"İlham Əliyev olmasaydı indi yaşamırdım" - əfsanəvi idmançı
Olimpiya Oyunlarında ilk dəfə Azərbaycan bayrağını dalğalandıran və himnimizi səsləndirən idmançının doğum günüdür. Həm də onun bu tarixi uğur qazanmasından 30 il keçir.
Sports.az bu əlamətdar gündə Olimpiya çempionumuzu unuda bilməzdi. Nazim Hüseynovla müsahibəni təqdim edirik.
- Nazim müəllim, 53 yaşınız münasibətilə sizi ürəkdən təbrik edirik, ən xoş arzularımızı çatdırırıq. Keçmişə boylananda nələr görürsünüz?
- Təşəkkür edirəm. Keçmişə baxanda xoşbəxtlik, qürur hissi görürəm. Düzdür, torpaqlarımız işğal olunan vaxt “partlayış” edərək Avropa və dünya çempionatlarında medallar qazandım, Olimpiya çempionu oldum. İlk uğurum 1991-ci ildə Barselonadakı dünya çempionatında olub, o da anamın ad gününə təsadüf edib. Bir neçə ay sonra Ulu Öndərimiz Heydər Əliyevin doğum günündə Avropa çempionu, daha sonra öz doğum günümdə də Olimpiya çempionu oldum. Özümü xoşbəxt hiss edirəm ki, ölkəmin ən çətin vaxtlarında Azərbaycan bayrağını dalğalandırmışam. Artıq torparlarımız da işğaldan azad olunub. Belə demək mümkünsə, 1992-ci ildə Olimpiya çempionluğuma qol çəkdim, Ali Baş Komandanımız İlham Əliyev isə 44 günlük müharibədə torpaqlarımızı düşməndən xilas edərək möhür vurdu. Bu günü gördüyüm üçün çox xoşbəxtəm. Bütün idmançılarımıza Olimpiya zirvəsinə qalxmağı arzulayıram.
- Maraqlıdır, sizi ilk təbrik edən kim oldu?
- İlk olaraq bir gün əvvəl Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu təbrik elədi. Bu gün gənclər və idman naziri Fərid Qayıbov zəng vuraraq təbriklərini çatdırdı. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Fərid Mansurov, Zemfira Meftahəddinova, Namiq Abdullayev, Elnur Məmmədli və bir çox tanınmış simalar təbrik elədi. Bizdə “Olimpiya qrupu” var, orada hamı təbrik elədi. İndiyə qədər təbriklər dayanmır. Bu gün də federasiyanın təşkilatçılığı ilə yığıncaq olmalıdır.
- Ad günlərinizdə aldığınız ən yaddaqalan hədiyyə hansıdır?
- Ən yaddaqalan hədiyyəni özüm eləmişəm. Bu da Olimpiya zirvəsinə qalxmağım idi. Çox şadam ki, Azərbaycan bayrağını Olimpiya oyunlarında ən yüksəl zirvəyə ilk qaldıran idmançı oldum.
- Artıq qocaldığınızı hiss edirsiniz, yoxsa hələ də özünüzü cavan ruhda sayırsınız?
- 53 yaşım olmasına baxmayaraq, hələ də güləşməyə meyilliyəm. Neçə yaşım olur-olsun, o hiss heç vaxt canımdan çıxmaz. Düzdür, yaş öz sözünü deyir. Amma yenə də ürəklə güləşərəm.
- Cüdoya gəlişiniz necə baş verib, bu idman növünə həvəsiniz nədən yaranıb?
- Uşaqlıqdan davakar olmuşam. Məhlədə 10-12 nəfər yığışıb ya topdan, ya dondurmadan, ya qarpızdan mərcə girib güləşirdik. 4-cü sinifdə oxuyanda, yəni 11 yaşımda “Cüdo dahisi” adlı filmə baxanda bu idman növünə həvəsim yarandı. 1980-ci ildən də cüdo ilə məşğul olmağa başladım.
- Bəs ailədə cüdoya eyni sevgi ilə yanaşan, yolunuzu davam etdirən varmı?
- Oğlum yolumu davam etdirirdi, amma indi polisdə işləyir. Komanda yarışında Avropa çempionu olmuşdu. Gənclər arasında beynəlxalq turnirlərin qalibi də olub. Amma sonra ağırlıq qaldıranda belində yırtıq əmələ gəldi. Ona görə karyerasını başa vurdu. Açığı, Olimpiya çempionunun oğlu olması da ona çətinlik törədirdi. Çünki, hamının diqqəti onda idi, özünü narahat hiss edirdi. Ondan başqa iki qızım var. Qızlarımın da cüdoya həvəsi var idi, amma onlara icazə vermədim.
- Tatamidə olduğu kimi, həyatda da “ippon”larınız çox olub?
- Həyatımın ən böyük “ippon”u kimi ailə həyatı qurmağımı göstərə bilərəm. Olimpiadadan əvvəl nişanlı idim, dedim ki, medalla dönüm, gözəl toy edəcəyəm. Arzuma da çatdım. O vaxt Azərbaycanda çətin vaxtlar idi, xaos yaranmışdı. Şadlıq evləri yox idi, 1-2 restoran var idi. İndiki “Hilton” oteli həmin vaxt “İnturist” adlanırdı. Orada toy eləmək istəyirdim, arzum da reallaşdı. Bundan başqa, ölkə başçımız İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçiləndən sonra 2000-ci ildə məni qəbul elədi, mənzil verdi. Həmin vaxt vəziyyətim çox pis idi. Onun hədiyyəsi də məni ruhlandırdı.
- Bəs həyatın sizə hansı “ippon”unu özünüzə bağışlaya bilmirsiniz?
- Düzü, heç kimi günahlandırmaq istəmirəm, birinci günahı özümdə görürəm. Hər adamın başına gələ bilər. Ətrafdakıların, dostların üzünə baxırsan, nur yağır. O vaxt mən də bu cür problem yaşadım. 1996-cı ildəki ikinci Olimpiadanın da qalibi ola bilərdim. 1993-cü ildən sonra, demək olar ki, məşq eləmirdim. Çox yox, özümü 50 faiz məşqlərə kökləsəydim, ikiqat Olimpiya çempionu olardım. Dost çox, hamının da vəziyyəti pis idi. Başım qarışdı yeyib-içməyə. Elə səhhətim ondan sonra pisləşməyə başladı, qara ciyərimdə problem çıxdı. Həmin günlərə görə peşman olmuşam. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiya tərəfindən köməklik oldu, ölkə başçısının tapşırığı ilə məni müalicəyə göndərdilər. Prezidentimiz İlham Əliyev olmasaydı, mən indi yaşamırdım. Vəziyyətim çox pis idi. Allaha şükür, indi özümü gümrah hiss edirəm, yaşayıram.
- Hələ də həyata keçirə bilmədiyiniz bir arzunuz varmı?
- İnandırım sizi, bəzi imkanlı şəxslər həyatdan istədikləri kimi həzz ala bilmirlər. Çünki hər şeydən doyublar. Məsələn, ev və ya avtomobil almaq onlar üçün adi şeydir. Ancaq bizə ev hədiyyə olunanda çox sevinirik.
- 1992-ci ildə Barselonadakı XXV Yay Oyunlarında qızıl medal qazanmağınızdan da 30 il keçir. Həmin yarışı necə xatırlayırsınız?
- Lent kimi gözümün önündədir. Həmin il mayın 10-da Avropa, avqustun əvvəlində isə Olimpiya çempionu oldum. O dövrdə 6-7 çəki dərəcəsindəki idmançılar arasında fərqlənərək, Avropanın ən güclü cüdoçusu seçildim. Olimpiadada 6 görüş keçirdim. İlk iki güləşim bolqarıstanlı və qvineyalıya, üçüncü duelim isə dəfələrlə Avropa, dünya çempionatlarının medalçısı olmuş italiyalıya qarşı oldu. Dördüncü rəqibim monqolustanlı idi. O da sambo üzrə üçqat dünya çempionu olmuş, 1989-cu ildə isə cüdoda bürünc mükafata yiyələnmişdi. Onu da məğlub elədim. Yarımfinalda yaponiyalı dünya çempionu ilə qarşılaşdım. Hansı ki, bir il əvvəl mundialın yarımfinalında ona cüzi fərqlə uduzmuşdum. Olimpiadada revanşı aldım. İki dəfə “ippon”a atsam da, mənə təmiz qələbə vermirdilər. Zala toplaşan tamaşaçılar üçün bizim görüş böyük maraq doğurduğundan, hakimlər tez bitirmək istəmədilər, sona qədər bizi güləşdirdilər. Yəni azarkeş marağına görə görüşümüzü uzatdılar. Yapon rəqibim hətta iki dəfə qolumu sındırmaq istədi, imkan vermədim. Həmin görüşdən sonra yaponlar mənə “Azərbaycan pələngi” ləqəbi qoydular. Finalda isə cənubi koreyalı cüdoçu ilə sona qədər güləşdim və qalib gəldim. Həmin görüşlər mənim üçün qızıl xatirələrdir.
- Müstəqil Azərbaycanın birinci Olimpiya çempionu olmaqla ilk dəfə Azərbaycan himni sizin sayənizdə səslənib, bayrağı dalğalanıb. Ancaq həmin vaxt MDB adı altında çıxış etdiyiniz üçün rəsmi olaraq ilk Olimpiya çempionu Zemfira Meftahəddinova sayılır. Bu amil sizi məyus etmir?
- Xeyr, məyus eləmir. Cənab İlham Əliyev 2000-ci ildə məni qəbul edəndə dedi ki, siz müstəqil Azərbaycanın ilk üç Olimpiya çempionusunuz. Bildirdi ki, birinci çempion sənsən, daha sonra Zemfira Meftahəddinova və Namiq Abdullayev. MDB adı altında çıxış etsək də, Azərbaycan bayrağını ilk dalğalandırmaq mənə nəsib olub. O vaxt Olimpiadaya vəsiqə qazanmaq da çox çətin idi. Çünki MDB-də 15 ölkənin nümayəndələrini qabaqlamalı idin. Onu da qeyd edim ki, Olimpiadanın açılışında arenaya çıxanda Azərbaycan bayrağını mən daşıyırdım. İrəlidə MDB-nin bayraqdarı, arxası ilə də digər 12 ölkənin bayraqdarı gedirdi. Mən də Azərbaycan bayrağını daşıyırdım. Düzdür, 1996-cı ildə də bayraqdar mən idim. Amma yuxarıda dediyim hadisələrə görə, həmin yarışa hazır deyildim.
- Bakıda anadan olsanız da, əslən Qusardansınız. Heç oradan cüdo məktəbi açmaq fikrinə düşməmisiniz?
- Qusarda yox, Bakıda bunu çox istərdim. Bununla bağlı proses gedir. Ümid edirəm ki, bu istəyim də reallaşar.
Sports.az əvsanəvi idmançımızı təbrik edir, sağlam və xoşbəxt həyat, idmanımızın inkişafı naminə fəaliyyətində uğurlar arzulayır!