“Qarabağ”ın rəhbərləri ağıllı, bacarıqlı, keyfiyyətli insanlardı” – Qurban Qurbanov

Təxminən 24-25 il əvvəl rusiyalı jurnalistlərə “Не Курбан Курбанов, а Гурбан Гурбанов. Пишите правильно” (“Kurban Kurbanov yox, Qurban Qurbanov. Düz yazın”) deyəndə yəqin ki, nə vaxtsa tək Rusiyada yox, bütün qitədə ən azı, idman jurnalistlərinin onu tanıyacağını, adını düz yazmağı bacaracağını, özünün isə Çempionlar Liqasının qrupuna baş məşqçisi olduğu Azərbaycan komandasını yüksəldəcəyini ağlına gətirməzdi.

Bu ay 24 ili tamam olan idman jurnalistikası karyeramda onunla ikinci geniş müsahibəmdi. Zarafatla "Mənim günahımdı?" deyir. 

İlk dəfə Rusiyada legioner həyatı yaşayan zaman millinin oyunu üçün Bakıya gələndə Yasamalda köhnə çörək zavodunun yanında elə öz avtomobilində söhbətləşmişdik. O vaxtdan oturuşuna, duruşuna, sözünə, davranışına fikir verən idi. Həmçinin, futbolçu karyerasına başladığı gündən hamıdan çalışqan olub. Bunu "Neftçi"də oynamış veteran futbolçu Vladislav Qədirov mənə danışmışdı.

Qurban Qurbanovla müsahibəni Antalyada götürməli idim. Ötən ay Etopaz-ın təşkilatçılığı ilə bir qrup idman jurnalisti, o cümlədən mən qardaş ölkədə təlim-məşq toplanışında olan komandalarımızı izləməyə yollanmışdıq. Orda "Qarabağ"ın mətbuat katibi Gündüz Abbaszadə ilə razılaşdıq ki, yanvarın 17-də "hocayla" (klubda ona hamı belə müraciət edir) müsahibə götürüm. Yanvarın 16-da - "Gent"lə Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan düz 1 ay əvvəl əsas qapıçı Şahruddin Məhəmmədəliyevin qolu sındı. Ertəsi görüşsək də, müsahibə alınmadı. Nəhayət, həmin gün fevralın 5-i yetişdi. Artıq "Qarabağ" Konfrans Liqası üçün iştirak ərizəsini də göndərib. Danışılacaq mövzular, veriləcək suallar az deyildi. Ardıcıl 5 çətin oyun öncəsi, sıx qrafikə və işlərinin çoxluğuna rəğmən, sağ olsun, 2 saatını ayırıb, bütün sualları səbrlə, təmkinlə cavabladı.

Qurban Qurbanov ciddi şəxsiyyət probleminin olduğu futbolumuz və ölkəmiz üçün unikal tapıntıdı. Zaqatalanın ucqar kəndində, kasıb bir ailədə doğulub-böyüyən bu oğlan Azərbaycan futbol tarixinə adını əbədi yazdıracaqdı. Onun inkişaf yolu haqda mütləq kitablar yazılacaq, filmlər çəkiləcək. Bu müsbət auralı şəxsiyyətlə görüşmək hər zaman xoşdu. "Sürix" və "Ferentsvaroş" zəfərlərindən sonra "belə oyunla avrokubok da qazanmaq olar" xəyalını qurduğumuz "Qarabağ"ın "Gent"lə ilk mücadiləsinə 10 gün qalmış isə bu görüş və müsahibə tək mənim üçün yox, həm də Sports.az saytının oxucuları üçün ikiqat maraqlı olacaqdı.

