Qurban Qurbanova verilən dəyər 

Qurban Qurbanovun Beynəlxalq Ədalətli Oyunlar Komitəsi (İnternational Fair Play Committee) tərəfindən aldığı fəxri diplom yalnız "Marsel"lə oyundakı hərəkətinə görə deyil! 

Yalnız 1 hərəkətə görə də CIFP-in ayrıca "Pyer de Kuberten" nominasiyası var (cüdoçumuz Səid Mollayi bu mükafatı alıb). 

Qurban Qurbanov isə "Jan Borotra - Karyera" nominasiyasında seçilib. Bu şərəfə karyerası ərzində dəfələrlə feyr pley örnəyi vermiş idman adamları layiq görülür. 

Qurban müəllimin "Marsel"lə oyunla yanaşı, müxtəlif illərdə Azərbaycan çempionatında "İnter" və yoldaşlıq matçında "Kuban"la görüşlərdə futbolçularından hakimlərin ədalətsiz yerə verdiyi penaltiləri qola çevirməmələrini tələb etməsi, bu qarşılaşmalarda Elvin Məmmədov və Mahir Emrelinin Qurbanovun tapşırığı ilə bilərəkdən qol vurmamaları haqda Azərbaycan İdman Jurnalistləri Assosiasiyası CIFP-ə bütün lazımlı məlumatları vermişdi. 

Digər iki nominasiyada Azərbaycan Badminton Federasiyasının və güləşçi Elnurə Məmmədovanın namizədliyini irəli sürmüşdük. 

Qurbanovun namizədliyini isə həm "Pyer De Kuberten", həm də "Jan Borotra" mükafatlarına vermişdik. 

Dörd nominasiyadan birində seçilməyimiz tək idmanda yox, daha geniş miqyasda Azərbaycan adına böyük uğurdu. 

Əzəli Azərbaycan torpağı İrəvanda keçirilən mötəbər yarışın açılış mərasimində ölkəmizin bayrağının yandırılması Ermənistanı dünyada nə qədər rəzil etdisə, Qurban Qurbanova verilən bu dəyər bizi bir o qədər şərəfləndirdi. 

Dünyada, ən azı sıravi insanlarda Azərbaycanın işğalçı Ermənistanla haqq mübarizəsində nə qədər ədalətli olması haqda fikir mənə görə həm də bu cür nümunələrə görə formalaşır. 

Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ildə Bakıdakı Avropa oyunlarında erməni idmançının fitə basılması zamanı etdiyi hərəkət də ən böyük ədalətli oyun nümunəsi idi. Şübhəm yox ki, o zaman bu haqda CIFP-ə məlumat verilsəydi, istisna hal kimi ilk dəfə bir ölkənin prezidenti mükafata layiq görülərdi. 

Qurban müəllimə dünya səviyyəsində verilən qiymətə görə bir azərbaycanlı olaraq çox sevincli və qürurluyam. Onu ürəkdən təbrik edir, bundan sonra da ədalətli oyun prinsiplərinə hər zaman əməl edəcəyinə əminliyimi bildirirəm. 

Qurban Qurbanovun bu namizədliyinin ideya müəllifi və bütün materialların toplanmasını həyata keçirən, onun bioqrafiyası haqda CIFP üçün müfəssəl yazını qələmə almış biri kimi, bu materilları ingilis dilinə çevirən və CİFP-lə bütün yazışmaları aparan AİJA-nın birinci vitse-prezidenti, AIPS Europe (Avropa İdman Mətbuatı İttifaqı) İcraiyyə Komitəsinin üzvü Nərgiz Mahmudzadəyə xüsusi təşəkkürümü bildirirəm. 

Qeyd edim ki, AİJA-dakı vitse-prezidentliyim dövründə əsas fikrimiz ölkəmizin beynəlxalq imici idi. Məsələn, yuxarıda xatırladığım İrəvandakı barbaqlığa dərhal, gecə ilə beynəlxalq səviyyədə rəsmi reaksiya verilməsi həmin hadisə baş verən andan günlərlə yatmayıb çalışan vitse-prezident Natiq Nəsirovun birbaşa əməyi idi. Daha sonra Nərgiz xanım  hadisəyə AIPS Europe və AIPS (Beynəlxalq İdman Mətbuatı Assosiasiyası) səviyyəsində reaksiyalara nail oldu. AIPS-in demək olar bütün qitə təşkilatları və AIPS rəsmən olayı kəskin formada pislədi. 

Əminəm, AİJA-da Natiq Nəsirov və Nərgiz Mahmudzadə olduqca bu təşkilat ölkəmiz üçün hər zaman faydalı işlər görəcək. 

Düşünürdüm ki, Ümummili Lider Heydər Əliyevin 100 illiyi şərəfinə mənim təşəbbüsümlə İstanbulda "Qalatasaray"la keçirilmiş oyun AİJA-da gördüyüm son uğurlu işdir. Amma bir azərbaycanlının karyerasına CIFP tərəfindən verilən dəyər və bunda vasitəçi olmağım da mənim üçün olduqca çox qürurvericidi. 

AİJA-ya bir daha səmimi qəlbdən gələcək fəaliyyətində uğurlar arzulayıram. 

Bundan sonra bütün fikrimi düz 1 il əvvəl domenini aldığım Sports.az saytına yönəldəcəm və burda da ölkəmiz üçün faydalı olmağa çalışacam.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar