“Macarlar “Qarabağ”dan çəkinirlər” - Dünya və Avropa çempionu
Gənclər arasında dünya (1987) və Avropa çempionu (1988) Arif Əsədov Sports.az saytına müsahibə verib. Milli komandamızın məşqçisi sabiq komandaları “Qarabağ” və “Neftçi”nin avrokuboklardakı çıxışını dəyərləndirib, eyni zamanda avqustun 5-də start götürəcək Azərbaycan Premyer Liqasının 2022-23 mövsümü ilə bağlı düşüncələrini bölüşüb.
- “Qarabağ” Çempionlar Liqasında artıq iki mərhələ keçib. “Lex” və “Sürix”lə oyunları necə dəyərləndirərdiniz?
- Hələ mövsümün startından əvvəl deyirdim ki, “Qarabağ” yaxşı başlayacaq. Çünki, əvvəlki illərlə müqayisədə bu dəfə heyəti tam qoruya bilmişdi. Yalnız Patrik Andrade ayrılmışdı, onun da yerinə oyunçu alınmışdı. Heyət tam komplektləşib, oyun üslubu oturuşub. Buna görə də, hər iki mərhələdə çətin rəqiblər düşməsinə baxmayaraq, onları məğlub etməyi bacardı. “Qarabağ” artıq Avropanın orta səviyyə həddini keçib, böyük klub olmağa doğru irəliləyir. Həm “Lex”, həm də “Sürix”lə matçları yüksək səviyyədə keçirdilər. Xüsusən son görüşü qeyd eləmək lazımdır. “Qarabağ”da komanda xarakteri formalaşıb. Adətən rəqib qol vuranda, hesabda geri düşəndə hansısa aparıcı futbolçunun yoxluğu təsir göstərir. “Qarabağ” isə “Sürix”lə oyunda hesabda geridə olarkən belə, bir neçə oyunçusu zədələnsə də, xarakter nümayiş etdirdi.
- Növbəti mərhələdə “Ferentsvaroş”la qarşılaşacaq “Qarabağ”ın heyətində ciddi itkilər var. Bu amil komandaya mane olmaz?
- Mərhələ adladıqca komandalar ələnir və daha güclülər qalır. “Ferentsvaroş” da güclü rəqibdir. Oyununu tam görməsək də, statistik göstəriciləri belə deməyə əsas verir. Həm də Stanislav Çerçesov kimi ambisiyalı baş məşqçiləri var. Komandalarını nəticəyə oynadan çalışdırıcıdır. “Ferentsvaroş” çətindir, amma keçilməz də deyil. Yeganə problem zədəlilərin olmasıdır. Kevin Medina, Riçard Almeyda və Kadi Borgesin yoxluğu ciddi itkilərdir. Xüsusən də, Kadi əla formadadır, hər oyunda fərqlənir, vacib qollarla komandaya qələbələr qazandırır. Onların yoxluğu evdəki ilk matçda təsirini göstərə bilər. Amma “Qarabağ” dediyim komanda xarakteri hesabına bu mərhələni də keçə bilər.
- Rusiya futbol ictimaiyyətinin fikrincə, “Ferentsvaroş”u Çerçesovun çalışdırması Macarıstan klubu üçün bu cütlükdə üstünlükdür. Sizcə, “Qarabağ” sırf bu səbəbdən rəqibdən çəkinməlidir?
- Onlarda Çerçesovdursa, bizdə də Qurban Qurbanovdur. Çerçesov daha çox Rusiya millisində dünya çempionatından sonra özünü tanıtdıra bildi. Ancaq Qurban Qurbanov 10 ildən çoxdur “Qarabağ”a rəhbərlik edir və nəticələri də göz önündədir. Hətta Qurbanov təcrübədə Çerçesovdan üstündür. Düzdür, rusiyalı ambisiyalıdır, xarizması var. Komandasını rəqibə qarşı yaxşı motivasiya edə, futbolçularına müsbət mənada təsir göstərə bilər. Qurbanov isə təmkinli, sakit olması, rəqibi düzgün analiz etməsi, ağıllı düşüncələri ilə həmkarını üstələyə bilər. Fərqli xarakterə malik məşqçilərdir. Çerçesovun vaxtında Rusiya millisi ilk vaxtlar yoldaşlıq görüşlərində çətinlik çəkirdi, zəif nəticələr göstərdilər. Çox tənqid olunurdu, yerli ictimaiyyət düşünürdü ki, ondan nəsə çıxmaz. Futbolda həm məşqçinin bəxti gətirməlidir, həm başlanğıc yaxşı olmalıdır. Bəzən gözlənilməz, təsadüfi uğurlar ola bilər.
- Yəni “Qarabağ” “Ferentsvaroş”dan yox, “Ferentsvaroş” “Qarabağ”dan qorxsun?
- Əlbəttə. Onlar “Qarabağ”ın son nəticələrini görməli və ondan qorxmalıdırlar. İstər Rusiya, istərsə də Macarıstan mətbuatında yayılan məlumatları izləyirəm. Görürəm ki, onlar “Qarabağ”dan çəkinirlər. Hamısı başa düşür ki, “Ferentsvaroş”a çox çətin olacaq. Heç biri əminliklə deyə bilmir ki, “Qarabağ”ı keçəcəklər.
- Çerçesovla əlaqəniz var?
- O məndən böyükdür. Çerçesov Moskva “Spartak”ında oynayanda Renat Dasayevin əvəzedicisi sayılırdı. Mən də “Neftçi”də idim. Əvəzedici heyətlərin oyunları vaxtı rəqib olmuşuq. Heç bir münasibətimiz olmayıb.
- “Neftçi” Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Aris”ə Kiprdə 0:2 hesabı ilə məğlub olsa da, cavab görüşündə geridönüş etdi, 3:0-lıq qələbə ilə mərhələ adladı. Komandanın bir həftə ərzində iki çox fərqli matç keçirməsinin səbəbini nədə görürsünüz?
- Ümumiyyətlə, püşkatmadan sonra iki komandamızın mərhələ adlamaq şansı 80-90 faiz göstərilirdi. Onlar da “Qarabağ”la “Neftçi” idi. Sadəcə, “Neftçi”nin Kiprdəki oyunu ictimaiyyətdə mənfi rəy formalaşdırdı. İlk oyundakı zəif performansın müxtəlif səbəbləri ola bilər. Baş məşqçi yenidir, heyətdə dəyişikliklər var, bir-birlərinə hələ öyrəşməyiblər. Bütün bunların təsiri oldu. Ancaq cavab qarşılaşmasında komanda xarakter nümayiş etdirdi, 0:2-ni çevirmək “Neftçi”nin potensialını və iddialı olduğunu göstərdi.
- Yəni əsl “Neftçi”ni cavab oyununda gördük?
- Məncə, bəli. Hətta düşünürəm ki, “Neftçi” öz oyununu hələ tam tutmayıb, əsl gücünü göstərməyib. Yeni transferlər də getdikcə açılışırlar. Məsələn, hücumçuları Qodsvey Donyonun qol vurması, epizoda girməsi səviyyəsini göstərir. Təkbətək epizodlarda müdafiəçini aldatması hücumçu üçün əlavə üstünlükdür. Yeni transferlər ustalıq baxımından seçilirlər. Ancaq yenə də onlara vaxt lazımdır.
- Yəqin razılaşarsınız ki, növbəti mərhələdəki rəqib Vyana “Rapid”i “Aris” kimi, hər səhvi bağışlayacaq səviyyədə deyil?
