“Neftçi” bütün komponentlərdə bizi qabaqladı” - Diniyev
“Səbail”in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 10-cu turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərini bölüşüb.
Sports.az xəbər verir ki, o, 1:3 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
“İstədiyimiz futbolu oynaya bilmirdik. Oyun sistemində böyük problemlərimiz var idi. Kiçik komandayıq. 3 nəfərin olmaması, 4-cünün isə zədəli çıxması özünü göstərdi. "Şamaxı" ilə matçda oturuşmuş heyətimiz var idi. İtkilərimiz var idi deyə istədiyimiz oyunu göstərə bilmədik. Sanki futbolçular "Neftçi"nin adından qorxdular. Tam olaraq rəqibin üstünlüyü ilə keçən oyun oldu. İrəli baxmalıyıq. Qarşıda daha vacib oyunlarımız var. Demişdim ki, "Neftçi" bu heyətlə düşdüyü vəziyyətdən çıxacaq. Biz də gərək taleyimizlə barışaq. "Sumqayıt" və "Kəpəz"lə matçlar bizim üçün çox vacibdir. Yaxşı oyun göstərib qalib gəlməyə çalışacağıq.
Heyət varsa, oynamalısan. 19-20 yaşlı futbolçulara şans verdik. Birdən-birə 4 oyunçu olmayanda komanda öz gücünü göstərə bilmir. Rotasiya üçün ehtiyat oyunçular skamyamız o qədər də zəngin deyil. Bu gün istədiyimiz oyunun heç 30-40 faizini oynaya bilmədik. 45+2-ci dəqiqədə qol buraxmasaydıq, ikinci hissə tam fərqli olacaqdı. Komanda bu gün uğur qazanmağı çox istəyirdi. Əfsuslar olsun ki, "Neftçi" bütün komponentlərdə bizi qabaqladı. Uduzmağı da etiraf etmək lazımdır”.