Musa Qurbanovu duyğulandıran törən

...Çox həyəcanlı idim. İlk dəfə bu cür mötəbər tədbirin təşkilatçılığı tək mənim üzərimdə idi. Qonaqların hamısı ilə görüşə bilmədim. Çıxışımda təşəkkür etsəm də, sayğı göstərib gələnlərə nə qədər minnətdar olduğumu sözlə ifadə edə bilməyəcəm.

Çıxış edənlər, mükafat alanlar da həyacanını boğa bilmirdi. Rəşad Sadıqovun Musa Qurbanova qardaşı oğlu Musa Qurbanlının qazandığı "Ən yaxşı gənc futbolçu" mükafatını verməsindən, "Musa müəllimin mənim karyeramın da uğurlu alınmasında böyük haqqı var" və başqa təsirli sözlərindən sonra 1993/94 mövsümünün bombardiri və çempionu çox duyğulandı, kövrəldi. Böyük Qurbanov qardaşı oğlunun futbolçu kimi inkişafında Rəşad Sadıqovun da xidmətlərinin olduğunu və bu mükafatın "Zirə"nin baş məşqçisinin də ala biləcəyini xüsusi vurğuladı.

Ümumiyyətlə, Sports.az saytının ETOPAZ-la birgə təşkilatçılığı ilə keçirilən "Sports.az Awards" mükafatlarının ilk təqdimetmə mərasimi mənəvi ağırlıqlı bir tədbir oldu. 

Şəhid baş leytenant Səid Rəşidzadənin timsalında Azərbaycan uğrunda canını fəda etmiş bütün ölməz qəhrəmanlarımızın xatirəsinin yad edilməsi ilə başlayan mərasimdə Səidin atası Nofəl Qasımovdan "Mövsümün ən yaxşı baş məşqçisi" Qurban Qurbanovun dövlətimiz tərəfindən şəhid ailələlərinə verilmiş binada yaşayan və futbolu sevən uşaqlara top göndərdiyini öyrəndik. Qurbanov "O uşaqlara tək top yox, forma, başqa nə lazım olsa, hər zaman gətirəcəyik" dedi.

Qurban müəllimə tədbirdən öncə yarızarafat "Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin fəxri diplomla təltif etməsindən sonra daha bütün mükafatlara sahib çıxdınız" dedim. O da dərhal zarafatla "Deyirsən daha karyeramı bitirim?" cavabını verdi. Utanmasam "Bu addımı atsaz, gərək Azərbaycan futbolu da bitsin" söyləyəcəkdim...

Yeri gəlmişkən, böyük futbol azarkeşi olmuş şəhidimiz Səid Rəşidzadənin atası Nofəl Qasımov “Huner Group”un rəhbəri və "Turan Tovuz"un sponsoru Ehtiram Quliyevə bölgə futboluna verdiyi dəstəyə görə xüsusi mükafat təqdim etməli idi. Ehtiram bəy üzrlü səbəbdən tədbirdə iştirak edə bilmədiyindən mükafatı "Turan Tovuz"un rəsmisi, vaxtilə "Qəbələ"dəki uğurlu işi ilə tanınan Səməd Nəsibov aldı. Mükafatı bir şəhid atasının verməsi də rəmzi məna daşıyırdı. Ehtiram Quliyev bu haqda danışmağı sevməsə də, Vətən müharibəsində istər ön, istərsə də arxa cəbhədə böyük fədəkarlıqlar etmiş bir Azərbaycan oğludu. Mən bunlardan yalnız birini deyim. Ehtiram bəy özünün aldığı ambulansla müharibənin ən qızğın vaxtları ön cəbhədə sürücülük edib, yaralı qəhrəmanlarımızı xilas etməyə çalışıb. "Əvvəllər öncəliyimiz Qarabağ idi. Şükür cənab Prezidentin rəhbərliyi ilə bu problemi həll etdik. İndi öncəliyimiz Turandı" - Ehtiram Quliyevin bu sözləri "Turan Tovuz"la “Huner Group”un sponsor anlaşması imzaladığı tədbirdə dediyini xatırlayıram...

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılovun mediaya daimi dəstəyinə görə "Bal Line" şirkətinin rəhbəri Altay Əliyev üçün hazırlanmış mükafatı ETOPAZ-ın təmsilçisi Yusif Həsənova verdikdən sonra futbol şərhçisi kimi Azərbaycan tarixində möhürünü vurmuş keçmiş həmkarımızın mərhum atası, tanınmış jurnalist Surxay Əlibəylini xatırlaması və onun haqda sözləri də təsirli idi.

Uşaq futbolunun inkişafındakı roluna görə "Sabah" Futbol Klubu da xüsusi mükafatla təltif edildi. Mükafatı "Sabah"ın idman direktoru və U-19 komandasının baş məşqçisi, Azərbaycan tarixinin futbol üzrə yeganə Olimpiya və İsveç çempionu İqor Ponomaryov aldı. Kim bilir, bəlkə də gələcəkdə "Sabah" akademiyasından da beynəlxalqmiqyaslı yarışlarda uğur qazanacaq neçə-neçə çempionlar yetişəcək.

Mövsümün ən çox tərəqqiyə nail olmuş klubu üçün mükafat "Araz Naxçıvan"a verildi. Naxçıvanlıların Premyer Liqaya qayıtmasında böyük əməyi olan gənc baş məşqçi Azər Bağırova bu mükafatı Beynəlxalq Futvole Federasiyasının prezidenti Vüsal Xəlilov təqdim etdi.

Millidə və "Neftçi"də sabit yüksək səviyyəli oyunu ilə fərqlənən Emin Mahmudov "Ən yaxşı futbolçu", "Sabah"dakı uğurlu çıxışından sonra millidə də debüt etmiş Yusif İmanov "Ən yaxşı qapıçı" mükafatlarını gənc yaşlarında futbol üzrə dünya və Avropa çempionu olmuş Arif Əsədov və yeniyetmələr arasında dünya çempionluğunu qazanmış Vladislav Qədirovdan aldılar.

Çempionlar Liqasının qrup mərhələsinin oyununu idarə etmiş ilk azərbaycanlı hakim kimi tarixə düşmüş Əliyar Ağayev layiq olduğu "Ən yaxşı hakim" mükafatına qovuşdu. Adı Tofiq Bəhramov və Eldar Əzimzadə ilə eyni sırada çəkilən Azərbaycan hakimlik məktəbinin ən ünlü yetirmələrindən biri Rüstəm Rəhimov "Biz ötən əsrin ən yaxşıları idik, Əliyar isə yeni əsrin ən yaxşı azərbaycanlı hakimidi" dedi.

"Qarabağ"ın direktoru Emrah Çelikel, rəhbərlərindən olduğu klubun 10-cu dəfə Azərbaycan çempionlunluğu qazanmasından və 2 ulduz almasından sonra (bunun 9-u Emrah bəyin klubda çalışdığı dövrə təsadüf edir) illərdir haqq etdiyi "Mövsümün ən yaxşı klub funksioneri" mükafatına sahib oldu.

Ümid edək ki, 2023/24 mövsümündə Ağdam klubu avrokuboklarda daha bir ilkə imza ataraq əvvəlki nəticələrini yaxşılaşdıracaq.

Bu mövsüm "Sports.az Awards" mükafatı almayan, amma buna layiq olanlar da az deyil.

Məsələn, məhdud büdcə ilə avrokuboklara və ən azı ölkə kubokunun finalına yüksəlmiş (qalib bu axşam bilinir) "Qəbələ" mövsümün ən yaxşı futbol sərgiləyən komandalarından idi. Gözəl oyun baş məşqçi Elmar Baxşiyevə görə idisə, uşaq futbolu üçün ölkədə ən yaxşı şəraiti olan akademiyanı qorumaq, bunun üçün yeni sponsor cəlb etmək Fariz Nəcəfova görə mümkün oldu. 

Ümumiyyətlə, 2022/23 mövsümündə "Qəbələ"nin çıxışını hərtərəfli uğurlu saya bilərik. Bu işdə klubun baş meneceri Nail Kərimovdan media marketinq meneceri Anar Hacıyevəcən əyalət təmsilçisi üçün könül verən hər kəsin böyük payı var.

"Sabah"dan Murad Musayev və Aleksey Kaşuk, "Qarabağ"dan Ramil Şeydayev, "Turan Tovuz"dan Ayxan Abbasov, Nadir Nəbiyev və adını çəkmədiyim bir çox başqa isimlər ən xoş sözlərə layiq idi. Şəxsən mən "Zirə"nin qış transferlərini çox bəyəndim. Gənc Taleh Nəsibovun prezidenti olduğu, Elman Himayətoğlu, Elmar Abdullazadə kimi bacaraqlı kadrların çalışdığı klub gələcəyin komandasını qurur kimi bir görüntü var. Və elə növbəti mövsüm Rəşad Sadıqovun yetirmələrini daha yüksək pillələrdə görsək, təəccüblənməyəcəm. Bu mövsüm də "Zirə" son anacan əzmkarlıq göstərdi, avrokuboklar uğrunda vəsiqə üçün son tur bitənəcən mübarizə apardı.

Legionersiz oynayan "Şamaxı"nın siyasəti yekunda nəticə verməsə də, çox istəyərəm ki, Premyer Liqada ən azı 18 klub olsun. Yerli futbolçularla çıxış edib, nəticə qazanılmasa belə...

Sports.az saytının müstəqil Azərbaycan futbolunun tarixində bir ilkə imza atararaq futbol mövsümünün ən yaxşılarını seçməsinə qayıtdıqda, təntəli mükafatlandırma mərasiminin dünyanın ən yaxşı otel brendi olan "Four Seasons"da keçirilməsi də bəlkə də hansısa bir rəmzi məna daşıyırdı. Ümid edək ki, Azərbaycan futbolu da gələcəkdə dünyada brendə çevriləcək. 

Sonda "Sports.az Awards"ın ilk mükafatlandırma mərasiminin belə yüksək səviyyədə alınması üçün dəstəyini əsirgəməyən ETOPAZ-ın rəhbərliyinə və bu tədbirdə əməyi keçən hər kəsə minnətdarlığımı bildirirəm.

Məxsusi təşəkkürlərim isə təşkilati məsələlərdə yanımda olanlara, əziyyət çəkənlərə - AMADA-dan Vamiq Nəsirova, "Qarabağ"dan Gündüz Abbaszadəyə, "Sabah"dan Elnur Həmidova, Rüstəm Allahverdiyev naşda olmaqla "Neftçi" Medianın əməkdaşlarına, ən əsası Vətən müharibəsi qazisi, idman mediamızın fəxri Daşqın Əzizə, Sima xanıma, Elmir bəyə və bütün möhtəşəm "Four Seasons" kollektivinə!

Növbəti futbol mövsümün ən yaxşılarını da Azərbaycanın ən yaxşı otelində keçirmək diləyi ilə!

P.S. Mükafatların seçimi isə əziz dostum AİJA-nın vitse-prezidenti və Estafet.az saytının rəhbəri Natiq Nəsirovun zövqünə uyğun idi. Bunları tarix üçün yazıram ki, ilk addım ən çətindi və bunda mənə dəstək olan adamları ən azı özüm unutmayım. 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar