokuboklara mübarizə yolunda birbaşa rəqibimiz olan “Zirə” üzərində qalibiyyət çox vacib idi. Həm də yenidən qələbə ab-havasını qaytarmaq istəyirdik.

- Bununla uğursuzluq sindromunu qırdığınızı demək olar?
- Mən bunu sindrom kimi görmürəm. İki dəfə heç-heçə etmişdik, iki görüşdə isə çempionatın iddialı komandaları olan “Qarabağ”la “Sabah”a minimal hesabla uduzmuşduq. Məncə, burda şişirdiləsi bir şey yox idi.

- Turnir cədvəlində “Zirə”ni qabaqladınız. Növbəti turda isə “Neftçi”ni uda bulsəz, prinsipial rəqibinizə yaxınlaşacaqsınız. Bu qarşılaşmada nəyə ümid edirsiniz?
- Bilirik ki, asan oyun olmayacaq. “Neftçi” yuxarı pillələr uğrunda mübarizədə birbaşa rəqibimizdir. Ümid edirik ki, “Bakcell Arena”da yaxşı oyun sərgiləyib, istədiyimiz nəticəni qazanacağıq.

- “Neftçi”nin sabiq komandanız olması sizin üçün matçın önəmini daha da artırır?
- Adi çempionat oyunlarından biri olacaq. Digər komandalar qarşı necə hazırlaşmışamsa, “Neftçi” ilə görüşə də o cür yanaşıram. İndi yalnız “Qəbələ”nin oyunlarına köklənmişəm və komandamın uğurunda pay sahibi olmaq istəyirəm. Rəqibin “Neftçi” və ya başqa klub olması o qədər də mühüm deyil.

- Bu mövsüm Premyer Liqada cəmi 2 qol vurmusunuz. Hücumçu üçün az deyil?
- Həqiqətən də, qollarımın sayı məni qane etmir. Amma qarşıda hələ çox oyunlar var. Öz göstəricilərimi yaxşılaşdırmaq üzərində çalışıram.

- Həm şəxsi planda, həm də komanda olaraq bu mövsüm hədəfiniz nədir?
- Heç bir fərdi məqsədim yoxdur. Hədəfim odur ki, komandamız çempionatı gözəl keçirsin və mövsümün sonunda turnir cədvəlində yuxarı pillələrdə qərarlaşsın. 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar