“Təəssüf ki, qələbə qazana bilmədik” - Rəşad Sadıqov
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 11-ci turunda səfərdə "Araz-Naxçıvan"la 1:1 hesablı heç-heçəni şərh edib.
Sports.az xəbər verir ki, "qartallar"ın çalışdırıcısı bunları söyləyib:
“Yüksək yerlər uğrunda mübarizə aparan iki komanda oynadı. Meydanda amansız mübarizə getdi. Hər iki komanda qələbə istəyirdi. Oyun bizim üçün yaxşı alınırdı. İkinci hissədə əks-hücumlardan istifadə edib ikinci qolu vura bilərdik. Amma olmadı. Xırda səhv nəticəyə təsir edə bilərdi. Sonda qapımıza zərbə olmadan penalti təyin edildi. Əlimizdən gələni etdik. Futbolçularımın mübarizəsindən razı qaldım. Hesab 1:1 olandan sonra da hücum edən tərəf idik. Təəssüf ki, qələbə qazana bilmədik. Səfərdə bu cür rəqiblə oyunda 1 xal da pis deyil.
Penaltiyə gəlincə, ola bilər qaydalarla penaltidir, haqlı qərardır. Mənim də xeyrimə belə penalti verilməsini istəmərəm. Ötürmə yoxdu. Futbolçu əlini yığışdırmağa çalışırdı. Qaydaları dəqiq bilmirəm”.