"Qarabağ"ın üstün cəhəti odur ki, rəhbərlik həqiqətən futbolu sevir, uğur əldə etmək istəyir”

- Hoca, bəy, müəllim, Aleks Feryusonun rekorduna doğru irəlilədiyiniz üçün bəlkə ser?
- Bu barədə və ya kiməsə bənzədilmək haqda düşünməmişəm. Çalışmışam üzərimə düşən vəzifəni icra edim. Sadəcə, hörmət əlaməti olaraq futbolçular, məşqçilər "hoca" deyiblər. Elə o vaxtdan da qalıb. Mən də çalışıram onlarla dost, məşqçi, müəllim kimi düzgün olum. Feryusona gəlincə, belə adamlarla bizim işimizi müzakirə etmək bilmirəm nə qədər doğru olar. Onlar tam başqa futbol aləmindəndi. Açığı deyim ki, son dövrlər uzun illər işləmək kimi bir düşüncəm yoxdu.

- Yorulursuz? 
- Yox, çalışıram idmanımız, futbolumuz üçün az da olsa, fayda verək. Amma bəzən elə hallar olur, elə düşünmədiyin epizodlara rast gəlirsən... 

- Haqsızlıq? 
- Deməzdim. Sadəcə, işi düşündüyün kimi görməyəndə, həyata keçirə bilməyəndə, uzaqlaşmaq istəyirsən. Bu gün ağlımda belə bir fikir yoxdu ki, neçə il qalacam və ya nə vaxt gedəcəm. Gedişata buraxacam. Məşqçilik elə işdi ki, istənilən an hər şey baş verə bilər. 

- Abdulbari və Tahir Gözəllər, Əmrah Çəlikəl hər zaman sizə tam güvənini, dəstəyini ifadə edir. Kənardan da belə görünür ki, sizə inam tamdır, başqa klublardan fərqli "Qarabağ"da çoxhakimiyyətlilik yoxdur... 
- Başqalarını bilmirəm, ona görə bu haqda danışmaq istəmirəm. "Qarabağ"ın üstün cəhəti odur ki, rəhbərlik həqiqətən futbolu sevir, uğur əldə etmək istəyir. İnsanları yaxından tanıdıqca, düşüncələrini də öyrənirsən. Bizim rəhbərlik hətta, şirkətlərində də həmişə yaxşı kollektiv formalaşdırmaq, inandıqları insanların iş başında olmasını istəyir. Bu düşüncələrimiz də üst-üstə düşür. Mən də işini sevən, çox vaxt ayıran, zəhmətkeş, öz peşəsinə dəyər verən insanlarla əməkdaşlıq etmək istəyirəm. Bizim bu qədər möhkəm olmağımızda, bir-birimizə qarşılıqlı hörmət göstərməyimizdə bunun rolu çox böyükdür.

Hər bir yeni iş yerində çətinliklər olur, rəhbərliklə bəzən anlaşa bilmirsən, bu, normaldı. Eləcə də məsələn, futbolçular olur, baxıram perspektivi, bacarığı, keyfiyyəti var, bəzən nəyəsə görə hirslənsəm də, çalışıram özümdə saxlayım. Çünki, bu oyunçu gələcəkdə bizə fayda verə bilər. İlk vaxtlarda bəlkə mənim də rəhbərliklə hansısa narazılıqlarım olub, sözümüz üst-üstə düşməyib, amma onlar ağıllı, bacarıqlı, keyfiyyətli insanlardı. Yəqin, görürdülər işimizi düzgün qurmaq, nəticə vermək istəyirik və beləcə münasibətlərimiz möhkəmlənməyə başladı.