- Tam razıyam. “Rapid” adlı-sanlı klubdur, vaxtilə avrokuboklarda daim iddialılar sırasında olub. Ona görə “Neftçi” üçün çətin olacaq. Avstriya klubu səhvləri artıq bağışlamayacaq. “Rapid” elə rəqib deyil ki, ilk matçda 0:2 uduzsan, cavab görüşündə 3 cavabsız qol vura biləsən. Tərəflərdən birinin minimal üstünlüyü bu cütlüyün taleyini həll edəcək. “Neftçi” evdə üstünlük qazanmalıdır ki, rəqib meydanında bundan bəhrələnsin.
- Dörd klubumuz artıq rəsmi oyunlar keçirib. Azərbaycan millisinin məşqçisi kimi, yerli futbolçuların çıxışı barədə nə deyə bilərsiniz?
- Millinin üzdə olan futbolçularını izlədik, oyunlarına baxdıq. “Qarabağ”da Ramil Şeydayevin çıxışını qeyd eləmək olar. Son vaxtlar istədiyimiz Şeydayevi görməyə başlamışıq. Hücumların sonluğunu da gətirə bilsə, qol epizodlarından yararlansa, həm “Qarabağ”, həm də milli üçün böyük üstünlük olar. Maksim Medvedevin xroniki zədəsi var, oyunların sonlarında həmişə bu büruzə verir. O da hər zamankı kimi stabil oyun göstərir. Şahruddin Məhəmmədəliyev uğurlu çıxış edir. Bədavi Hüseynovun dönüşü, “Sürix”lə çətin səfər qarşılaşmasında Bəhlul Mustafazadə ilə uğurlu tandem təşkil eləməsi diqqətdən yayına bilməz. Hər iki mərkəz müdafiəçisi zədə üzündən əvəzlənsə də, komanda heç bir problemlə üzləşmədi. Əksinə, inamlı çıxışla istədikləri nəticəni qazandılar. Cavanlardan Toral Bayramov yavaş-yavaş formaya düşür. Digər klublardakı yerlilərin çıxışı da nəzərimizdədir. Bundan başqa, Mahir Emrelinin zədəsini sağaltması, qolla dönməsi də sevindiricidir. Renat Dadaşovun da fərqlənməsi təqdirəlayiqdir. Yəni təkcə buradakıları deyil, xaricdə çıxış edən oyunçuları da izləyirik.
- Həftəsonu Premyer Liqa start götürür. Komanda sayının artması millinin məşqçiləri kimi, sizə daha geniş seçim imkanı verəcəkmi?
- Həmişə demişik ki, nə qədər çox komanda olsa, futbolçu sayı da artar. Belədə seçim imkanı da geniş olur. Bu baxımdan say artımını müsbət dəyərləndirirəm. Yeni mövsümü səbirsizliklə gözləyirik. Maraqlı çempionat izləyəcəyimizi düşünürəm. Avrokuboklardakı klublarla yanaşı, “Sumqayıt”ın, “Kəpəz”in, “Səbail”in buradakı bir yoxlama oyununu izləmişəm. Həmin vaxt hazırlığın hələ ilk mərhələsi idi. Artıq çempionat başlayır, klubların indi hansı formada olduğu maraqlıdır.
- Digər tərəfdən “Turan Tovuz”, “Kəpəz”, “Sumqayıt”, “Şamaxı” kimi komandaların futbolçuları yığmanı nə dərəcədə gücləndirə bilər?
- Biz futbolçuları komandalarına görə bölmürük. Ola bilsin ki, kiminsə klubu son pillədə gedir, amma oyunu ilə milliyə layiqdir. Bizim üçün önəmli olan oyunçunun fərdi göstəriciləridir. Hər birinə də yığmanın qapıları açıqdır. Bəzi klublar yerli gənclərə üstünlük verirlər. Limit dəyişikliyindən sonra yüksək yerlər uğrunda mübarizə aparanlar daha çox əcnəbilərdən istifadə edə bilər. Amma ikinci “beşlik”dəkilər daha çox perspektivli gənclə şans verəcəklər. Komandaların hansı təbəqəyə bölünəcəyini gedişatda görəcəyik.