“AVRO-2024-ün seçmə mərhələsində daha çox çalışmalıyıq”
“Sabah”da karyerasının ən parlaq dönəmini keçirən Bəxtiyar Həsənalızadə milli komandaya qədər yüksəlib. Son təlim-məşq toplanışına dəvət alan 30 yaşlı müdafiəçi yığmada debüt etmək imkanı qazanıb, Moldova (2:1) və Şimali Makedoniya (3:1) ilə görüşdə parlaq çıxışla diqqət çəkib.
Həsənalızadə Azərbaycan kubokunun 1/8 final mərhələsində “Qaradağ Lökbatan” üzərində 5:0 hesablı qələbəyə də 1 qolla töhfə verib. Arxa xətt oyunçusu Sports.az saytına müsahibəsində həm millidəki debütünə toxunub, həm də “Sabah”dakı çıxışını dəyərləndirib.
- Milli komandanın Moldova (2:1) və Şimali Makedoniya (3:1) ilə oyunda əsl gücünü göstərdiyini demək olar?
- Hər iki matçın millimiz üçün xeyirli olduğunu düşünürəm. Yoldaşlıq oyunları seçmə mərhələ öncəsi yaxşı hazırlıq idi. Uğurlu nəticənin davamı üçün AVRO-2024-ün seçmə mərhələsində daha çox çalışmalıyıq.
- Millidə debüt etdiniz və hər iki matçdakı performansınız müsbət qiymətləndirildi. Bu yaşa qədər yığma formasını geyinməməyin məyusluğu varmı?
- Təbii ki, millidə daha tez debüt etmək istərdim. Həmişə şans verilməsini gözləmişəm. Qismət bu ana imiş. Bundan sonrasını düşünmək lazımdır.
- Ardıcıl 5 oyunluq qalibiyyət seriyasını martda başlayacaq AVRO-2024-ün seçmə mərhələsində davam etdirmək çətin olmayacaq?
- Seçmə mərhələdəki rəqiblərimiz daha güclüdür. Bizi ağır oyunlar gözləyir. Bu turnirdəki matçlar tam fərqli olacaq. Yenə də uğurlu nəticə üçün çalışmaq lazımdır.
- Milliyə ən çox futbolçu verən klublardan biri də “Sabah” idi. İstirahətsiz davam etmək komandaya çətinlik yaratmayacaq?
- Doğrudur, istirahətə elə də çox vaxtımız olmadı. Ancaq tez bərpa olunmaq üçün əlimizdən gələni edirik. Hamımızın məqsədi komandaya xeyir verməkdir. Düşünürəm ki, kifayət qədər geniş heyətə malikik. Zədəli və yorğun futbolçuları layiqincə əvəzləyə biləcək oyunçularımız var.
- Sizin də fərqləndiyiniz görüşdə “Qaradağ Lökbatan”ı 5:0 hesabı ilə məğlub edərək Azərbaycan kubokunda 1/4 finala adladınız. Premyer Liqa ilə Birinci Divizion arasında fərq, həqiqətən də, böyükdür?
- Açığı, rəqib gözlədiyimizdən daha çox müqavimət göstərdi. İlk qoldan sonra oyun bir az dəyişdi. Təbii ki, liqalar arasında fərq var və bunun səbəbləri çoxdur. İstərdim ki, Birinci Divizion təmsilçiləri də Premyer Liqa komandalarına yaxın maddi durumda olsunlar.
- Yaranmış fasilədən sonrakı ilk turda “Turan Tovuz”un qonağı olacaqsınız. Noyabrın 29-dakı görüşdən nə gözləyirsiniz?
- “Turan Tovuz”, həqiqətən də, yaxşı komandadır. Kompakt oynayır, əks-hücumlara tez çıxırlar. Ancaq istənilən halda Tovuza qələbə qazanmaq üçün yollanacağıq. Nəticəni isə zaman göstərəcək.
- İlin son 4 turunda ikinci “beşlik”də yer alan “Turan Tovuz”, “Şamaxı”, “Kəpəz” və “Sumqayıt”la qarşılaşacaqsınız. Demək olarmı ki, “Sabah”ın bu qarşılaşmalarda xal itirmək haqqı yoxdur?
- Əvvəlcədən hansısa oyuna proqnoz vermək düzgün deyil. Komandamız hər matça qələbə qazanmaq üçün çıxır. Sizin sadaladığınız rəqiblərlə görüşləri indidən qələbə sırasına yazmaq böyük səhv olardı. Hər qarşılaşmada zəhmət çəkmək, vuruşmaq lazımdır ki, nəticə qazana biləsən.