“Ceyhun Nuriyev və Yusif İmanov əsas heyətdə limitə görə yox, layiq olduqları üçün oynayır”

“Sabah”ın cari mövsümdəki çıxışı diqqətə layiqdir. Təkcə nəticə yox, komandanın oyunu da qeyd edilməlidir. Hiss olunur ki, paytaxt klubu həm baş məşqçisini tapıb, həm də illərdi görülən işlər, nəhayət, bəhrə verməyə başlayıb.

Klubun prezidenti Maqsud Adıgözəlovla müsahibəmiz də elə bu barədədir.

– Sizə günün istənilən vaxtı “Sabahınız xeyir” demək olar…

– Olar. İnşallah, bu mövsüm nəticələrimizin də xeyirli olmasına çalışırıq.

– Masazırda futbol ab-havası yarada bilmisiz. Siz də məmnunsuz?

– Əlbəttə. Fan-klubumuz yaxşı işləyir. Azarkeşlərimiz bizi yaxşı dəstəkləyir. Çalışırıq hər şey səviyyəli olsun. Oyunlara qadınlar da gəlir. İstəyirik ki, söyüş söyməsinlər, tənqidə, müzakirəyə hazırıq, nəticə olmayanda bizi də tənqid etsinlər. Masazır təzə qəsəbədi, “Sabah” bura köçəndən sonra insanlar ətrafına yığışdılar, klubu özlərinki kimi qəbul etdilər, doğmalaşdılar. Klubumuzun nəticələri də bunda rol oynayır.

– Doğru məşqçini tapmaq üçün çoxmu zaman keçdi?

– Bəlkə də. Bu barədə çox sual verirlər, sanki hamı düşünür ki, Murad Musayev gəldi və nəticələr yaxşılaşdı. Mən fərqli fikirdəyəm. Məsələn, iki il öncə Musayev “Sabah”a gəlməzdi. Jelko Sopiçi gətirəndə səhv etdiyimizi deyirlər. Ola bilsin, elədir. Amma mən həmin vaxt büdcənin 30 faizini məşqçiyə xərcləyə bilməzdim. Biz Yuri Vernidubla da danışmışdıq. Maraqlı insandı. Həmin vaxt şərtləri elə idi ki, qəbul etməyimiz mümkün deyildi. Böyük heyətlə gəlmək istəyirdi, maliyyə yükü ağır idi. İstəyi doğru idi, amma həmin vaxt üçün bütün bunlar imkanlarımız xaricində idi.

– Visente Qomeslə də alınmadı…

– O, nəzəriyyəni əla bilirdi, ancaq istədiklərini futbolçulara çatdırmağı bacarmadı. Musayev gələndə qarşısına şərt qoymuşdum ki, azı iki köməkçi gətirsin. Özü də təəccübləndi, adətən klublar məşqçi heyətində yerlilərin olmasını istəyir ki, xərclər azalsın, biz isə fərqli şey istədik. Qomesin problemi tək gəlməsi ilə bağlı idi, meydanda tətbiq etmək istədiklərini uşaqlara aşılaya, onları inandıra bilmədi. Ona görə Murad bəyin komandası ilə gəlməsini, komanda halında işləməsini istədik. Məşqçilərdən həmişə tələbimiz hücumameylli oyun göstərmək, baxımlı futbol sərgiləmək olub. Visente də eyni futbolu oynatmaq istəyirdi, sadəcə, onda alınmadı.

– Deməli, “Sabah”ın iddiaları Musayevin gəlişi ilə artmadı. Zatən inkşaf tempi var idi və Murad bəy ən uyğun məqamda, komanda buna hazır olarkən gətirildi.

– Məhz elədir. Dediyim kimi, iki il öncə Musayev bura gəlməzdi. Onu dəvət etmək üçün məhz indi uyğun şəraiti yaratmışıq.