Tək "Qarabağ" klubundan danışmırdım. Ümumən, Azərbaycan futbolunu nəzərdə tuturdum. Bu o demək deyil ki, "Qarabağ"da hər şey idealdı. Burda bütün istədiklərimi həyata keçirə bilmirəm. Bəzi nüanslar, hədd var. Bunu çox da o tərəfə keçə bilmərik. Amma gecikirik. Bu çox güc, vaxt, maliyyə tələb etmir. Bəzən belə şeylər görəndə yorulursan. İnsan bir şeyi tez-tez təkrar edəndə dəyəri aşağı düşür. Onu qoruyub saxlamaq haqda düşünürsən. Adi öz övladına eyni şeyi daim söyləyəndə, çox narazılıq, etiraz edəndə, görürsən ki, sınır. Və ya futbolçuya adi bir epizodla bağlı dəfələrlə nəsə deyəndə, görürsən, səndən soyumağa başlayır. Əlbəttə, səbrli olmalıyıq və bu yaşla gəlir. Söhbət Azərbaycan futbolundan gedir. Mən dəfələrlə demişəm ki, bizim insanlar futbolumuzu sevməlidir. Azarkeşlər, uşaqlar daha çox cəlb edilməlidi. Hansısa neqativ fikirlərim ola bilər futbolumuza sevgini daha da azaltsın. Ona görə xırda detallara toxunmasam yaxşıdı. Futbol populyar idman növüdü və onu həmişə inkişaf etdirmək lazımdı. İnternet, smartfonlar çıxandan sonra uşaqlar elm və idmandan çox bunlara vaxt sərf edir. Amma futbol uşaqların marağını daha çox cəlb edən növdü. Ona görə də, istər "Qarabağ"da, istərsə də, Azərbaycanda bunu daha da yaxşılaşdırmaq lazımdı. 

“Orda nə məşq etmək, nə futbol oynamaq olmaz, uşağı zədəyə atırsan, həyatı ilə oynayırsan...”

- Deyilənə görə, Balaəlinin elə "Azərsun Arena"ya yaxın bir şadlıq evində meyxana deməsinə yüzlər, bəlkə də minlər tamaşaya durub. Azərbaycan çempionatının oyunlarına heç o qədər adam gəlmir... 
- Futbolumuz haqda o qədər mənfi müzakirələr olur ki, antipatiya yaranır. Buna yol vermək olmaz. İnsanlarımıza bu cür idman növünü sevdirmək lazımdı. Bunun yalnız faydası ola bilər. Götürək beynəlxalq oyunları. Neçə klubumuz avrokuboklarda uğurlu çıxış etdi. Başqa ölkələrdən Azərbaycana gələnlər yalnız futbol izləmədi, tairiximizi, mədəniyyətimizi, mətbəximizi, qonaqpərvərliyimizi gördü. Futbolun istər siyasi, istərsə də başqa istənilən cəhətdən hər bir ölkəyə yalnız faydası var. Futbol sağlamlıqdır, sağlam düşüncədir, uşaqları, gəncləri pis əməllərdən, vərdişlərdən uzaqlaşdırır. Sağlam gələcək nəsillər üçün futbolu sevməli, qorumalı və inkişaf etdirməliyik. 

- Azərbaycanın futbol tarixində iz qoymusuz. Bu haqda mütləq kitablar yazılacaq. Qurban Qurbanovun inkişafının sirri düşünürəm ki, yalnız futbol azarkeşlərinə maraqlı olmaz...
- Yadımda qalan məsləhətlər valideynlərimlə bağlıdı. Kasıb ailədə böyümüşəm. Böyüklərim evdə həmişə “Yaxşı oxumaq, xəyanət etməmək, dəyərləri qorumaq lazımdı” deyirdilər. Daha çox da atam və anam. Atamla çox az ünsiyyətdə olurdum. Amma daim pis vərdişlərdən uzaq olmağı tövsiyyə edirdi. Uşaqlıqdan vətənpərvərlik, vətən sevgisi yaranmışdı. Uğurlarıma görə daim Allaha şükür edirəm. Bəzən fikirləşirəm ki, buna layiq idimmi? Necə oldu ki, kənddən çıxdım gəlib futbolçu və məşqçi kimi bu səviyyəyə çatdım? Bir şey var ki, Allah əziyyət, zəhmət çəkəni qiymətləndirir, nəyə can atırsa, onu verir. Futbolçu vaxtı məşq etməyin fanatı idim. İndi məşqçi olandan sonra anlayıram ki, düz etməmişəm, həddindən artıq güc sərf etmişəm, oyunlara yorğun çıxmışam. O vaxt isə fikirləşirdim ki, nə qədər çox məşq etsəm, o qədər faydası olacaq. Xüsusən fiziki məşqləri çox edirdim. Amma o zamanı texniki və taktiki tərəfə yönləndirsəm, daha yaxşı futbolçu olardım. İdmana uşaqlıqdan meylim olub. O cümlədən, futboldan başqa növlərə. İdmana meyilli insanlar da fərqli formalaşır, bəlkə daha tez böyüyür, qətiyyətli, prinsipial olur.

Təbii, ağlıma gəlməzdi ki, məşqçi olacam. Qarşıma belə məqsəd də qoymamışdım. Amma Rusiyada oynadığım vaxtlar məşqçilik karyerası haqda fikirləşməyə başladım. "Fakel"də oynayanda başladım özümü bu işə hazırlamağa. Legioner həyatı da formalaşmağımda böyük rol oynadı. O vaxt hamımızın yaralı yeri Qarabağ və işğal altında olan digər torpaqlarımız idi. Düşmənlərimiz Rusiyada da çox idi. Onlar azərbaycanlılar haqda ruslarda mənfi fikir formalaşdırmışdı. Orda nə qədər adamlarla tanış oldum, deyirdilər biz azərbaycanlıları başqa cür təsəvvür edirdik. Açığı, Rusiyada məndə vətənpərvərlik hissi daha da gücləndi. Bəzi şeyləri gözümlə görürdüm və qəbul etmirdim, deyirdim bizə qarşı nə komandada, nə başqa yerdə belə münasibət olmamalıdı.

Şişirdiləcək nəsə etdiyimi düşünmürəm. Sadəcə, insan istər dostunun, istər işçisinin və ya bir başqa ölkə vətəndaşının yanında maksimum düzgünlüyü qoruyub saxlamalı, özünə hörmət etdirməyi bacarmalıdı. Onda istər-istəməz maraqlanırlar ki, bu insan kimdi, hansı ölkənin, xalqın nümayəndəsidi? Belə məsələlər olub. Bu səviyyəyə çıxmağım Allahın mənə mükafatıdı. İdman enişli-yoxuşludu. Həmişə çalışmışam ki, düşüş olmasın, ən azı, olduğumuz səviyyədə qalaq. Amma əvvəl axır bu hər klubda olur. Dünyanın ən güclü məşqçiləri - Qvardiola, Klopp və başqaları da hər il çempion ola bilmir. Amma onlar işlərində daim diqqətli və məsuliyyətlidilər. Dediyim kimi, hər zaman uğursuzluğa da hazır olmalısan. Sadəcə, çalışmaq lazımdı ki, bu uğursuzluq futbolumuza sevgini azaltmasın. Bəli, mən heç vaxt fikirləşməmişdim ki, hansısa uğurlar qazanacam, heç indi də fikirləşmirəm. Amma buna daim cəhd edirəm. Hər oyunda, turnirdə və s. daha yaxşı olmağa çalışırıq. Vətən sevgisi, vətənə borc əbədidi və bunu qoruyub, saxlamalıyıq. Şərt deyil işimizlə. Ola bilər hansısa kiçik bir davranışımızla, özümüzü elə bir yerdə, elə idarə edək ki, elə tək bu ölkəmiz üçün, xalqımız üçün faydalı ola. Fərqi yoxdu məşqçi, futbolçu və ya sıravi bir insan ol. Bundan sonra bu daha da çoxalmalıdı. Çünki, bizim böyük zəfərdən, halal torpaqlarımızın geri qaytarılmasından sonra insanlarımızın özünə inamı və vətən sevgisi, televiziyalarda bu yönümlü verilişlər daha da artıb. Çalışıb daim özümüzü inkişaf etdirməyə can atmalıyıq. 

- Gəncədə erməni terroru nəticəsində valideynlərini itirmiş uşaqlarla görüşdünüz. Daha sonra stadionda da uşaqlara qarşı nə qədər həssas olduğunuzu gördük. Azərbaycanın uşaq futbolu da yetimə bənzəyir...
- Çox ağır mövzudu. Uşaq futbolunun inkişafına cavabdeh qurumlar var. İlk növbədə AFFA, sonra klublardı. Uşaq futbolu tam başqa bir elmdi və futbolumuzun ən vacib hissəsidi. Gələcək istəyiriksə, ən böyük diqqət məhz bura ayrılmalıdı. Milli komandaya gələndə də ilk müsahibəmdə bu haqda danışmışdım. Bir yaxşı məşqçi gətirdiksə, bununla iş bitmir. Uşaq sağlam qidalanmalıdı, elmli olmalıdı, yaxşı şəraiti olmalıdı, harda, nə cür məşq edir, hansı proqram üzrə işləyir?... Peşəkar həkimlər olmalıdı. Bir stadion tikdim, xaricdən yaxşı məşqçi gətirdim, bununla iş bitmir. Bu insanları aldatmaq, yola vermək olar. Bizim çox perspektivli futbolçular olub ki, 25-26 yaşında futbolu atıblar... Uşaq futbolunu inkişaf etdirmək üçün onların orqanizmi ilə maraqlanmalı, inkişafı üçün düzgün iş görülməlidi. Messi bu səviyyəyə necə gəlib çıxıb? Onun qabağına bir top atıb, “get, məşq et” desəydilər, heç vaxt gəlib bu səviyyəyə çıxmazdı. Onun qabiliyyəti, intellekti olub. Amma fiziki cəhətdən formalaşması üçün daha nələr etməyiblər?! Və ya məsələn Kaka arıq, cılız uşaq olub. Yadıma düşənləri deyirəm. Baxıblar intellekti var, 3-4 gedişi əvvəldən görür. Başlayıblar “vitaminizasiya”ya, fiziki durumunu yaxşılaşdırmağa, əzələlərini inkişaf etdirməyə, düzgün qidalandırmağa. Topu atdıq meydana, məşqçi gəldi... Belə futbolçu yetişməz! Yaxşı futbolçu üçün, yaxşı həkim, məşqçi, digər mütəxəssislər yetişdirməliyik. Bu elə də çətin deyil. Futbolun ən rahat, amma həm də ən vacib hissəsidi. Biz bunları etmirik, amma 1 məşqçi gətiririk deyirik, vəssalam. Yox! Belə mümkün deyil! Mən fizioterapevti, həkimi xaricdən axtarıram. Niyə? Bacarığımız yoxdu? Bizim dünyada tanınan həkimlərimiz var. Amma futbol həkimi, massajçısı, fizioterapevti yoxdu. Onları yetişdirmək çətindirmi? Yox! Sadəcə, proqram lazımdı... Bu proqram olandan sonra sən fədakarlıq etməsən belə, görəcəksən ki, futbolçular yetişir. Çünki, dietoloq olacaq, sağlam qidalanacaq, sağlam şəraitdə böyüyəcək, sağlam düşüncəli insanlarla ünsiyyətdə olacaq və peşəkar kimi formalaşacaq. O qədər nüanslar var ki, biz heç bu barədə düşünmürük. Yox, mənə nəticə, çempionluq, Çempionlar Liqasının qrupuna düşmək lazımdı... Futbolda belə olmur. 

- Dediklərinizdən belə anlaşılır ki, mütəxəssis yoxdu futbolumuzda... 
- Ən rahat iş mütəxəssis hazırlamaqdı. Çox da yaxşı mütəxəssislərimiz var. Sadəcə, mən ümumi deyirəm ki, bünövrə yoxdu, proqram yoxdu. Həm keyfiyyətli süni, həm təbii ot örtüyündə məşq etmək olar. Bütün Avropada belədi. Amma bizdəkilər həddindən artıq pisdi. Neçə süni meydan görmüşəm, orda nə məşq etmək, nə futbol oynamaq olmaz, uşağı zədəyə atırsan, həyatı ilə oynayırsan...

“Rəşad Sadıqov gedəndən sonra vaxt çatdıra bilmədim…”

- Hələ sovet dövrü tanınmış mütəxəssis Boris Arkadyev demişdi ki, Azərbaycan futbolu istedadlar konveyeridi, azərbaycanlı uşaqlarda texnika, cəldlik, çeviklik, cəsarət var. Amma bəzi maraqlı şəxslər özlərinə bəraət qazandırmaq üçün belə bir təbliğat aparır ki, bizdə heç vaxt futbol və futbolçu olmayıb, genimizdə yoxdu. Bu məntiqlə yanaşsaq, uzağa getməyək, qardaş Türkiyədə və bir çox başqa ölkədə də futbol bir zamanlar yox kimi idi... 
- Elə həmin sovet vaxtında imkan veriblər ki, Azərbaycanda futbol olsun?! Həmişə istəyiblər azərbaycanlılar oynamasın... "Neftçi"nin 1966-cı ildəki uğuru ilə öyünürük. Amma həmin "bürünc heyət"ə fikir versəz hər şey aydın olacaq. Düzdü, deyirdilər hamısı Bakı futbol məktəbinin yetirmələridir... Ümumiyyətlə, bizim təbiətdəndi, gendəndi, nədəndi, burda istənilən sahədə dünya səviyyəli insanlar yetişir. Mən həmişə Ramil Quliyevi misal gətirirəm. Kimin ağlına gələrdi ki, Neftçalanın bir kəndindən çıxmış azərbaycanlı balası atletikada, qısa məsafəyə qaçışda dünya çempionu olsun?! Azərbaycan elə belə ölkə deyil. Futbol həyatımda demək olar istənilən rayonumuzdan və bəlkə də kənddən elə istedadlı uşaqlar görmüşəm ki, Avropada belələrini göydə axtarırlar. Azərbaycan idman ölkəsidi, futbol ölkəsidi, idman torpağıdı, futbol torpağıdı. Burda sadəcə, düzgün bir yol lazımdı və 3-5 ilə görəcəksən ki, avtomatik necə inkişaf olur.

Messiyə, fenomen Ronaldoya fantastik istedadlarına görə məşqçilər oyunda, məşqlərdə azadlıq verirdi. Məsələn, məndə də elə futbolçular var ki, bəzi məşq elementlərini xoşlamırlar. Mənə məşqdə lazım olanı qavramır, məsələn. Biz oturub fikirləşirik ki, buna hansı məşq elementini verə bilərik ki, yerinə yetirsin. Və elə fərqli məşq veririk, sonra bizə lazımlı, amma onun qavramadığı hər şey burda da olsa da, o bu məşqi məmnuniyyətlə edir. Qaçır, pressinq edir, ötürmə verir, qol vurur və özünün də ağlına gəlmir ki, sevmədiyi şeyləri bu məşqin içində edir. Oyunda da bu bunun beynində artıq qalır. Eyni ilə biz düzgün yol tutsaq, proqram qursaq, şərait yaratsaq, öz-özünə inkişaf gedəcək. 

- "Qarabağ" akademiyası da tez-tez tənqid olunur... 
- Mən heç özüm razı deyiləm bizim akademiyadan. Başqalarına məsləhət verib, sonra deyə bilmərəm ki, bizdə hər şey idealdı. İndi şükür, yeni bir layihə hazırlanır. Kompakt şəkildə akademiyamızın ayrıca bir yeri olması nəzərdə tutulur. Akademiya, uşaq futbolu, bayaq dediyim kimi, tam başqa bir elmdi, fəlsəfədi. Rəşad Sadıqov orda işləyən vaxt daim əlaqədə olurduq. İndiki heyətdən Elvini, Toralı, İsmayılı və səhv etmirəmsə, Nərimanı da Rəşad tapıb gətirmişdi. Musanı da "Neftçi"dən o gətirdi. Onda Akademiyada əsas komandanın oyun sistemini də tətbiq edirdi. Amma Rəşad gedəndən sonra vaxt çatdıra bilmədim. Üç gündən bir oyunlar, hər gün burda məşqçilərlə analizlər, məşqlər və akademiyaya da əsas komandadan qat-qat çox zaman tələb olunur. Amma bilirəm ki, ən azı 70-80 faiz akademiyayla əlaqəli işləməliyik... 

“Biz son oyunda məğlub olub ikinci yer tutduq. Niyə məğlub olduq? Necə məğlub olduq?...”

- Çempionlar Liqasının qrupuna, avrokubokların pley-offuna komanda çıxartmış ilk məşqçimiz kimi necə düşünürsüz, nə vaxtsa Azərbaycan Avropa və Dünya Çempionatlarının final mərəhələsində oynayacaqmı? 
- Məncə, bu olacaq. Ölkədə futbol varsa, inkişafı üçün az da olsa, cəhd edilirsə, nəticəsini gec-tez görməliyik. Mən buna inanıram ki, nə vaxtsa, mütləq oralara yüksələcəyik. Azərbaycan futbolunun inkişaf yolu haqda isə öncə bir az danışdım, amma "Qarabağ"da işləyə-işləyə ətraflı fikrimi bildirməyim qeyri-etik olar. Buna cavabdeh olan federasiya var...

- Canni De Byazinin ikinci yeri uğur, sizin eyni nəticə AFFA tərəfindən uğursuzluq kimi qiymətləndirdi. Millidə “Qarabağ”dakı kimi rahat işləyə bilirdinizmi və qarşınıza 1-ci yer tutmaq məqsədi qoyulmuşdumu?
- Azərbaycan futboluna fayda verən hər kəsə hörmətlə yanaşıram. Hamımız bu vətənin, xalqın kiçicik də olsa, uğuru üçün çalışırıq. Yenə deyirəm, uşaqlarımızın, gənclərimizin pis vərdişlərdən uzaq olması üçün ən yaxşı vasitələrdən biri futboldu. İdman və daha çox da futbol. Çünki, bu kütləvi idman növüdü. Fərdi növdə 1 nəfər olursa, burda bir komandada özünüz bilirsiniz nə qədər adam olur. 

Millidəki fəaliyyətimə gəlincə, orda mənim proqramım 1 illik deyildi, uzunmüddətli anlaşma idi. Hər millinin öz fəlsəfəsi, oyun sistemi var. Mənim də düşüncəm nəticədən əvvəl o sistemi otuzdurmaq idi. Çox xırda detallar var. Milli mənim rəhbərliyimlə Millətlər Liqasının son oyununda məğlub olub ikinci yer tutdu. Niyə məğlub olduq? Necə məğlub olduq?... Futbol elə bir oyundur ki, bəzən düşünmədiyin, gözləmədiyin nəticələr olur. Düzdü, yaxşı komandaya uduzmuşduq. Bizim qarşımıza elə bir məqsəd qoyulmamışdı ki, mütləq 1-ci yer tutmalıyıq... AFFA rəhbərliyi ilə xoş münasibətləri qorumağa çalışırdıq… İstənilən halda ordan incik ayrılmışam... Amma bu o demək deyil ki, mən AFFA rəhbərliyinə hörmətsizlik edirəm, əksinə, indi görüşəndə orda olduğum müddətdən daha çox hörmət göstərirəm.

...Elə şeylər var ki, bu sözü, bu adama demək olar, olmaz? Bunu buna yaraşdırmaq olar, olmaz? O fikirləri daim analiz etməlisən. İndi durum dərinə gedim? Yox, getmərəm. Sadəcə, mənim tipim belədi, həmişə, hamıya hörmətlə yanaşıram, o cümlədən, AFFA-nın rəhbərliyindən tutmuş istənilən sıravi işçisinə qədər. Həmişə qapılarım üzlərinə açıqdı, nəsə soruşmaq istəsələr, mən tərəfdən heç bir problem yoxdu, görəndə də çox hörmətlə görüşürəm. 

- İşinizlə bağlı irad bildirə bilmirlər deyə, başqa vasitələrə əl atırlar. Dini inancınızı qabardırlar...

Anar Şabanoğlu

(Davamı olacaq)

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar