“Neftçi”nin büdcəsi “Qarabağ”ın büdcəsinə uyğun olacaq” - Erkin İbrahimovla geniş müsahibə
Onunla təxminən 25 ilə yaxın bir-birimizi tanıyırıq. Futbolumuzdakı nadir koloritli personalardandı. Qafqazda ilk idmanyönümlü saytın yaradıcısıdı. Daha sonra futbol menecerliyinə keçib və bu sahədə də tanınmış simalardandı.
Köklü nəsildəndi. Babaları Səfər İbrahimov və İsabəy Səlimxanov da yetərincə koloritli şəxsiyyətlər olublar.
Ondan 23 il öncə, ölkəmizdəki ilk idman saytının Xəqani küçəsində yerləşən ofisində "Futbol+" qəzeti üçün müsahibə almışdım. O zaman mənim 18, onun 19 yaşı vardı. İndi bir az qocalmışıq deyə müsahibə çox uzun çəkdi. Bəlkə də çoxdandır danışmırıq, buna görə idi. Amma ürəyimizi boşaltmağımız 3 saat aldı.
Son dəfə 8 il öncə mən “CBC Sport”da işləyəndə dəyərli həmkarım Həmid Həmidovun dəvətilə "Anadolu Restoranı"nda rahat söhbətləşmişdik.
Erkin İbrahimov intellektli və universal şəhər uşağıdı. Yaşı 42-yə çatsa da, mənim üçün yəqin ki, həmişə İçərişəhərin dar küçələrində, "Axundov bağı" ətrafında, "Zevin"də tez-tez tək-tənha dolaşan, Baba Pünhanın yaradıcılığını sevən, bir neçə dili mükəmməl bilən, Azərbaycanda internetin ilk bilicilərindən biri, futbolu gözəl anlayan və məşqçi-analitik kimi çalışsa, böyük uğurlar qazanacağına şübhə etmədiyim, kreativ, yumor hissi olan, "Azərbaycan futbolunda heç vaxt dostum olmayıb" deyən qaqaş və ya özünün dediyi kimi "brate"...
Erkin İbrahimovun Sports.az saytına geniş müsahibəsi onun portretini tam açmayacaq. Amma futbolumuz haqda yetərincə maraqlı məqamlarla tanış ola biləcəksiniz.
"Dövlətin pulları boş yerə xarici agentlərə gedir"
- Bu yay transfer bazarı ötən illə müqayisədə neçə keçir?
- Fəal. Klubların büdcəsi artıb, daha bahalı və keyfiyyətli futbolçular axtarırlar. Məsələn, "Turan Tovuz"u misal çəkə bilərəm. Yeni komanda gəlib - "Araz Naxçıvan". Onlar da iddialıdırlar. Bəzi komandalarda baş məşqçi dəyişikliyi olub, daha yaxşı heyət qurmaq istəyirlər.
Artıq bir neçə transfer həyata keçirmişəm, bəzi klublara təmənnasız kömək etmişəm. Yeniləri də olacaq.
Kim sənə dəyər verir, onlarla da işləyirsən. Bu mənada ciddi problem yoxdu. Xırda-para problemləri də keçərik. Şükür Allaha, çoxu hörmətlə yanaşır. Xeyirlisi.
"Turan Tovuz"a Martin Petkovu gətirdim. 1 ildi üstünə düşmüşdük, gənc futbolçudu, inanıram ki, faydalı ola biləcək. Bundan başqa tovuzlulara Qaçu və Aleks Serranonu, "Kəpəz"ə Onanuqanı, "Zirə"yə Tiaqo Silvanı da mən gətirmişəm.
Təəssüf ki, Lokidonun "Qarabağ"a transferi alınmadı. Hər şey rəsmiləşməyə 1 gün qalmış "Hall Siti"dən təklif gəldi. Adamı qınamaq da olmur. Sadəcə, təəssüflənirəm ki, Qurban Qurbanovun vaxtını aldım. Futbolçu həm söz vermişdi, həm ilkin imza atmışdı, klubu ilə də məsələsi həll edilmişdi. Azərbaycana böyük futbolçu gətirmək çətindi. Yenə də Şükür Allaha, davam edirəm, baxışlarıma sayğıyla yanaşan klublar var - "Zirə"di, "Turan Tovuz"du, "Kəpəz"di, "Araz Naxçıvan"dı və s.
- Sən həm də gənc oyunçularımızı xaricə aparan menecer kimi tanınırsan, hazırda belə bir perspektiv varmı? Ümumiyyətlə, xaricdə oynayacaq potensialda oyunçularımız varmı? Və tək onların yox, ümumiyyətlə, müqaviləylə müştərin olan oyunçularımızın adlarını çəkə bilərsənmi?
- Menecerlikdə yad fiquram. Bu iş mənə görə deyil. Sadəcə, gəlir gətirən sahədi. Olmasa neynəyəcəm?! Futbolda davam etmək, var olmaq üçün bir üsuldu. Həm futbol biliyim, həm reputasiyam bu işdən üstündü. Buna görə də heç kimlə müqavilə bağlamıram. Məşhur portuqaliyalı agent Paolo Barbozanın müsahibəsini oxumuşdum, o da deyirdi ki, futbolçu ilə müqavilə bağlamıram. İndiyəcən mən də heç bir futbolçu ilə müqavilə bağlamamışam. Otururlar çayxanada futbolçu deyir gedək imza atım, şəkil çəkdirək. Braziliyada, Xorvatiyada uşaqla 10 yaşdan məşğul olurlar, butsi alırlar. Bizdə də belə agentlər var, alqışlayıram. Konkret iki nəfər tanıyıram, uşaqlarla işləyirlər, onlara maddi kömək edirlər. Hə, bu başqa məsələdi.
Ümumiyyətlə, mənim əlimdə olsa, yerli futbolçulara görə komissiya verilməsinə qadağa qoyardım. Komissiya AFFA tərəfindən o vaxt verilsin ki, futbolçunu xaricə aparasan. Yoxsa müəyyən maxinasiyalara yol açır. Olub ki, yerli futbolçunu xaricə aparmaq istəmişəm, deyib mən başqa menecerlə işləyirəm. Bir il sonra da özünə klub tapmır, başlayır xahiş etməyə. Əvvəllər həmişə xaricə oyunçu aparırdım. İndi həvəsdən düşmüşəm. Çünki, çox da uğurlu olmur. Futbolçularımızın markası yoxdu.
Musa Qurbanlını İsveçə aparan agentlər - Tural Əsgərov və Boyan İliç çox böyük iş gördü. Bunu xüsusi vurğulamaq istəyirəm. Çünki, mən İsveçin bir başqa köklü klubuna Musanı təklif etmişdim, heç yaxın durmadılar.
Keyfiyyətli yerli futbolçular elə Azərbaycanda da hamıya lazımdı. Adətən burda variantı olmayanlar xaricə getmək istəyir. Bu da menecer üçün qazancdan çox, maddi zərərdi. Düzdü, mən mənəvi olaraq özümə borc bilirəm, xərcim çıxsa da, çalışıram bizim futbolçuları xaricə aparım. Bura legioner gətirib, qazanıram, şükür. Arada belə ziyan da olsa, eybi yox. Əsasən Pribaltika ölkələrinə futbolçu aparıram. Orda da qışda transfer bazarı daha fəal olur.
Bu mənim təklifimdir ki, yerli futbolçulara görə agentlərə komissiya verilməsinə qadağa qoyulsun. Və ya şərt olsun ki, əvvəl apar xaricə, komissiyanı al, sonra qayıdıb Azərbaycan klubunda oynasa, yenə alarsan.
İndi futbolçularımızı xarici agentlər də aldadır. Yalandan deyirlər səni aparacam xaricə, sonra da görürsən ki, getdi "Sumqayıt"a, xarici agent də komissiyasını aldı. Halbuki, bu futbolçular elə menecersiz də Azərbaycanda özünə klub taparlar. Sonda isə klubların və dövlətin pulu boş yerə xarici agentlərə gedir...
- Latviya futbolu ilə sıx əlaqələrin var. Səni həm də bu ölkənin futbolunun bilicisi də adlandırmaq olar. "Sabah"ın avrokubok perspektivlərini necə görürsən?
- Əvvəl demişdim ki, RFS hər iki oyunu udub "Sabah"ın rəqibi olacaq. İndi isə Kaşukun gedişinə baxmayaraq, yüzdəyüz deyirəm ki, RFS-i keçəcəyik. "Sabah"da çox gözəl kollektiv yaradılıb. Oyunlarından həzz alıram. Klub rəhbərliyi və Murad Musayev iddialıdır. Son 4-5 ildə onlara heç futbolçu verməmişəm. Amma şəxsi ambisiyalardan daha üstün şeylər var. Qısa zaman ərzində çox böyük işlər görüblər, "Qarabağ"a rəqib olacaq bir klub yaradıblar. Məncə, Azərbaycanda istənilən azarkeşin ikinci klubu "Sabah"dı. Çünki, çox düzgün istiqamət götürüblər. Futbolu hər şeydən üstün tuturlar. Düzgün yoldadılar, transferləri də əladı, bütün qurduqları işlər də. Hələ uşaq futboluna verdikləri töhfələrdən səhərə qədər danışmaq olar. "Sabah" RFS-i hər iki oyunda rahat udacaq.
- Avrokuboklardakı digər klublarımız haqda nə düşünürsən?
- Əvvəldən proqnoz vermişdim ki, "Neftçi"nin rəqibi "Jelezniçar" olacaq. "Neftçi" istənilən halda, bu heyətlə də "Jelezniçar"ı keçməlidi.
"Qəbələ"yə çox ağır rəqib düşüb, üstəlik, komandadan 6-7 futbolçu gedib. Burda birbaşa favorit "Omoniya"dı. Çox istərdim ki, "Qəbələ" keçsin, amma heç inanmıram. Çünki, rəqib çox çətindi…
"Rakuv"un tarixi uğurlarının memarı olan baş məşqçi artıq klubdan gedib, ümumiyyətlə, çempion komandada böyük dəyişiklər var. Polşada bizdəki kimi çempionat hələ başlamayıb. İnanıram ki, cütün qalibi "Qarabağ" olacaq.
- Bütün klublara oyunçu verə bilirsən, yoxsa, elə klublar ki, yalnız öz menecerləri ilə işləyir?
- Təəssüf ki, bəzi adamların fikirləri 90-cı, 2000-ci illərdə qalıb. Elə bilirlər sponsor varsa, pul buraxırsa, başına hər oyun açmaq olar, klubun büdcəsi, dədələrinin "kassasıdı". 2023-cü il olub, nə yazıq ki, futbolumuzda hələ də belə "dinozavrlar" çalışır. Ad çəkmirəm, amma bəzi klublar var ki, baş məşqçi istəyir sırf öz adamları qazansın. Sadəcə, "Kəpəz" nümunəsi hələ də gözümüzün qabağındadı. Adam istəmir belələrinə görə sponsor Azərbaycan futbolundan getsin, daha bir komanda aşağı liqaya düşsün. Təəssüf ki, belə komandalar var. Məsələn, sənə deyirlər ki, solaxay futbolçu axtarırıq. Sonra görürsən həmin mövqeyə işlək ayağı sağ olan oyunçunu götürdülər, yola verirlər...
Erkin İbrahimovu yola vermək olmaz! Həmin klubun rəhbərliyinə əvvəldən bildirmişəm ki, alınmayacaq, nə mən işləyim vaxtımı boşa verim, nə sizə baş ağrısı olmasın. Qayıdıblar ki, yox, nə danışırsan? Bizdə hər şey şəffafdı. Amma sonda elə klub rəhbərliyi də mən deyənə gəlib çıxır.
Artıq lazımi tədbirləri görmüşəm. İnkişaf hamımıza lazımdı. Futbolumuz təmizlənməlidi. Son illərdə böyük işlər görülür. Amma hələ də bu cür hallar var. Artıq lap yuxarılara da, həmin klubun sponsoruna da gedib çıxacam. Şükür Allaha bu yöndə bir problem yoxdu. Sadəcə, sponsorlar yazıqdı. Onları futboldan qaçırtmaq olmaz. Əlimdə faktdan çox fakt var. Çalışmalıyıq ki, futbolumuzda bu cür neqativ hallar olmasın.
"Elxan Məmmədov çağırdı, oturduq 3-4 saat səhvlərdən söhbət etdik"
- Səni də hansısa klubun öz meneceri saymaq olar?
- Bu, mümkün deyil. Belə şeyləri xoşlamıram. Bəzi mərhələlərdə hansısa klubda söz sahibi olmuşam. Ancaq yenə də rəhbərliyə demişəm ki, kim yaxşı futbolçu verəcəksə, həmin adamdan götürək. Bunu hamı bilir. Klubla münasibət varsa, bundan sui-istifadə etmək olmaz. İlk növbədə futbolu düşünmək lazımdı.
Sonra işsiz qalanda giley-güzar edirlər ki, biz niyə işsizik, xaricilər gətirilir?! Qoy baş məşqçi hardan gəlir-gəlsin, təki işlər şəffaf qurulsun. Məşqçi üçün 1-ci yerdə pul yox, futbol olmalıdı. Uzun sözün qısası, məndə o səlahiyyət olanda belə heç vaxt sui-istifadə etməmişəm.
- "Kəpəz"dən danışdın. Həmin hadisədə səncə, Elxan Məmmədovun heç günahı yox idi?
- Səhvi onda idi ki, Mikayıl Nərimanoğlu kimi maksimum AFFA-nın mətbuat katibi ola biləcək adama klub tapşırmışdı. Mikayıl Nərimanoğlu işdən çıxandan dərhal sonra Elxan Məmmədov məni çağırdı, bir yaxın dostumuzla bərabər 3-4 saat oturduq, səhvlərdən söhbət etdik. Bəli, bu təyinat onun səhvi idi. Futbolda rəhbər vəzifəyə kadr seçəndə diqqətli olmaq lazımdı. Son illər görürük ki, düzgün adamlar futbol klublarının başındadı. Mənə də onlarla müzakirə aparmaq xoşdu.
- Keçmiş baş katibin bu sahədəki fəaliyyətini necə dəyərləndirirsən?
- Azərbaycan futbolunu idarə etmək çox çətindi. Biz toplum olaraq həmişə 1 nəfərin üstünə yüklənmək istəyirik. Əlbəttə, səhvlər çox idi. Foqts, Yurçeviç kimi məşqçilərə millini etibar etmək, bəzi klubları işbilməz adamlara tapşırmaq düz deyildi. Amma pozitiv məqamlar da var idi. Bu gün “Elxan Məmmədov pisdi, Sərxan Hacıyev yaxşıdı” deyəndə, unutmayaq ki, Hacıyev də 15 ildi AFFA-da çalışır, 2012-ci ildən Məmmədovun müavini olub və indiyəcən olan hər şeyə görə o da cavabdehdi.
Gedənin arxasınca danışmağı sevmirəm. Həmişə sözü vaxtında söyləyirəm. İndi desəm ki, Elxan Məmmədov getdi, hər şey yaxşı olacaq, yaraşmaz. Futbola daha qlobal yanaşılmasının, gələcək haqda danışmağın tərəfdarıyam.
AFFA-ya rəhbər gəlmək istəyənlər var. Buyursunlar. Amma proqramları, futbolun inkişafına baxışları nədi, kadrları kimdi? Bu sualların cavabını bilmirəm. Yalnız onu bilirəm ki, Azərbaycan futbolunun başında kim olsa, daim hədəf ona tuşlanacaq, haqlı-haqsız tənqid atəşinə tutulacaq.
- Çətin olan məqamlar hansılardı? Milyardlarla dollar dövlətin ayırdığı vəsaitin geridönüşü nə oldu? Elxan Məmmədovun dövründə hansı düz strategiya, plan, sistem quruldu? 15 illik fəaliyyətindən sonra futbolumuz niyə belə aytsayder durumundadı? Pul olmayan "peraşki" dövrü ilə müqayisədə nə dəyişdi ki?
- Elə deyərdin ki, Elxan Məmmədovdan danışacağıq (gülür).
Bəli, AFFA istənilən halda ölkədə futbolun inkişafına cavabdeh təşkilatdı. Amma əks sual verim. Ramin Musayev də PFL prezidenti olmuşdu, çempionat hansı səviyyədə idi?! Və ya "Bakı" klubu. Düzgün idarə edilsəydi, bu gün o stadion da qalardı, öz torpaqlarında baza da, stadion da, otel də tikərdilər və s. və i. Bu gün də öz yetirmələri ilə oynayardılar. Bunu da sabiq baş katib etdi? Yox! Və ya "Xəzər Lənkəran". Milyonluq futbolçu gətirirdilər, nə qədər maliyyə qalmaqalları oldu. Buna görə də hər şeyi Elxan Məmmədovun boynuna yıxmaq ən asan yoldu.
Xoşuma gəlməyən onun dövründə susub, indi dili açılan insanlardı. Estoniya ilə oyuna “Skybox”dan baxdım. Fasilədə və oyundan sonra gördüm ki, 15 il susan adamlar artıq danışır, irad bildirir. Azərbaycan futboluna ən böyük zərbəni onlar vurub... İndi nə var e, Məmmədov getdi "FİFA Elxan" oldu, gəl səhərəcən onu söyək... Amma bu adamlar heç yerə gedəsi deyil, burda qalacaqlar, bu gün Sərxan Hacıyevi tərifləyəcəklər, sonra onun yerinə gələni tərifləyib, Hacıyevi tənqid edəcəklər...
Futbol camiəsində böyük problemlər var. Əlbəttə, daha yaxşı işlər görmək olardı, görmədilər. Amma “hər şey yalnız pis oldu” da deyə bilmərik.
- Sən futboldakı azsaylı intellektuallardansan, ona görə istəyirəm ətraflı danışaq. Tək Elxan Məmmədovdan yox, ümumiyyətlə, futbolumuzdan. Yaxın münasibətiniz olub və problemləri də, səhvləri də başqalarından çox bilirsən, sadəcə, bəlkə həmin münasibətə görə demək istəmirsən. "Kəpəz"dəki fırıldağı xatırladın deyə yadıma düşdü.
Ümumiyyətlə, onun dövründə uşaq futbolundan tutmuş böyük futboluna kimi hər şey yaxşı idimi? Elə sənin birbaşa çalışdığın futbolçulardan "otkat" alınırdımı? Alınırdısa, bundan xəbəri yox idi?
- Mən ümumiyyətlə, menecerliyə yad adamam. Çünki, "otkat"-"podkat" söhbətlərinə qarışmıram. Belə işlərdə yoxam. Buna görə də, bir məşqçi var, onunla mənimki alınmır. Yoxsa bir çoxları kimi mən də onunla işləyərdim.
Elxan Məmmədovla yaxın münasibətim olmayıb. Olsaydı, AFFA-nın himayəsindəki klublardan birində rəhbər vəzifə tutardım. Hə, çoxdan tanımışam, eyni məktəbi bitirmişik, məndən səhv etmirəmsə, 2-3 yaş böyükdü. Ancaq yaxın münasibət?! Bəzən ümumiyyətlə, olmayıb, sonra normallaşıb, sonra yenə olmayıb. Çünki bir çoxlarından fərqli, yanlışları üzünə demişəm, TV-də də çıxışlar etmişəm, statuslar yazmışam. Şükür Allaha, hamının arxivi durur. Elə adamlar var ki, Məmmədov vəzifədə olanda "Əlişə atam" deyirdilər, indi isə əks mövqedədilər. Belələrindən qorunmaq lazımdı. Erkin, Anar və digərləri böyük futbolçu karyerası olan adamlar deyil.
Sözüm futbol veteranlarınadı. Daha çox keçmişin ulduz, ağsaqqal futbolçuları danışmalı idi. Ancaq onlar susurdu, indi dilləri açılır.
Elxan Məmmədovla bir yerdə futbol oynayandan sonra şəkil yayıldı deyə, yaxın adam oldum? Ona qalsa, Qurban Qurbanovla da futbol oynamışam, nazir oğlu ilə də, deputatla da.
Beş il “Neftçi”yə bir oyunçu vermədim, yaxın buraxmırdılar. Yaxın dediyiniz adamlara isə iş də verdilər, pul-para da qazandırdılar. İndi də onlardan bəzilərinə baxıram, insanlara düzgünlüq, peşəkarlıq dərsi keçirlər. Baxmayaraq ki, məndən futbolçu adı alıb özlərinə yaxın adamlarla arxada iş görürdülər. Yenə deyirəm problem çoxdu, səhərəcən sadalasaq, bitməz. Problemlər N qədərdi. Amma mən olan yerdə "otkat" sözü ola bilməz, mümkün deyil.
"Anladım ki, məndən Balaş Qasımov olmayacaq"
- Əslində sualım səninlə bağlı deyildi. Maraqlıdır ki, Elxan müəllim o milyardları nə etdi? Niyə o qədər vəsaitin qabağında burax böyük futbolunu, uşaq futbolu yoxdu?! Elxan müəllimin fəaliyyətinə 10 ballıq şkala ilə neçə bal verərdin? İndi də səncə, FİFA-da Azərbaycan üçün hansısa faydalı iş görürmü və ordakı fəaliyyəti dövründə görübmü? Niyə hər rayonda, kənddə heç olmasa, bir uşaq komandası, uşaqların futbol oynaması üçün meydança yoxdu? Mən sənə sırf menecer gözü ilə baxmıram. Ona görə belə suallar verirəm. Səndən futbol bilicisi kimi soruşuram. Sən isə tək futbol bilicisi deyilsən, həm də keçmiş "Kim? Harada? Nə vaxt?" oyunçususan. Bunu bəlkə də çoxları bilmir.
- "Kim? Harada? Nə vaxt?" oynamışam, beynəlxalq turnirlərdə də komandaların tərkibində yer tutmuşam. Amma sonda anladım ki, məndən Balaş Qasımov olmayacaq. Maksimalistəm, sıradan biri olmaq istəmədim. Gördüm bu oyunu məndən yaxşı bilənlər var.
...Belə deyim də, hər şeyi bir adamın üstünə yükləmək düz deyil. Yevlaxda o boyda stadion, infrastruktur başsız qalıb. İmişlidə Heydər Əliyevin adını daşıyan stadionda neçə illər idi futbol oynanılmırdı. Bunun da günahını bir adamda, bir təşkilatda görək?! Rövnəq Abdullayev-Elxan Məmmədov dövründən əvvəl də elə klublar var idi ki, dağılırdı. Çünki, futbolçulara min dollar "premiya" yazanda arxasına sıfır artırıb sponsora 10 min kimi göstərirdilər...
Bizdə sağlam qüvvələr çox azdı.
"Sabah" klubunun yaradılmasında yaxından iştirak etmişəm. Onların işlərini görməmək üçün gərək kor olasan. Uşaq futboluna, ümumiyyətlə, futbola necə yanaşırlar, nəsə qazandırmaq istəyirlər. Həmişə irəli baxmaq və fikirləşmək lazımdı ki, səviyyəni necə yüksəldək. Futbol məhz "Sabah"ın rəhbərliyində təmsil olunan insanlarla, Qurban Qurbanovla, Rəşad Sadıqovla qalxacaq. Onlar futbol fədailəridi, pulu-güzaranı yox, futbolun inkişafını fikirləşirlər. Belə adamlar çox gəlməlidi.
İndi "Araz Naxçıvan" gəlib, yaxşı işlər görmək istəyirlər. AFFA-nın ən böyük səhvi ölkə birinciliyini Bakı çempionatına çevirməsi idi. Bu da 50 faiz AFFA-nın günahıdısa, 50 faiz də PFL-in günahı idi. Çünki, istəmirdilər. Ramin Musayevə də sərf etmirdi ki, bölgələrdə futbol, azarkeşlər olsun. Əvvələr hakimlər nə hoqqalardan çıxırdı. Bir 10 il əvvəl vəziyyət necə idi? Xəqani Məmmədov indi nə qədər çıxıb TV-də düzgünlükdən danışsa da, gəlin onun dövrünü indki ilə müqayisə edək.
Daha çox növbəti il AFFA-da olacaq seçkiləri düşünməliyik. Kim hansı platforma ilə gələcək, hansı kadrları cəlb edəcək?
- Hansı qüvvələr gəlməlidi?
- Futbolu təmənnasız sevən, yenilik gətirmək istəyən, ruhən sənin-mənim kimi futbolu hər şeydən üstün tutan insanlar. Hələlik kiminsə iddiasını, platformasını ortaya qoyduğunu görmürəm.
- Konkret ad çəkə bilərsən? Sənin ürəyindən keçən biri varmı?
- Hələlik üfüqdə görünmür. Sadəcə, istərdim ki, bilikli, savadlı, bacarıqlı kadrlar kənarda qalmasın. Məsələn, Tahir Süleymanov kimi futbolu gözəl bilən, idarəçi kimi özünü sübut etmiş bir kadr nəyə görə uzun müddət işsiz qalmalıdı?! Elxan Məmmədov iş verməyib, Sərxan Hacıyev versin. Niyə vermir?! Niyə Hakimlər Komitəsinin sədri o vaxt da xaricdən gəlirdi, indi də xaricdən gəlir. Azərbaycan hakimliyini Tahir Süleymanovdan yaxşı biləcək?! Niyə bu vəzifə Tahir Süleymanova təklif olunmur?!
Tengiz Abukadzenin "Tövbə" filmi var. Orda postkommunizm, poststalinizm dövründən danışılır və sonda belə bir nəticəyə gəlinir ki, millət konsolidasiya olmalıdı. İndi kim bu işin başında gələcəksə, ondan xahişimiz budur ki, heç bir özünü sübut etmiş, bilikli, bacarıqlı kadr prosesdən kənarda qalmasın.
- Az öncə Balakişi Qasımovun adını çəkdin. Anladığım qədərilə yaxından tanışsınız. Eşitdiyimə görə, futbolla peşəkar səviyyədə məşğul olub. Murad Musayevin də onun təşəbbüsü ilə gəldiyi deyilir. Bəlkə də "Sabah" da onun layihəsidi, dedin, əvvəldən orda olmusan, daha yaxşı bilərsən. Anlaşılan bu ki, adamın yetərincə futbol biliyi, savadı, sevgisi var. İntellektual oyunlarda etdiklərindən, bu sahədə ölkəmizin adını bütün dünyada yüksəltməsindən danışmaq artıqdı. Yeni bir sahədə - televiziyada rəhbər kimi böyük uğurlar qazandı, Azərbaycan TV məkanına yeniliklər gətirdi.
Səncə, belə bir adam AFFA prezidenti ola bilərmi? Yoxsa, mütləq SOCAR prezidenti olmalıdı? Və ya veteranlar həmişə deyir ki, tanınmış futbolçu gəlsin. Səncə veteran futbolçuların hansındasa bu qabiliyyət varmı?
- Ümumən, Balakişi Qasımov kimi intellekti yüksək, cəmiyyətdə çəkisi olan, tanınan insanları futbol sahəsində görmək hər zaman xoşdu. Bilmirəm Murad Musayevin gəlişi nə dərəcədə onun ideyası olub. Musayev "Kim? Harada? Nə vaxt?" hərəkatında iştirak edib. Əlbəttə, ona Balaş Qasımov kimi adam zəng edəndə təklifə başqa cür yanaşıb. Balakişi müəllim "Sabah"ın rəhbərliyində təmsil olunub, klubun uğurlarında faktiki payı var. Amma bugünəcən dövlətin xətti belədir ki, "Neftçi"nin şinelindən çıxan rəhbər AFFA-nın da prezidenti seçilir. Bu da anlaşılandı. Çünki, həmin şəxs maliyyə ayırır. Balakişi Qasımovu AFFA rəhbərlərindən biri kimi görsəm, yalnız sevinərəm, Azərbaycan futbolu üçün xoş olar. Ancaq bununla bağlı hələ təsəvvürüm yoxdu ki, gələn il nə baş verəcək, necə olacaq?
Veteranlar da bölünür. Biz səninlə jurnalistikaya gələndə U-21-də oynayanlara indi veteran deyirik. Onlar sanki, daha dürüst, biliklidirlər, öz üzərlərində çalışırlar. Qısaca deyim ki, sovet vaxtı "Neftçi"də oynamış heç bir veteranda bu potensial yoxdu. Sonrakı nəsillərdən də cəmi iki nəfər var - Qurban Qurbanov və Rəşad Sadıqov.
"Yaxınlarda "Neftçi"də böyük dəyişiklər olacaq"
- Elxan Məmmədovdan çox danışdıq. Belə bir görüntü var ki, futbolu yenə onun adamları idarə edir. Sənə elə gəlmir?
- Çox danışdıq deyəndə, nə sual verirsən mən də ona uyğun cavablandırıram (gülür). Elxan Məmmədovdan sual verirsənsə, Vaqif Sadıqovdan danışası deyiləm ki?! Çətin sualdı, açığı fikirləşməmişəm. İndi sən sualı verdin... Nə bilim... "İcrakom" həmin "icrakomdu", Vaqif Sadıqov həmin Vaqif Sadıqovdu. Sərxan Hacıyev dediyim kimi... Ancaq deməzdim...
İş prosesi elədir ki, qıraqda oturmaqla “coystik"lə idarə etmək olmur. Kənardan bəlkə də elə görünsə də, elə deyil. Amma Elxan Məmmədova yaxın adamları bu gün başqa cür tanıyıram. 15 il fərqli hava çalırdılar, daha doğrusu, çalınırdı, onlar da fərqli oynayırdı, indi fərqli oynayırlar.
- Ələkbər Tağıyevin məşhur "Külək" mahnısı var. Bəlkə bu adamlar küləyin istiqamətini tutmağı yaxşı bacarır? Məsələn, "Neftçi"də prezident Elxan müəllimin ən yaxın dostlarından biri Kamran Quliyevdi. Ümumiyyətlə, "Neftçi"dəki proseslərdən ağlın nə kəsir? Rövşən Nəcəf haqda düşüncələrin xüsusən maraqlıdı...
- Eyyub Yaqubovun da "Küləklər" mahnısı var... Bilirəm ki, "Neftçi"nin büdcəsi "Qarabağ"ın büdcəsinə uyğun olacaq. Bu həm də böyük iddia, məsuliyyət deməkdi. Hər şey Rövşən Nəcəfə məsləhət verənlərdən asılıdı. Kadr siyasəti necə olacaq? Kamran Quliyev hazırda sadəcə, de-fakto klubun prezidentidi. Yaxınlarda "Neftçi"də böyük dəyişiklər olacaq. Mutunu məşqçi kimi tanımıram. Amma bəlkə də fikirləşiblər, görüblər yaxşı məşqçidi, gətiriblər. Məsələn, Rusiya futbolunu yaxından izlədiyimiz üçün Murad Musayevi tanıyırdıq. İstənilən serb məşqçi haqda diaqnoz qoya bilərəm. Amma Mutunu məşqçi kimi tanımıram. Ümumiyyətlə, "Neftçi"nin problemi məşqçi ilə bağlı olmayıb. AFFA-dan bir söz deyiblər, SOCAR-dan başqa, qıraqdan biri çıxıb başqa söz deyib. Belə idarəçilik olmur. Arada 1 dəfə çempionluq qazanıblar. Çoxları deyir, təsadüfidi. Amma təsadüfi çempionluq olmur. Düzdü, davamı gəlmədi. Niyə? Çünki, hərə bir tərəfdən üçbaşlı əjdaha kimi çıxıb dedi ki, mən çempion elədim, mən elədim. Belə yerdə də heç vaxt uğur olmaz. "Neftçi"də öncə idarəetmə üsulu dəyişməlidi. Hər şey bir nəfərin əlində cəmlənməlidi. Rövşən Nəcəfin qarşısında bir adam cavabdeh olmalıdı və o hər şeyə görə məsuliyyət daşımalıdı.
Türkiyə klublarında futbol direktoru olur. Həmin adam kim olacaq? Necə iş aparacaq? Amma yenə deyirəm, idarəçilik metodu dəyişməsə, uzağı epizodik uğurlar olacaq, davamlı faydalı iş mümkün deyil.
- Rövşən Nəcəf AFFA prezidenti ola bilərmi?
- Bizdə yeni əsrdə təməldən belə qurulub ki, neft sahəsinə nəzarət edən adam eyni zamanda futbol federasiyasının prezidenti olur. Bu dövlətin yanaşmasıdı və düzgündü. Çünki, futbol bizim kimi ölkələrdə sosial layihədi. Hələ uzun illər Qazaxıstan, Özbəkistan və bir çox başqa postsovet ölkələrində futbol özü-özünü maliyyələşdirə bilməyəcək. Çünki, toplum, industriya olaraq buna hazır deyilik. Ölkə futboluna maraq çox azdı.
"Neftçi"dəki dəyişiklərdən sezmək olur ki, Rövşən Nəcəfin futbola marağı var. Yenə hər şey seçdiyi kadrlardan bəlli olacaq. Bu mənada "Neftçi" Ramiz Mirzəyevin, Rövnəq Abdullayevin vaxtında da bir platforma olub. Yaşayarıq, görərik. Yenilənmiş "Neftçi" necə olacaq? Hansı kadrlar cəlb ediləcək? İşlər nə dərəcədə faydalı və ən əsas şəffaf şəkildə həyata keçiriləcək? Hər şey bundan asılıdı. Kim ona məsləhət verir, kim qulaq asır, səmimi deyim ki, bilmirəm. Əgər düzgün adamlara etimad göstərəcəksə, "Neftçi"də də uğurlu olacaq və bu strateji xətt davam edəcəksə, həmçinin AFFA-da. Ancaq yenə deyirəm, heç təxmin etmirəm ki, gələn il federasiya rəhbəri kim olacaq.
- Futbol camiəsində AFFA-nın yeni prezidentinə namizədlər arasında zaman-zaman Orxan Məmmədovun da adı çəkilir...
- İstənilən investoru AFFA prezidenti görmək istəyərəm. Orxan Məmmədovu da heç kim məcbur etməyib ki, xərc çəkib klub yaratsın, infrastruktur qursun. Futbolu sevdiyindən edib və artıq bunun müəyyən nəticələrini görürük. Məsələn, "Zirə"nin yetirməsi Cəlal Hüseynov Bolqarıstana, - "Arda" klubuna transfer olunub, "Zirə" ölkə çempionatında medal qazanıb, avrokuboklarda oynayıb. Bu klubun daha böyük uğurları irəlidədi. Çox düzgün xətt seçiblər, eyni məşqçiyə etimad göstərirlər. Keçən il bir az uğursuzluq olsa da, yenə də Rəşad Sadıqova güvəndilər. Baxırsan ki, adamların strategiyası var, ona uyğun hərəkət edirlər.
Minifutbol Federasiyasında da işlər sıfırdan qurulub. Ancaq gördük ki, çempionat hansı səviyyədə keçdi. Qısa müddətdə milli komanda da nəticələr qazandı. AFFA prezidentliyi iddiasında olanlar proqramlarını ortaya qoyacaqlar, hansı kadrlarla işləyəcəkləri bilinəcək. Bundan sonra fikir bildirmək olar. Amma yenə deyirəm, Orxan Məmmədov kimi futbolu təmənnasız sevən, maliyyə ayıran insanları AFFA prezidentliyinə gəlməsə də, daimi dəstəkləmək lazımdı.
"Kamran Quliyev kimi özünə həm prezident, həm də futbolçu kimi maaş yazdırmasın"
- Bir ara millidə də işləmisən. AFFA-da qala bilərdinmi?
- Əfsanəvi Karlos Alberto Torresin baş məşqçiliyi dövründə həm tərcüməçi idim, həm menecer, bütün işlərə baxırdım. Futbolda bir az dərəbəylik dövrü idi. Rəsmi olaraq işləmirdim, sadəcə, Fətulla Hüseynova görə kömək edirdim. Fətulla müəllimlə münasibətimiz vardı, sonra o qətlə yetirildi. Mən də gəldim rəhmətlik Ramiz Mirzəyevlə danışdım, dedilər, qal. Ancaq mümkün deyildi, ordan tam ayrıldım.
- Azərbaycan futbolunda skaut sistemi demək olar yoxdu. Klublar kor-koranə transferlər edir, nəticədə hər il az qala, bütün komandalar heyətlərini əsaslı şəkildə dəyişir. Bu mənada dünya praktikasından öyrənəcəyimiz nələr var? O cümlədən də menecerlərin, agentlərin işində?
- Klub rəhbəri olsam, tam bilirəm ki, əskiklərimiz nədi, nəyi düzəltmək lazımdı. Ancaq bacarıqlı skautlarımız da var. Məsələn, Bəxtiyar Musayev. İlqar Qurbanov bu sahədə yeni olsa da, biliklidi. Həm də biliyini artırmaq istəyir. UEFA xətti ilə bir seminara getmək istəyirdi, AFFA rəhbərliyi imkan vermədi… Bayaq "Sabah" klubunun, Qurban Qurbanovun, Rəşad Sadıqovun adlarını çəkdim. Mütləq Ayxan Abbasovu da qeyd etmək lazımdı. Bir müsahibəsinə baxdım, deyir, klub olaraq böyüməliyik və yavaş-yavaş böyüyürük. Hər şey də bundan başlayır. Bayaq dedim "Sabah"a oyunçu vermirəm, amma "Turan Tovuz"a 3 futbolçu vermişəm. Elə anlaşılmasın ki, buna görə tərifləyirəm. Sadəcə, yanaşmaları xoşuma gəlir. Biri var dövlət büdcəsindən pul gələ, bir də var klubun başında sahibkar ola. Şəxsən tanımasam da, görürəm ki, “Huner Group”un rəhbəri Ehtiram Quliyev kluba bir biznesmen kimi yanaşır. Pillə-pillə, öncə infrastruktur, akademiya, yerli gənc futbolçulara diqqət, stadionda təmir işləri, yeni meydançalar... Azərbaycan futbolu belə inkişaf edəcək. Ehtiram müəllim kimi adamın biri "Kəpəz"ə, biri "Səbail"ə, biri başqa kluba gəlsə, Azərbaycan futbolu sağlamlaşar. Futbol belə klublarla, bölgələrlə yüksələcək. Şəxsi vəsaitini klublara yatıran sponsorlar olsun, Kamran Quliyev kimi özünə həm prezident, həm də futbolçu kimi maaş yazdırmasın... Nə qədər belə futbolu, ölkəni sevən adamlar gəlsə, o qədər yaxşı inkişaf gedər.
- İndiyəcən heç kimin tanımadığı bir menecer istənilən klubumuza yaxşı futbolçu verə bilərmi? Yoxsa mütləq, şəxsi əlaqələr, tapşırıq və s. olmalıdı?
- Əlbəttə, hər şey əlaqələrlə tənzimlənir. Məsələn, mənim özümə bir dəfə Kadini təklif etmişdilər. Baxdım, tanımadığım nömrədən mesaj gəlib ki, 6 minə belə bir futbolçu var. Fikir vermədim, dedim bu kimdi? Nəticədə 1 ay sonra "Qarabağ"da peyda oldu, 2 il sonra 5 milyona satıldı. Biri var, qapalı klublar - monopoliya ediblər, bayaq dediyim kimi. Bir də var məsələn, "Qarabağ" kimi açıq klublar. Onlardan son illər 3 futbolçuya təklif almışam, amma heç birini gətirə bilməmişəm. Nə deyə bilərəm, öz günahımdı. "Zirə"di, "Sabah"dı, bunlar çox şəffaf klublardı. Görürsən tanımadıqları menecer güclü futbolçu təklif edir, qəbul edirlər. Amma təbii ki, hamıya tanıdığı, inandığı adamla çalışmaq daha asandı.
- Bu haqda bir az danışdıq. Azərbaycan klublarında futbolçulardan "otkat" almaq praktikası varmı?
- "Otkat" deyəndə, məsələn bəzi klublar var, menecerlərə komissiya vermir, deyir futbolçu ilə özün anlaş. Biz də "Qırmızı Xaç" komitəsi deyilik ki?! Düzdü, bəzən yaxın münasibət olan klublara, məşqçilərə təmənnasız kömək etmişəm və pul qazanmamışam. Yəni, bu "otkat" deyil. Amma klubda qərar verən adamlarla pulu bölmək "otkat"dı. Heç vaxt bu cür oyunlarda iştirak etməmişəm. Amma futbolumuzda belə hallar həmişə olub, indi də var. Mən hələ ki, susuram. Amma deyim ki, Azərbaycanda ikinci "Kəpəz" olayı yaşana bilər...
"AFFA prezidenti çağırırdı, uşaq kimi danışırdı, xahiş edirdi, bəzən yalvarırdı"
- “Azerifootball” Azərbaycanda ilk idman saytı idi, daha doğrusu, sırf futbol. Bu ideya necə yarandı və neçənci ildə sayt fəaliyyətə başladı? Bunacan hardasa jurnalist işləmişdin? Yadımdadı ki, "Nedelya" qəzetində "R.Kin" imzası ilə ədəbi redaktor vardı. Təsadüfən sən deyildin?
- “Azerifootball” tək Azərbaycanda yox, bütün Qafqazda ilk idmanyönümlü sayt idi. 2000-ci ilin yanvarın 1-i fəaliyyətə başladı. Tələbə idim, futbolu sevirdim. Belə bir ideya ağlıma gəldi. Sağ olsunlar, bu ideyanı anlayan və təmənnasız həyata keçirən insanlar da oldu. Bu insanla indiyəcən dostam. O vaxt çox adam bilmirdi internet nədi, ciddi yanaşmırdılar. Sonra artıq işimizlə məcbur etdik ki, internetlə də hesablaşmaq lazımdı. Ölkə futbolunda və idman mediasında yeni bir epoxa açdıq. Özümü jurnalist saymamışam, heç vaxt jurnalist kimi maaş almamışam. İndi hansı gənc jurnalistlə bir layihə danışsan, öncə pul istəyir. Nə sən, nə mən belə olmamışıq, Elnur Məmmədli də belə olmaylb, İlkin Xəlilov da, İlkin Vaqifoğlu da, digərləri də... Biz pula görə yox, sırf futbol sevgisinə görə bu sahəyə gəlmişik. "Nedelya" qəzetində də özüm idim və baxmayaraq ki, nə Roy, nə də Robbi Kini bəyənmirdim, adıma görə belə təxəllüs seçmişdim. Dövr çox dəyişib. O vaxt futbolda romantika vardı, təsir edə bilirdin... Yazı yazırdın, səhərisi AFFA prezidenti çağırırdı. Səninlə uşaq kimi danışırdı, xahiş edirdi, bəzən yalvarırdı...
Hiss edirdin ki, proseslərə təsir edə bilərsən.
...Bu işləri çoxdan buraxmışam. “Azerifootball” da bağlandı. Özüm qərar verdim ki, artıq zamanıdı. Rusdilli media yox olur, belə də olmalıdı. Sadəcə, o vaxt reallıq, oxucular başqa idi, müzakirələr çox fərqli idi. İndi razılaşarsan ki, jurnalistikada əvvəlki duz qalmayıb. Hər şey 2004-cü ildən klubların jurnalistlərə reklam verməsindən sonra korlandı... Əsl jurnalistika da o dövrdən sonra yox olmağa başladı. Düzdü, indi də az sayda seçilən vicdanlı, əqidəli idman yazarları var. Ancaq o dövrdə hamısı elə idi, heç müqayisə etməyə dəyməz.
- “Azerifootball” bağlandı, football.az açıldı. Bu da sənin layihən, saytın deyil? Və Qafqazda ilk idmanyönümlü saytı bağlayıb başqasını açmağın nə mənası vardı?
- AZ domenləri satışa buraxılan kimi football.az və soccer.az-ı da almışam. "Azerifootball" da bir dövr üçün idi bitdi. Footbal.az-da 2 nəfər cavan çalışır. Gün ərzində nə yazırlar, nə edirlər, xəbərsizəm. Hərdən “feysbuk” səhifəsinə hansısa yumoristik post qoya bilərəm, uzağı. Menecerlik sevmədiyim sahədi. Amma futboldan nəsə qazanırıqsa, əvəzini də az da olsa, vermək lazımdı. Bayaq dedim, çalışıram xaricə gənc futbolçuları aparım, sayta da öz cibimdən xərcləyirəm, etibar etdiyim gənclərə vermişəm işlədirlər. İndi jurnalistika çox dəyişib, hər şey pulun üstündədi. Kimsə pul verirsə, onu tərifləyəcəm, yoxsa pisləyəcəm. Mən uzağam belə şeylərdən. Oxucu da çox dəyişib...
“Azerifootball”da o vaxt forum vardı. Orda elə müzakirələr gedirdi ki, o adamları gətir indi UEFA PRO lisenziyası alsınlar. Yazılan şərhlərdən həzz alırdın. İndi yoxdu belə şey, getdi o vaxtlar.
- O forumda mən də olmuşam. Hazırda Prezident Administrasiyasında çalışan, hamının tanıdığı hörmətli ziyalılardan tutmuş çox futbolsevər iştirak edib. Saytlar pul verəni tərifləyir, verməyəni tənqid edir, deyirsən. Bilirəm, bu sahədəsən deyə, hər suala səmimi cavab alınmır. Amma buna inanıram səmimi cavab verəcəksən. Çünki, sırf sənin özünə aiddi. 25 ilə yaxın bir-birimizi tanıdığımız, hörmət etdiyimiz və məncə, həm də rəğbət bəslədiyimiz üçün ümid edirəm, bu sualdan inciməyəcəksən. Saytının olmasının menecerlik işinə köməyi dəyibmi və dəyirmi? Məsələn, səndən oyunçu götürməyən klubları saytda tənqid edirsən və ya oyunçu götürənləri tərifləyirsən? Belə şeylər olurmu və ya olubmu? Sosial şəbəkələrdə də futbol camiəsi arasında yetərincə məşhursan və o cümlədən orda belə tendensiya varmı?
- Bəlkə də şüuraltı olub... Ancaq yenə deyirəm, məsələn "Sabah" məndən oyunçu götürmür, amma gördükləri işlər, yanaşmaları mənə ləzzət edir, tərifləyirəm. "Turan Tovuz" bu yola təzə qədəm qoyur, gördükləri işlər xoşuma gəlir, tərifləyirəm. Bir başqa klub həm futbolçu götürmür, həm də ordan maaş alanlar çirkin işlərlə məşğul olurlar, pisləyirəm. Futbolçu versəydim belə, yenə pisləyəcəkdim. Amma istər-istəməz ruslar demiş "diqqət pişiyə də xoş gəlir" və şüuraltı bəlkə də olur. İstənilən halda ilk öncə gördüklərimdi. Sosial şəbəkələrdə fəal olan menecerlərdən kim desə ki, belə şey eləmir, yalan danışar. Birbaşa olmasa da, şüuraltı hardasa iynələyirsən, söz atırsan, bu, təbiidi. Mən birinci üzə deyirəm, sonra da sosial şəbəkədə ad çəkə bilməsəm belə, ən azı, işarə verirəm. Arifə bir işarə də yetərlidi. Hamı bilməlidi ki, futbol ictimaiyyətində özünü mələk kimi təqdim edənlər əslində o deyillər. Daha çox maarifləndirmək məqsədilə, amma hardasa görürsən ki, həddi aşırsan, olur...
- Səmimi cavaba görə, təşəkkür! Yorulmadın?
- Saytın yeni olsa da, özün sonuncu mogikanlardansan. Seçmək, önəm vermək lazımdı, bir-iki sual əvvəl adlar çəkmişdim. Elə insanlar var ki, futbolçu, məşçi olmasalar da, futbol fədailəridilər və bu sahəyə çox xeyir veriblər. Sən özün cibinin pulu ilə ora-bura getmisən ki, üçrəngli bayrağı dalğalandırasan, birbaşa dəstək verəsən. Bunu bilənlər bilir. Ona görə sənin kimi adamla nə qədər danışsaq da, yorulmaq mümkün deyil.
- Verdiyin dəyərə və maraqlı müsahibəyə görə təşəkkürlər!
Anar Şabanoğlu