– Və komandanın nəticələri ildən-ilə yüksələn qrafiklə gedir. İndi ilk üçlük“də möhkəmlənirsiz, gələn mövsüm isə yeganə hədəf çempionluq olacaq yəqin.

– Elə deməzdim. “Qarabağ” bu gün Azərbaycanın bir nömrəli komandasıdır, indiki səviyyəyə çatmaq üçün 15 il əziyyət çəkiblər. Qurban Qurbanovun, klub rəhbərliyinin ardıcıl, məqsədyönlü işinin nəticəsidir. Biz özümüzü “Qarabağ”la müqayisə etməməliyik. Onlar relsə düşmüş qatardı, biz isə hələ indi sürət yığırıq. “Sabah” öncə klub kimi formalaşmalı, böyüməlidi. Komanda yığıb, pul xərcləyib bir il nəsə edə bilərsən, lakin davamlı uğur üçün köklü iş görmək lazımdı. Bu üzdən tələsməyəcəyik, pillə-pillə irəliləyəcəyik.

– Sponsorların səbri çatacaqmı? “Qarabağ”da səbr etdilər, davamlı uğur qazanan kollektiv formalaşdı. Sizdə baxış necədir?

– Doğrusu, mən nəticəni əsas komandanın tutduğu yerlə ölçmürəm. Nəticə kompleks işin məcmusudu. Biz futbola gələndə “Vətən” məktəbi var idi. “Vətən” “FŞM”-in yerində yaradılsa da, vəziyyət böyük ölçüdə dəyişmədi. Uşaqlar yetişirdi, müəyyən yaşa çatandan sonra komanda tapa bilmir, karyeralarını bitirirdilər. Vəziyyəti dəyişmək üçün Divizionda oynayacaq klub yaratmağa qərar verdik. Belədə yetişən uşaqların oynaya biləcəyi komanda olacaqdı.

– Beləcə “Vətən” yox, “Sabah” yaradıldı…

– “Vətən” adı da qoymaq olardı. Amma “Vətən uduzdu”, “Vətən darmadağın olundu” ifadəsi heç kimə xoş gəlməyəcəkdi, Vətən uduza bilməz. Futbolda isə məğlubiyyət qaçılmazdı. Ona görə fərqli ad fikirləşdik, yetişən uşaqların sabahı olsun deyə “Sabah” adını seçdik.

– Vətənin Sabahı…

– Bəli. Fikrimiz 2-3 il Divizionda oynamaq idi. Yüksək dəstəyə yüksəlmək istəyirdik, amma süni yolla yox, 1-ci yeri tutaraq. Amma elə bir zaman gəldi ki, bizdən öndə olan klublar lisenziya ala bilmədi, 5-ci yeri tutsaq da, bizi Premyer Liqaya buraxdılar. AFFA rəhbərliyi təklif etdi, biz də qəbul etdik. Əslində, çətin qərar idi, Divizionla elita arasında ciddi səviyyə fərqi var, uçurumdu. Biz komandanı bir ayın içində qurduq. Hətta futbolçular bizə gəlməyə tərəddüd edirdi. Cavid İmamverdiyevi transfer edib, niyyətimizin ciddiliyinin nümunəsini göstərdik, digərlərini layihəyə inandırdıq.

– Daha məşhur sima olan Marko Deviçin transferi də buna hesablanmışdı?

– Əlbəttə. Ümumiyyətl, onun gəlişi başqa bir tarixdi. Heç kim Deviçin Azərbaycana gələcəyinə inanmırdı. Maraqlı bir hadisə olmuşdu. Markonun fərdi məşqçisi var idi. Onlar Belqradda fərdi məşq edərkən söhbət edirmişlər. Həmin vaxt “Qarabağ” kiminləsə oynamalı imiş – Avropa Liqasında hansısa Polşa və ya Çexiya klubu ilə. Markoya o komandadan dəvət var idi. Qəflətən həmin klubda prezident dəyişdi, keçid alınmadı. Sonradan mənə danışırlar ki, məşqdə qaçırıq, söhbət edirik. Söz “Qarabağ”a gələndə dedik ki, Azərbaycan klubları pis deyil. Deviç Rusiyada problemlər yaşadığı üçün bu tərəflərə gəlmək istəmədiyini, Avropada oynamağa meylli olduğunu deyib. Məşq bitəndə artıq mənim zəngimə cavab vermişdi, telefonda 2 saata yaxın danışdıq. Təklif etdiyim məbləğ ovaxtkı “Sabah” üçün çox böyük, Deviç kimi futbolçu üçün kiçik məbləğ idi. Tərəddüd etdi, onu Bakıya dəvət etdim ki, gəlib öz gözüiləhər şeyi görsün. Gəldi və razılaşdıq.

– Beləcə “Sabah” böyüməyə başladı. İndi klubunuzun böyüdüyünü demək olar?

– Biz klub istəyiriksə, əsas komandayla iş bitmir, uşaq futbolu da inkişaf etməlidi. Bu səbəbdən mənim üçün uşaq komandalarının çıxışı da çox önəmli idi. Buna nail olmuşuq, aşağı yaş qruplarımız bütü yarışlarda liderlər qrupundadı. Deməli, 3-4 ildən sonra əsas komandada öz yetirmələrimiz daha çox olacaq. Onları yığmalarımıza, ümumiyyətlə, Azərbaycan futboluna qazandıracağıq. Vaxtilə “Bakı”nın, “Qəbələ”nin etdiyi kimi…

– Yusif İmanov kimi futbolçuların üzə çıxması həm də onu deməyə əsas verir ki, gəlcəkdə legioner sayı azalacaq. İstək budur?

– Əlbəttə. Maliyyə baxımından da irəli düşəcəyik, əcnəbilərə xərcimiz azalacaq. Bir məqamı da deyim: artıq futbolçular klub formasındakı emblemi Totti, Maldini kimi öpmürlər, klublara bağlılıq yoxa çıxıb. Həm də bu adət-ənəni saxlamağa çalışırıq, istəyirik kluba bağlı yetirmələrimiz olsun.

– Azərbaycan futbolunda birdən-birə peyda olub bir müddət dövran sürən, sonra isə kölgəyə çəkilən klublar çox olub. Adını çəkdiyiniz “Bakı” yoxdur, “Qəbələ” əvvəlki deyil. “Sabah”ı eyni aqibət gözləmir? Klubun maksimumu nədir?

– İstək var, elə dediyiniz klublarda da var idi. “Qəbələ” də daim uğurlu olmaq istərdi. Yəqin bəzi daxili məsələlər oldu ki, belə alındı. Biz komanda yox, klub yaratmağa çalışırıq. Futbolçu yetişdirmək, satmaq, “Qarabağ” kimi avrokuboklarda irəliləmək, sabitlik əldə etmək istəyirik. Buna illər lazımdı və davam etməyə hazırıq. Nəzərə alaq ki, klubun inkişafı təkcə büdcədən asılı deyil. Klubun büdcəsi təkcə əsas komanda üçün nəzərdə tutulmayıb. Bura akademiyanın da xərcləri daxildir. Nəzərə alaq ki, bizim klubda bu baxımdan akademiyaya xüsusi diqqət göstərilir. Bundan əlavə, əsas komanda və akademiya üçün yaxşı şəraitin yaradılması istiqamətində xərclənən vəsait var ki, fikrimcə, bu xərclər ayrı tutulmalıdı. Əsas komanda və akademiya üçün yaxşı şəraitin yaradılması çox vacibdir. Belə olduğu halda, oyunçular yalnız futbola köklənir ki, bu da, gələcək uğurlu nəticələr üçün çox mühüm nüansdır. Məsələn, bizim akademiyanın futbolçuları univeriumda məskunlaşıb ki, orada onlar üçün ən yaxşı şərait yaradılıb. Bu da onların tam olaraq özələrini inkişaf etdirməyə köklənməsinə zəmin yaradır. Lakin sırf maaşları nəzərdə tuturuqsa, büdcəmiz o qədər də böyük deyil. İnkişafımıza kifayət edən büdcədi, amma fantastik deyil.

