“Gürcüstanda hamı “Qarabağ”ı dəstəkləyir”

“Şamaxı”nın ən parlaq illəri “İnter” adı altında çıxış edəndə olub. Xüsusən də, Valentin Xodukin və Kaxaber Sxadadzenin dönəmində bu klub Azərbaycanın ən güclülərindən biri idi. 

Son çempionluğunu 2009/2010 mövsümündə qazanan sabiq “bankirlər”in həmin dönəmdə aparıcı futbolçularından biri, 2009-2011-ci illərdə  “İnter”in heyətində oynamış David Odikadze karyerasını rəsmən ötən il başa vurub. 

Gürcüstanda futbol məktəbi açan 41 yaşlı veteran Sports.az saytına müsahibəsində karyerasının Azərbaycan dövrünü salıb. 

- Hazırda nə işlə məşğulsunuz?
- Bir müddət idi istirahət edirdim. Sentyabrın sonlarında futbol məktəbimiz fəaliyyətə başladı. İndi buradakı işlərlə məşğulam. 

- Sizin şəxsi məktəbinizdir?
- Bəli, mənə məxsusdur. Burada təkcə futbolla məşğul olmurlar. Ümumilikdə idman məktəbi də demək olar. 

- Gürcüstanda dman məktəbi açmaq üçün çox maliyyə lazımdı?
- Xeyr, dostlarım bunda mənə kömək etdilər. Hamısı keçmiş futbolçulardır. 

- Futbolçu karyeranızı bir ildir başa vurmusunuz. Oynamaqdan ötrü darıxmırsınız?
- Son iki ildə bu məktəblə bağlı işlər aparılırdı. İndi futbola baxanda hərdən mənə qəribə gəlir və yenə özüm meydana çıxıb oynamaq istəyirəm. 

- İki il “İnter”də çıxış etdiniz. Azərbaycandakı tanışlarınızla əlaqələrinizi davam etdirirsiniz?
- Əlbəttə. “İnter”dəki illərim karyeramın ən yaxşı periodlarından idi. Azərbaycanda özümə çoxlu dostlar qazandım. “İnter”də çiyin-çiyinə oynadığım futbolçuların hamısı mehriban idi. Onlarla dost münasibətimiz var, hamısı mənim qardaşlarımdır. 

- Son 11 ildə Azərbaycanda olmusunuz?
- Bəli, tez-tez gəlirəm. Hələ “Çixura”da oynadığım zaman 2014-15 mövsümündə Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Neftçi” ilə (2:3, 0:0) qarşılaşma üçün Bakıya getmişdim. Azərbaycan futbolunun pərəstişkarıyam. Həmçinin imkan düşdükcə komandalarınızın matçlarına seyr edirəm. 

- Bakı çox dəyişilib?
- Bakı hər il müsbətə doğru dəyişir, ildən-ilə daha da gözəlləşir. 

- 2009-cu ildə Gürcüstanı ilk dəfə tərk edərək Macarıstana getdiniz. Bəs oradan Azərbaycana yollanmağınız necə alındı?
- Həmin vaxt “İnter”in baş məşqçisi həmyerlim Kaxa Sxadadze idi. Təklif gələndə düşünmədən müsbət qərar verdim. Kaxa daha əvvəl Tbilisi “Dinamo”sunda da məşqçim olmuşdu. 

- “İnter”də oynayarkən çox qazanırdınız?
- Orada maliyyə cəhətdən hər şey mükəmməl idi. Puldan əlavə “İnter”lə Azərbaycan çempionu və “Birlik Kuboku”nun qalibi olduq. Bunlar da dəyərli qazanclar idi. 

- Azərbaycandakı gəliriniz biznes qurmağınız üçün kifayət etdi?
- Azərbaycana qədər Macarıstan və Çexiyada da çıxış etdim. Az-çox nəyimsə vardır. 

- Sirr deyilsə, hansı bizneslə məşğulsunuz?
- Müxtəlif sahələr üzrə çalışıram. Amma əsas iş sahəm idman məktəbidir. 

- Biznesmen, yoxsa futbolçu olmaq çətindir?
- Əlbəttə ki, futbolçu olmaq. 

- Karyeranız ərzində Azərbaycanın hansısa başqa klubundan təklif almısınız?
- Xeyr, yalnız “İnter”də oynamaq təklifi almışam, oranın da formasını geyinmişəm. Ölkənizdə güclü klublar çoxdur. “İnter” hamısından fərqlənirdi, əsl ailə idi. 

- “İnter”in tez-tez adını dəyişdiyini və son illər çempionatın autsayderlərindən birinə çevrildiyini bilirsiniz?
- Bəli, bilirəm. Bu komandanın hazırda autsayderlər zonasında qərarlaşması məni çox üzür. “İnter” bir başqa idi. Bildiyim qədərilə indi həmin kollektivdən əsər-əlamət qalmayıb. 

- Azərbaycan futbolu ilə bağlı xatirələriniz necədir?
- Yalnız xoş xatirələrim var. Futboldan əlavə orada çox dostum var. Azərbaycanı və azərbaycanlıları sevirəm. 

- “Qarabağ”ın avrokuboklardakı çıxışı barədə məlumatınız var?
- Əlbəttə. Gürcüstanda “Qarabağ”ın oyunlarını həmişə göstərirlər. Luka Quqeşaşvili oradadır. Bu komandaya azarkeşlik edirik. 

- Quqeşaşvili ilə şəxsi münasibətiniz var?
- Xeyr, o gəncdir. Amma çox yaxşı oğlan və əla qapıçı olduğunu bilirəm. 

- “Qarabağ”ın avrokuboklardakı çıxışını necə dəyərləndirərdiniz?
- Təəssüf ki, Avropa Liqasında növbəti mərhələyə adlaya bilmədi. Halbuki oyunu ilə buna layiq idi. Olduqca güclü qrupa düşmüşdü və şansını son turda əldən verdi. Ancaq yenə də Konfrans Liqasının pley-offunda mübarizəni davam etdirəcəklər. Gürcüstanda hamı “Qarabağ”ı avrokuboklarda dəstəkləyir. Növbəti raundda “Gent”i keçəcəklərinə şübhə etmirəm. 

- Azərbaycan çempionatının səviyyəsi necə, sizi qane edirdi?
- Azərbaycan çempionatı indi də yüksək səviyyəlidir. Yaxşı pullar xərclənir və güclü əcnəbi futbolçular klublara cəlb edilir. 

- Ölkəmizlə bağlı xatirinizdə qalan ən maraqlı hadisə hansıdır?
- Hər günümüz maraqlı keçirdi. “Birlik kuboku”nda Ermənistan təmsilçisi “Mika”nı məğlub etdiyimiz zaman qayıdanda hamı xoşbəxt görünürdü. Matçdan əvvəl “İnter”in azərbaycanlı futbolçuları dedilər ki, bu, onlar üçün son matç kimidir və qələbədən başqa yol yoxdur.  Bir ölkənin vətəndaşları kimi birləşdik və qalib gəldik.

Son xəbərlər

DAHA ÇOX

KÖŞƏ

Ən çox oxunanlar