Ruslan Nurullayev AÇ-nin finalında, daha 3 bürünc medal şansı
İspaniyanın Santyaqo de Kompostela şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.
Sports.az xəbər verir ki, ikinci yarış günündə 60, 67, 72, 82 və 97 kq-da yer alan yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
İlkin Qurbanov (60 kq) bolqarıstanlı Qrişa Nazaryan (6:1) və isveçli Erik Qameliusa (10:1) qalib gələrək yarımfinala yüksəlib. Qurbanov yarımfinalda gürcüstanlı Anri Xozrevanidzeyə minimal fərqlə məğlub olub - 2:3. İlkin bürünc medal uğrunda güləşəcək.
Kənan Abdullazadə (67 kq) macarıstanlı Şolt Takaç (6:0) və isveçrəli Frits Reberi (8:0) məğlub edərək yarımfinala adlayıb. Abdullazadə yarımfinalda gürcüstanlı Nika Broladzeyə "tuş"la uduzub. Kənan bürünc medal uğrunda güləşəcək.
Ruslan Nurullayev (72 kq) almaniyalı Aaron Bellşeyditlə (4:1) isveçli Karl Baffı (8:1) yolundan kənarlaşdıraraq adını yarımfinala yazdırıb. Nurullayev yarımfinalda ukraynalı İrfan Mirzoyevlə gərgin mübarizə şəraitində keçən mübarizədən 3:1 hesablı qələbəylə ayrılaraq finala yüksəlib.
İsmayıl Rzayev (82 kq) xorvatiyalı Antonio Lukaç (9:0) və serbiyalı Miloş Peroviçi (3:1) məyus edərək yarımfinala vəsiqə qazanıb. Rzayev yarımfinalda türkiyəli Alperen Berberə müqavimət göstərə bilməyib - 0:9. Rzayev də bürünc medal uğrunda güləşəcək.
İsa Hüseynov (97 kq) təsnifat mərhələsində bolqarıstanlı Kaloyan İvanova 1:5 hesabıyla məğlub olub.
Bu çəkilərdə həlledici qarşılaşmalar iyunun 28-də keçiriləcək.