– Ölkə klubları ilə müqayisə etsək, neçənci olarsız?

– Bunu demək üçün gərək digər klubların büdcəsini bilək. Düzdü, rəsmi olmasa da, eşidirik, hardasa xəbərimiz var. Buna əsasən, əsas komandanın maaşlarına ayrılan büdcəni götürsək, 2-4-cü yerlərdə olarıq, hətta ilk “üçlük”də. Biz iki ildir skautinqə yatırım edirik, ora da xərcimiz çıxır və qarşılığını alırıq. Aleksey Kaşuk, Boyan Letiç, Murad Musayev uzun axtarışların, skautinq xidmətimizin nəticəsidir. Bizdə bu iş alındı.

– Əslində, sizin indi topladığınız xal çempionluq xalıdır. Amma fərq ondadır ki, bu ölkədə “Qarabağ” var, əks halda xalınız ilk pillədə olmağa imkan verərdi.

– Biz təkcə “Qarabağ”la rəqabəti düşünmürük. Düzdü, fikrimiz bu klubla, eləcə də “Neftçi”ylə, “Zirə”ylə, “Qəbələ”ylə və digər klublarla rəqabət aparmaqdı, amma mövsümün sonunda sırf hansı pilləni tutacağımız barədə düşünmürük, buna köklənməmişik. Hədəfə pillə-pillə yaxınlaşırıq. Əlbəttə, hamı çempion olmaq istəyər, amma əsas olan düzgün işlər görüb klubu böyütməkdir. Musayevlə ilk görüşəndə ona demişəm ki, nəticə olmasa da, baxımlı, hücum futbolu görmək, öz stilimizin olmasını istəyirik. Komanda meydana loqosuz çıxanda da oyun tərzindən “Sabah” olduğunun anlaşılmasını arzulayırıq. İşlər düzgün qurulanda nəticə də gələcək.

– Əsas rəqiblərinizin duelində, bu tur baş tutacaq “Neftçi” – “Qarabağ” matçında kimə azarkeşlik edəcəksiz?

– Cavab verməyim düzgün çıxmaz. Avrokubokda hər ikisinə azarkeşlik edirəm. Bütün klublarımızın güclü olmasını, rəqabətin artmasını, futbolun inkişaf etməsini istəyirəm. Ümumi səviyyənin artması bizə yaxşı legioner gətirməkdə, oyunçu satmaq imkanlarının genişlənməsində yardım edəcək. Qurban Qurbanov yaxşı oyunçuları Azərbaycana gətirə bilməməkdən şikayət edir. Doğru deyir, buna görə ümumi səviyyəni qaldırmalıyıq. Elə futbolçular var ki, aşağı məbləğə Macarıstana gedir, bura gəlmir. Klubların, çempionatın səviyyəsi qalxsa, biz də maraq cəlb edəcəyik.

– Klubun böyüməyindən danışdıq. Amma bazanız yoxdur, klub Masazırdakı stadionda icarə əsasında oynayır. Bununla bağlı nə kimi planlarınız var?

– Artıq layihəmiz hazırdı, klubun bazasını yaxın 1-2 il ərzində tikəcəyik. Yeri müəyyənləşdirmişik, həll olunması gərəkən xırda detallar qalıb, onlar tam həllinin tapsın, açıqlayacağıq. Məşq meydançaları, oteli və s. olan yaxşı bazamız olacaq. Stadiona gəlincə, Masazır bizə doğmalaşıb, buradan getmək istəmirik. Avrokuboka çıxsaq, müəyyən planlarımız var. Hələlik Masazırdakı arenada müəyyən dəyişikliklər etməklə avrokubokda ilkin oyunlarımızı da bura salmaq istəyirik. Yerli camaatın kluba böyük dəstəyi var, bura öyrəşmişik.

