"Qarabağ" bu gün qalib gələcək və yekunda mərhələ keçəcək" - Ponomaryov Ponomaryova cavab verdi
Sports.az Azərbaycanın futbol üzrə yeganə Olimpiya çempionu, "Sabah"ın idman direktoru və bu klubun U 19 komandasının yeni baş məşqçisi İqor Ponomaryovla müsahibəni təqdim edir.
- Rusiyalı veteran futbolçu Vladimir Ponomaryov deyib ki, "Ferentsvaroş" "Qarabağ"ı məğlub edəcək. Bu haqda siz nə düşünürsünüz?
- Mən başqalarının fikirlərinə şərh vermək istəmirəm. Sadəcə, deyə bilərəm ki, "Qarabağ" bu gün qalib gələcək. İki oyunun yekununda isə biz mərhələ keçəcəyik. Buna əminəm!
- "Neftçi"nin "Rapid"lə oyunu haqda da fikrinizi bilmək maraqlı olar.
- "Aris"lə oyunları izləmişəm. Bizimkilər Kiprdə zəif, evdə isə bir qədər daha yaxşı oynadılar.
"Rapid" ənənəsi olan və kifayət qədər sanballı komandadı. Amma "Neftçi"nin də ənənəsi və yetərincə yaxşı futbolçuları var. Birmənalı şanslarımız var. Rəqib bəlkə də azacıq güclüdü. Amma "Neftçi" doğma azarkeşlər önündə daha yaxşı və uğurlu olacaq. Komandaya azarkeşlik etmək lazımdı. İlk növbədə beyində, fikirdə qalib gəlmək lazımdı. Elə düşüncə olmasın ki, onlar bizdən güclüdü. Hər zaman özünə inanmaq, güvənmək lazımdı. Əgər futbolçularda bu inam olsa biz qalib gələcəyik.
- Növbəti mövsüm "Sabah"ı da Avropa meydanlarında görə biləcəyikmi? Ümumiyyətlə, klubun hədəfləri nədi?
- Ən yüksək hədəflər uğrunda mübarizə aparmaq istəyirik. Başqa cür mümkün də deyil. Biz həm avrokuboklara yüksəlmək, həm də çempion olmaq istəyirik. Bu istiqamətdə çalışırıq, işləyirik. Düşünürəm ki, istər futbolçuların, istərsə də baş məşqçimizin
potensialı kifayət qədər yüksəkdi. Murad Musayev gənc, perspektivli mütəxəssisdi. Ötən il yaxşı işlər gördü. Ümid edirik ki, bu il də buna davam edəcək. Gözəl heyətimiz var. Məşqçimiz komandamızın mövsümə əla formada daxil olmasına çalışıb. İnanırıq ki, həm çempionatda, həm də kubokda yaxşı işlər görüb, ən yüksək nəticələri qazanmağı bacaracağıq.
- Bir neçə gün öncə həm də "Sabah"ın U 19 komandasına baş məşqçi təyin olundunuz. Ümumiyyətlə, klubunuzun akademiyası hazırda Azərbaycanda ən yaxşıdır. Burda əsas hədəf nədi?
- Bəli, artıq "Sabah"ın U 19 komandasına rəhbərlik edirəm. Bu yaşda uşaqlar əsas komandada oynamağa çalışmalı, bütün fikirləri bu yöndə olmalıdı. Bu mənada futbolçularımın istəkləri və düşüncələri məni qane edir. Anlayırlar ki, artıq əvəzedici heyətə keçməyə ehtiyac yoxdu, birbaşa əsas komandada məşq edə, təcrübə qazana və oynaya bilərlər. Bu onlar üçün böyük futbola ilk iri addım olar. Məqsədimiz birinci yer uğrunda mübarizə aparmaqdı. Çünki, bu yer UEFA U 19 Çempionlar Liqasına vəsiqə verir. Uşaqlar məmnuniyyətlə məşq edirlər. Rəhbərliyimiz də sağ olsun, akademiya üçün yaxşı şərait yaradıb, yaxşı stadionda məşq etmək, oynamaq imkanımız var.
- SSRİ çempionatları tarixinə penalti rekordçusu kimi düşmüş biri kimi necə düşünürsünüz, futbolçularınız heç olmasa "11 metrə"ni normal vura bilir?
- Əlbəttə vura bilirlər. Məşqdə hamı vura bilir. Amma çətin məqamda, oyunda əsəbi möhkəm futbolçunu tapıb bu işi ona etibar etmək lazımdı. Yəni artıq burda əsas məşqçinin düzgün seçim etməsidi. Ümumiyyətlə, yorulmadan, usanmadan işləmək lazımdı. Hədəfimiz yalnız 1-ci yer tutmaq deyil, uşaqları yetişdirmək, onların inkişafı üçün şərait yaratmaqdı ki, əsas komandaya düşsünlər. Bu bizim başlıca məqsədlərimizdən biridi.
- Ümumiyyətlə, Azərbaycan futbolunun perspektivlərini necə görürsünüz?
- Yüksək liqada komandaların sayının artması çox böyük üstünlükdür. Bu o deməkdir ki, gənclərimizin oynamaq, özünü göstərmək şansı var. Əgər yüksək liqaya daha çox komanda cəlb etmək imkanı olsaydı, lap əla olardı. Əsas odur artıq bu proses başlayıb.
Uğur qazanmaq üçün daha çox məşq etmək lazımdır. İndi belə bir tendensiya var, gündə cəmi 1 dəfə məşq edirlər. Amma mənə elə gəlir ki, bu azdır. Çünki, bizim futbolçularda çoxlu çatışmazlıqlar var. Fiziki cəhətdən çatdırmırıq. Bunu "Zirə", "Qəbələ" və "Neftçi"nin avrokubok oyunlarında da müşahidə etmək olardı. İlk növbədə bu istiqamətdə ciddi iş görülməlidi. Bundan sonra taktiki, komanda oyunu, futbolçuların fərdi keyfiyyətləri üzərində işə keçmək lazımdı.
- Azərbaycandan dünya səviyyəsində oyunçuların çıxması üçün nə çatmır?
- Dediyim kimi ilk növbədə daha çox işləmək. Futbolçularımız nail olduqları ilə kifayətlənməməlidi. Daha çox işləyib, ilk imkanda xarici klublara gedib ölkəni layiqincə təmsil etməlidlər. Bu onların inkişafı üçün böyük təkan verəcək. İdman karyerası elə də uzun deyil. Adama elə gəlir ki, 30-35 yaşacan oynayacaq. Amma vaxt çox tez keçir. Bizim 17-18 yaşlılar fikirlərşir ki, cavanam, əsas komandaya düşməyimə hələ çox var. Amma elə deyil. Bu yaşda birinci heyətə düşürsən və 1-2 il ərzində ya oynayırsan, ya da vəssalam... Bu dövrü, məqamı əldən qaçırtmaq olmaz! Əksinə, mümkün qədər çox işləyib fiziki durumunu, nəzəri, taktiki biliyini inkişaf etdirməlisən. Bu çox vacibdir. Onda bəlkə bizdən də siz deyən səviyyədə futbolçular çıxa. Sevimli işimizə real yanaşmalıyıq. Vaxt keçir və baxırsan ki, 1-2 ili buraxdın, hər şey bitdi... Sonra deyirsən ki, kaş onda daha çox məşq edəydim. Hətta, əsas heyətə düşənlər daim öz üzərlərində işləməli və sübut etməlidilər ki, mən başqalarından daha yaxşıyam. Ən önəmli məsələdi! Bu yolda bütün gənc futbolçularımıza uğurlar arzulayıram.