Həyatımın matçı

Həyatımın matçı

19 il bir igidin ömrüdü...
19 il öncə bu gün...
Futbol tariximizin ən önəmli oyunu məhz 19 il öncə bu gün - yanvarın 19-u oldu. Allah mənə həmin matçın canlı şahidi olmağı nəsib etdi.
Söhbət "Birlik kuboku"nun "Neftçi" - "Pünik" oyunundan gedir.


O zaman Azərbaycan futbolunda böyük pullar, bu pulları vəhşicəsinə dağıdan kriminal ünsürlər hələ yox idi. "Neftçi"nin büdcəsi də indikindən bəlkə də 100 dəfə aşağı idi.
...Hər ilin bu günü mənə müxtəlif saytlardan, qəzetlərdən və s. həmin oyunla bağlı çoxlu müraciətlər olur.
Biz hesabda irəli çıxandan sonra ermənilərin törətdiyi təxribatın qarşısını aldığıma görə yada salırlar.
Oyunu həm Moskvadakı "Dinamo" arenasında, həm də televiziyadan izləyənlər biz hesabda önə keçəndən sonra ermənilərin etdiyi şərəfsizliyi yaxşı xatırlayır.
Xatırlamayanlar üçün deyim ki, arenada erməni azarkeşlər olan tərəfdə iştirakçı ölkələrin bayraqları asılmışdı. Və ermənilər hesabda geriyə düşəndən sonra bizim bayrağın üstünə əskilərini (təhqir etmək istəmirəm, amma bu hərəkətin qabağında başqa söz tapmıram) asdılar.

Bütün fikrim oyunda idi, amma bir an indi "Zirə"nin baş məşqçisi, o zaman "Neftçi"nin müdafiəçisi Rəşad Sadıqovun meydanın kənarına gəlib aşağıdan (tribunalar ikinci mərtəbədə idi) erməni azarkeşlələrə tərəf nəsə jest etdiyini gördüm. Diqqətlə baxıb bayrağımıza qarşı hörmətsizliyi fərq etdim. Bizim tribunada ermənilərdən bəlkə 10 dəfə çox azarkeş vardı. Onların ən azı 500 nəfərinin biletini mən alıb aparmışdım. Aralarında dost-tanış, qohumlarım az deyildi. Nə isə...

Qayıdaq ermənilərin şərəfsizliyinə. Bunu fərq edib dərhal ermənilərə tərəf getdim. Çaxnaşma düşdü, biletini almadığım amma çox yaxşı tanıdığım, boyu təxminən metr yarım olan cəbrayıllı Vüqar mənə dəstəyə gəldi. Yüzlərlə erməni üstümüzə şığısa da, iki nəfərlə cavablarını verə bildik, sonda əskilərini bayrağımızın üstündən götürdülər.

Bunu heç vaxt danışmamağa çalışmışam. Canlı şahidlər çox olub. İndi də var. Sağdılar. İstər futbol klublarımızda, istər jurnalistikada, istərsə də ümumən bu camiədə.  Vallah, səmimi deyirəm.

Amma indi gündə bir həmkarımız dünyasını dəyişir. Sabahı yalnız Allah bilir. Deməsəm, ən azı gənc nəslin xəbəri olmayacaq...

Bu bir tarix idi. Öncəliklə meydanda qazanılan qələbə.
Rövnəq Abdullayevi Elxan Məmmədovun və Elşad Nəsirovun çaldığı havaya oynamasına və AFFA prezidenti olduğu dönəmdə milyonlarla, bəlkə milyardlarla dövlət büdcəsindən ayrılan vəsaitin müqabilində futbolumuza heç bir fayda verməməsinə görə bəlkə məndən çox tənqid edən olmayıb.
Amma "İgid öldür, haqqını yemə" deyib atalarımız. Rövnəq müəllim "Neftçi" tarixinin mənə görə ən yaxşı prezidenti olub. Ən azı, elə bu qələbəyə görə!
Qaldı, oyunətrafı məqamlara...
Həmin bayraq məsələsində sonda şərhçi Fikrət Adığözəllinin sevincli "ermənilər bayraqlarını bizim bayrağın üstündən götürdü" sözləri, o dövrün başqa tanınmış şərhçisi, tribunada olan Altay Əliyevin hər qolumuza hayqırtısı ömürlük qilağımdadı. 
Oyundan sonra oteldə Qurban Qurbanovun, Rəşad Sadıqovun, onun dostu Eminin, komandamızın digər futbolçularının məğlubiyyətlə barışmağı bacarmayan ermənilərə layiqli cavab verməsi də futbolumuzun ən böyük qəhrəmanlıq səhifəsinə düşüb.
Bu qarşılaşma haqda bəlkə də ayrıca kitab yaza bilərəm... Sonra təsadüfən elə oldu Allah rast saldı həmin Eminin atası, çox dəyərli Nürəddin kişi ilə tanış oldum.
Matçın ardından oteldə dava salan ermənilərin üstünə şığıyan "Neftçi"nin ovaxtkı rəhbərlərindən biri, sonra Peşəkar Futbol Liqasının prezidenti olan Ramin Musayevi saxlayıb "Biz lazımi qələbəni qazanmışıq. Bunlar təxribat edir. Səbr edin" deməyim, hamısı kinolent kimi keçir gözümün önündən.
Hələ daha sonrası da vardı... Moskvada Sərxan Sərxanın canlı oxuduğu "Arşın Mal Alan" restoranındakı ziyafətdə müştəri olan Bakı ermənilərinin mikrofonu götürüb "Sizi ürəkdən təbrik edirik, biz erməni olsaq da, bakılıyıq, həmişə "Neftçi"yə azarkeşlik edirik" sözləri və s...
Bu bir tarix idi. O zaman məğlub durumda olan Azərbaycanın ölkəmizi işğal etmiş düşmən üzərində futbolda da olsa qazanılan parlaq bir qələbənin tarixi! Müstəqil, indi artıq fəxrlə qalib dediyimiz Azərbaycan üçün neçə-neçə qəhrəman şəhidlər verdiyimiz günün ildönümündə qazanılmış qələbəmizin unudulmaz tarixi!
O kiçik qələbə nə qədər şəhid ailələrimizi, məcburi köçkünlərimizi, 50 milyonluq xalqımızı sevindirmişdi. Bununla kiçik də olsa təsəlli tapmışdıq...
Allaha min şükür ki, bu gün biz futbolda və idmanda işğalçı düşmən üzərində qələbəyə möhtac deyilik. İdmanda udmaq da var, uduzmaq da.
Dövlətimiz kimi mən də həmişə sülh istəmişəm, istəyirəm.
Amma o qələbə, o dövrdə bizim üçün, xalqımız üçün çox önəmli idi.

Son xəbərlər
“Leypsiq” Verneri az qala havayı buraxmağa hazırdır
Turun son oyununda “Şəki” sevindi
“Qəbələ” “Neftçi”yə qarşı - YENİLƏNİR
"Kəpəz"də "Gəncənin futbol əfsanələri" şurası yaradılıb
Azərbaycan karateçiləri Gürcüstanda 2 medal qazanıblar
AFFA-da “Futbolda Uşaqların Hüquqlarının Qorunması” mövzusunda seminar
Krivotsyukun komandasından inamlı qələbə
Lənkəran “Xəzər”i və millimizin veteranları yubiley matçında qarşılaşıblar
Azərbaycan boksçularından Avropa çempionatında 8 medal
PSJ yarımmüdafiəçisi ilə müqaviləsini yeniləməyə qərar verdi
Azərbaycan idmançısı Çində 6-cı oldu
Kenan Yıldız hansı kluba qismət olacaq?
Abdullazadənin komandası evdə uduzdu
Albaniyada Azərbaycan derbisi qolsuz bitdi
“Araz-Naxçıvan”ın futbolçusu əməliyyat olundu
Millimizin üzvü oynadı, komandası darmadağına sevindi
4-cü tura yekun vurulur
Günün oyunları – TV
PSJ qapıçısına əvəedici axtarır
“Barselona” Fati ilə bağlı qərar qəbul etdi
Xabi Alonso Kilian Mbappeyə olan tələbini açıqladı
“Zair-Emeri mənə bir futbolçu olaraq xoş gəlir”
Kivu “İnter”in yeni oyunçularının uyğunlaşmasından söz açdı
“Çelsi” Andrey Santosla bağlı qərar qəbul etdi
“Qəbələ” “Neftçi”yə, “Qarabağ” “Şamaxı”ya qarşı
“Liverpul” da uduzdu, “Çelsi” də
“Atletik” “Xetafe”yə məğlub oldu
PSJ-dən növbəti darmadağın
“İnter” Neapoldan xalsız qayıtdı
“Trabzonspor”dan inamlı qələbə
DAHA ÇOX

Ən çox oxunanlar