– Amma icarədəsiz…

– Müqavilə zamanı çatdıqca yenilənir. Stadionun sahibləri sağ olsun, bizim buradan getməməyimiz üçün hər şəraiti yaradırlar. O qədər səmimiyyət var ki, müqavilələrimiz sözlə də həllini tapır. Stadion tikmək, başqa yerə köçməklə bağlı hansısa plan yoxdur. Amma bazayla bağlı addımlar atırıq.

– Amma sizin alternativ stadionunuz da var. “ASK Arena”ya köçmək istəmirsiz?

– Biz oranı sırf akademiya üçün icarəyə götürmüşük. Bütün yaş qruplarımız oradadı, kompakt iş görürük. Oradan “Vətən” və “Sabah”ın yaş qrupları uğurla istifadə edir.

– “Sabah” Futbol Klubudur, amma sizin artıq basketbol çempionatında da komandanız var. İdman klubuna çevrilmək, digər növlərə də nüfuz etmək niyyətiniz varmı?

– Ola bilsin. Bu barədə danışıqlarımız olub, amma hələ ciddi fikrimiz yoxdur. Hələlik gündəmdə deyil.

– Aleksey Kaşuk və Anatoli Nuriyev bəlkə də Azərbaycana gəlməzdi. Ukraynadakı müharibənin “Sabah”ın işinə yaradığı təəssüratı yaranır. Bu futbolçular sanki məcbur qalıb bura gəldi.

– Birinci il həqiqətən elə oldu, müharibə rolunu oynadı. Lakin bu mövsüm elə deyil. Kaşuk gördü ki, “Sabah” onun inkişaf edə biləcəyi klubdur, hər cür şərait var və gəldi. Nuriyevin gəlməsində də başverənlərin rolu oldu. Biz onunla “Sumqayıt”a gəlməmiş danışıq aparmışdıq. Amma həmin vaxt Ukrayna klublarından iki futbolçu götürmüşdük, bilirsiniz, limit var, daha çoxuna icazə vermirdilər. O zaman 2 ay qalmışdı, Anatoliyə təklif etdik ki, gəlib bizimlə məşq etsin, yayda heyətə götürək. Nuriyev futbol oynamaq istədiyini deyib “Sumqayıt”a keçdi, yayda isə bizə gəldi. Gəldi, hər şeyin normal olduğunu gördü, bizimlə olmağa razılaşdı. Klubun imici önəmlidi, Anatoli əmin oldu ki, “Sabah”da oynamaq olar.

– Onu “Sumqayıt”dan aldınız?

– Yox, anlaşması qısamüddətli idi, bizə azad agent kimi gəldi.

– Yenə Ukrayna müharibəsindən danışacağıq. Həmin ukraynalı futbolçular klubda rusiyalı məşqçi ilə işləyir. Münasibətlərdə problem yaşanmır?

– Heç bir problem yoxdur. Məşqçi və futbolçulara təşəkkür edirəm ki, siyasi məsələlər münasibətlərdə problem yaratmır. Bizdə Zurab Oçiqava da ukraynalıdı, Aleksey İsayev Rusiyada doğulub. Klub daxilində nəinki problem yoxdu, əksinə, ailə ortamı var, adını çəkdiklərimiz bir-biri ilə ən yaxın dostlardır.

– Bu mövsüm əvəzediciləriniz I Divizionda mübarizə aparmır. AFFA-ya müraciət edib imtina etdiz və qəbul olundu. Bu, davamlı olacaq, yoxsa qayıdacaqsız?

– Gedən söhbətlərdən, müzakirələrdən belə başa düşürəm ki, gələn mövsümdən əvəzedicilərin çempionatı Diviziondan ayrı keçiriləcək. Belə daha düzgündür. Əvəzedici heyət əsas komandayla əlaqəli olmalıdır. Zədədən qayıdanlar, heyətə düşməyənlər əvəzedicilərə göndərilməlidir, futbolçular orada formaya düşməlidir. Bizdə vəziyyət fərqlidi, əsas komanda həftəsonu, əvəzedicilər Divizionda həftənin ortası oynayır. Belədə rabitə itir, həftəlik tsikldə iş effekt vermir.

– Həm də Divizionda çıxış etməli olacaq oyunçularınız indi müxtəlif Premyer Liqa klublarında icarədədir, daha üst səviyyədə oyun təcrübəsi qazanırlar.

– Əslində, belə daha düzgündür. Futbolçumuz Kamran Quliyev Divizionda hər il 10-dan çox qol vururdu. O, Premyer Liqaya gəlmək üçün daha nə etsin? Bu oyunçunu Divizionda saxlaya bilməzdik, inkişafı üçün “Şamaxı”ya icarəyə verdik. Həm də bu nüansları düşündük. 8-ə yaxın oyunçumuz elita klublarında icarədədi, belədə onların daha yaxşı inkişaf etdiyini görürük. Limit var, daha çox oyunçunu icarəyə göndərə bilmərik. Bu səbəbdən bir neçə oyunçunu azad agent kimi buraxdıq və Divizionda oynayacaq heyət qalmadı. İmtina bununla bağlı idi. Əvəzedicilərin ayrıca yarışı keçirilsə, mütləq iştirak edəcəyik. Divizionda iştiraka görə AFFA zatən 200 min manat yardım edir, pulu alıb davam edə bilərdik, lakin biz uşaqların inkişafı üçün fərqli yolu məqbul bildik. Komanda xatirinə komanda saxlamaq düzgün deyil.

– Avrokubok heyətiniz hazırdırmı?

– Biz qısamüddətli müqavilələrin əleyhinəyik. Hazırda bütün futbolçularla uzunmüddətli müqaviləmiz var. Buna görə də avrokuboklara vəsiqə qazansaq, bu baxımdan heç bir problem yaşamayacağıq. Təbii ki, vəziyyətə uyğun olaraq müəyyən dəyişikliklər olacaq, lakin ciddi dəyişikliklər gözlənilmir.

– Bu mövsüm daha çox kuboka kökləndiyinizi demək olar?

– Əlbəttə. Amma daha çox hər növbəti matça hazırlaşırıq.

– “Sabah”ın ötən mövsüm hakimlərlə bağlı başı çox ağrıdı. Penaltiləri siz qeyd etdiz, başqa məqamlar da var. AFFA-da nə dəyişdi, kim dəyişdi ki, vəziyyət nisbətən düzəldi?

– Mən bunu o dəyişiliklərə bağlamıram. Əsas dəyişiklik odur ki, VAR gəldi.

– …Frits Stuxlik getdi, VAR gəldi…

– Bəlkə də qiymət vermək tezdi, amma yeni sədr Barış Şimşək özü haqda ilkin müsbət fikirlər yaradıb. Adekvat adamdır, ən azı çıxıb səhv etdiklərini deyə bilir. Anlayırsan ki, Hakimlər Komitəsinin daxilində də səhvin fərqindədirlər, düzəltməyə çalışırlar. Stuxlik isə həmişə deyirdi ki, “biz düz edirik”. Hər zaman çıxışının sonunda hakimlərin səhvlərinə hazır olmağımızı istəyirdi. İnsanıq, hamımız səhv edə bilərik, sadəcə, nəticələrini düşünməliyik. Səhv edən hakim növbəti tur təyinat alırsa, artıq bu, doğru deyildi, növbəti səhvlərə yol açırdı. Səhvləri müdafiə etmək yox, aradan qaldırmaq lazımdı. Səhvlər yenə olacaq, həyatdı, əsas odur qərəz olmasın. Dediyiniz dəyişikliklərdən sonra vəziyyət daha yaxşı görünür.

– Nümunə göstərə bilərsiz?

– VAR sisteminin gəlişi ilə hər şey yaxşıya doğru gedir. Təsəvvür edin, “Sabah”a bir mövsüm boyunca penalti verməmişdilər, VAR gələndən sonra “Neftçi” ilə ilk matçda lehimizə 3 penalti təyin edildi. Biz 2 ilə o qədər penalti vurmamışdıq, olmuşdu, verməmişdilər.

– İntizam Komitəsinin sizinlə bağlı bir neçə cəza qərarı apellyasiya şikayətindən sonra ləğv edilib. Əvvəllər belə şey olmazdı. Siz hətta İcraiyyə Komitəsinin limitlə bağlı qərarlarını dəyişdirmiz klubsuz.

– Tək bizi eşitmədilər. Klublar Komitəsində müzakirələr aparırdıq. O zaman hələ 8 klub idi, daha ikisinin gələcəyi deyilirdi. Müzakirələr vaxtı 8 klubdan 7-i dəyişikliyi istəyirdi. Sonra gözlənilmədən başqa qərar verildi.

– Və sonra siz müsahibə verdiz, Qurban Qurbanov etiraz etdi. Nəticədə bir ay sonra İcraiyyə Komitəsi yığışıb qərarı dəyişdi…

– Əsas odur ki, bizi eşitdilər. Hamımız görürdük ki, süni qadağalar inkişafa kömək etmir. Gənc futbolçu üçün heyətdə qanunla yer açmaq lazım deyil, onlar özü bunu qazanmalıdır. Ceyhun Nuriyev, Yusif İmanov bu gün bizdə əsas heyətdə oynayır – limitlə yox, layiq olduqları üçün. 10 ildi bu limitlə oynayırdıq, nə xeyri var idi?

– Amma o da var ki, legioner limiti ilə bağlı dəyişiklik hiss olunmur. “6+5” “7+4”-ə çevrildi, amma klublar bəzən heç meydana 6 əcnəbi də buraxmır, daha azından istifadə edir.

– Əlbəttə. Limitlə sərhədlər qoymaq lazım deyil, kim yaxşı olacaqsa, o da oynayacaq. Ümumiyyətlə, limit olan ölkələrdə inkişafla bağlı ciddi problemlər müşahidə olunur.

– Son matçınız Tovuzda idi. Bu rayonun təmsilisində bir neçə futbolçunuz icarədədir. Həmin oyunçuları izləyirsizmi, inkişafları sizi qane edirmi?

– Həmin futbolçuları göndərməmiş “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasovla danışdıq. Məni inandırdı və rahatlıqla futbolçularımızı verdik. Veysəl Rzayevdə, Şakir Seyidovda inkişaf görünür. Ümumiyyətlə, Tovuz klubunda görülən işlər çox xoşuma gəlir.

– İcraiyyə Komitəsində klublar üçün kvota var. Amma nədənsə orada əksər vaxt aparıcı klublar təmsil olunmur. “Qarabağ” kənarda qalıb, “Sabah”dan kimsə yoxdur…

– Doğrusu, prosedurla maraqlanmamışam. Sırf “Sabah”ın təmsilçisinin olmasını istəmirəm, amma klubların sözünü deyən insanlar da tərkibdə yer almalıdı. O zaman Klublar Komitəsində təklif də vermişdim ki, seçdiyimiz sədr İcraiyyə Komitəsində olsun. Belə olada İK-da bizim sözümüzü deyən, problemi qabardan biri olacaq. İndi sədr Fariz Nəcəfovdu, dünən başqası idi, sabah digər biri olacaq. Yaxşı olardı bizim ümumi nümayəndəmiz orada təmsil olunsun. Onu da əlavə edim ki, son vaxtlar Klublar Komitəsinin fəaliyyətində müsbət irəliləyiş var. Bütün klubların təmsilçiləri arasında ünsiyyət çox yaxşıdır. Hər kəs komitənin iclaslarında fəal iştirak edir. AFFA və PFL-ə təkliflərin verilməsində fəallıq müşahidə edilir.

Futbolinfo.az

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar