Verpakovskis: “AÇ-nin final mərhələsinə yüksəlmiş Latviya millisi “Qarabağ”a bənzəyirdi” - EKSKLÜZİV

Onu Latviya futbolunun "qızıl nəsli"nin ən parlaq nümayəndəsi adlandırsam bəlkə də yanılmaram. Maris Verpakovskis 2004-cü ildə bütün dünyanı şoka salaraq Avropa Çempionatının final mərhələsinə yüksəlmiş Latviya millisinin aparıcı üzvü idi. Maryan Paxar, Yuri Layzans, Andrey Rubin, İqor Stepanov və bir çox başqa istedadların toplandığı Latviya millisinin AÇ finallarında ilk və hələlik tək qolununda Maris Çexiyanın qapısına vurub. 

Bir azdan "Sabah"la qarşılaşacaq RFS-in baş direktoru olan və bir zamanlar "Bakı"nın da şərəfini qorumuş Verpakovskis hazırda Bakıdadır. Onunla müsahibə şansını əldən vermək bağışlanılmaz səhv olardı. 

Sports.az postsovet məkanının əfsanəvi futbolçularından biri ilə eksklüziv müsahibəni təqdim edir. 

- Azərbaycana xoş gəlmisiniz! "Bakı"dakı karyeranızdan sonra paytaxtımıza ilk səfərinizdi? Burda əlaqələr, dostlar qalıb? 
- Yox ilk deyil, sonra Bakıya gəlmişəm. Dəqiq yadımdadı, bir dəfə həyat yoldaşımla təşrif buyurmuşduq, 2016-ci il idi deyəsən. Şəhər yaxşılığı doğru dəyişib. Küçələri tanıya bilmədim. Yeni binalar tikilib. Şəhər çox xoş görünür. Yaşıllıq çoxalıb, isti əvvəlki kimi hiss olunmur. "Bakı"dakı tərcüməçimiz, hazırda "Neftçi"də işləyən Vüqar Əliyevlə münasibətimiz qalıb. Bir də menecer Kamil Məmmədovla. 

- "Bakı" haqda xatirələriniz maraqlıdı. Yəqin ki, bilirsiniz ki, artıq bu klub yoxdu... 
- Əlbəttə, bilirəm. Çox üzgünəm ki, Hafiz Məmmədovun da işləri eşitdiyim qədər elə də yaxşı deyil. Klubun maliyyələşməsi bitdi, və bununla da hər şey qurtardı. Məmmədov klub üçün hər şey edirdi, əla futbolçu və məşqçi heyətləri, infrastuktur, məşq və oyun meydanları vardı. Amma düşünürəm ki, klub idarəetməsində təcrübələri çatmırdı, tez-tez məşqçi dəyişilirdi. Təəssüf ki, belə vəziyyətdə nəticə vermək çətindi. Hafiz heç bir şeyini əsirgəmirdi, maliyyə çox yaxşı idi. Ancaq rəhbərlik olaraq təcrübə çatmırdı. Məmmədovla yaxından tanış deyildim. Onunla danışıqlar aparmamışdım. Kubok qazananda gəlib təbrik etmişdi. Bir neçə dəfə görmüşəm, ancaq bilirdim ki, böyük ürəyi olan insandı. Futbol klubu üçün heç bir şeyini əsirgəməzdi. Nəticə üçün əlindən gələni edirdi. Səbr lazım idi. Amma dediyim kimi idarəçilik təcrübəsi yox idi və klubda həmişə başıpozluq hiss edilirdi.
Mehriban kollektiv vardı. İvanov, Çesnauskis, Şoliç, Juninyo, Lukas, Savinov və bir çox başqaları ilə münasibətim qalıb. Yazışırıq, danışırıq, bəzən görüşürük. 

- Siz tək Latviyanın yox, mənə görə bütün postsovet məkanının futbol əfsanəsisiniz. 2004-də Avropa Çempionatının finalına vəsiqə qazanmış millinizin uğurunun sirri nədə idi? Yeri gəlmişkən, Latviya tarixində AÇ-nin final mərhələsində yeganə qolun müəllifi də sizsiniz. 
- Düşünürəm ki, bizim uğurumuzun əsas sirri uzun müddət bir yerdə oynamağımız idi. Eyni məşqçinin - Aleksandr Starkovun rəhbərliyi altında "Skonto"da çıxış etdiyimiz üçün bir-birimizi yaxşı tanıyırdıq. Komandada yüksək intizam vardı. Uzun müddətdir eyni heyətlə və eyni məşqçi ilə oynayan "Qarabağ"a bənzəyirdik.  Düşünürəm ki, bu iki komandanı hardasa müqayisə etmək olar. Futbolçular "Skonto"da xeyli birlikdə oynamışdılar, Starkov məktəbi keçmişdilər. Məşqçinin bizdən nə istədiyini, onun bizdən nə istəyəcəyini bilirdik. Meydanda hara ötürmə verəcəyimizi, hara qaçacağımızı gözüqapalı anlayırdıq. Düşünürəm ki, buna görə belə uğurlu nəticə verdik. 

- AÇ-2004-dən sonra Latviya futbolunun inkişafı necə getdi? Hazırda RFS-in direktorusunuz. Klubunuzun məqsədi nədi? 
- Təəssüf ki, 2004-cü ildəki çempionatdan sonra inkişafımız düzgün getmədi. Düşünürəm ki, federasiya elə bilirdi komanda həmişə Avropa və dünya çempionatına vəsiqə qazanacaq və nəticələr davamlı olacaq. O dönəm futbolun məşhurluğu və şöhrətindən istifadə edib beynəlxaq səviyyəli stadion tikmək, milli üçün baza qurmaq, gəncləri futbola cəlb etmək üçün dövlətdən infrastuktur üçün pul almaq olardı. Ən azı 2 il fürsət vardı. O dönəmdə ölkəmizdə hokkey və basketbol ən tanınmış idman növlərinə çevrildi. Perpektivli gəncləri seçdilər. Futbol isə bu məqamdan istifadə edə bilmədi. Bəli, hazırda RFS klubunun direktoruyam.  Hədəfimiz avrokuboklarda qrupa düşmək idi. Keçən il buna nail olduq. Ötən il Konfrans Liqasında qrupa yüksəldik. Təbii, bu təcrübə çox xoş oldu. Hazırda da önümüzə qoyduğumuz hədəf Konfrans Liqasının qrupudur. Bunu "çempionlar yolu" ilə etmək daha asandır. Bunun üçün Latviya çempionatının qalibi olmalıyıq. Belə qrupa düşmək daha asandır, nəinki indi getdiyimiz yol. Çünki, 2-ci, 3-cü və pley-off mərhələlərində çox güman ki, önümüzə çətin rəqib çıxar.
Bundan başqa, öz stadionumuzu, bazamızı, məşq meydanı, 1 süni, 3 böyük, 2 kiçik meydan, akademiya qurmuşuq. Akademiyamız ilyarımdı fəaliyyətə başlayıb. Böyümək, inkişaf etmək, milliyə futbolçu yetişdirməyi arzulayırıq ki, yığmamız yenə Avropa və ya dünya çempionatlarına yüksələ bilsin. 

- Axşamkı oyun barədə nə deyə bilərsiniz? 
- "Sabah"la bağlı püşkatmadan sonra məlumat toplamağa başladıq. Dərhal anladıq ki, çətin rəqibdi. Öz oyunu olan komandadır. Baş məşqçiləri Murad Musayevi də Rusiya çempionatında "Krasnodar"dan tanıyırıq. İntizamlı komandadır. Boş yerə çempionatda ikinci yeri tutmayıblar, hətta "Neftçi"ini geridə qoyublar. 
Çətin rəqibdir, oyunçuları yaxşıdır, məşqçi işini görürük, ciddi hazırlaşıblar. Təəssüf ki, ilk oyunda məğlub olduq. Rəqib bizə istədiyimiz kimi oynamağa imkan vermədi. Fürsətlərdən istifadə edə bilmədik. Nə etmək olar? Futbol belədir. Bilirdik ki, bizi çətin rəqib gözləyir. 

- "Qarabağ"ın "Rakuv"la oyununu stadiondan izlədiniz. Komandamız haqda fikirləriniz maraqlıdı. 
- "Qarabağ"ın mərhələ keçməməsi üzücü oldu. Hesab edirəm ki, "Rakuv"dan daha güclü idilər. Təəssüf ki, dünən qalib gələ bilmədilər. Polşa klubuna uduzmağa layiq deyildilər. Bəlli idi ki, "Rakuv" nəticəyə oynayır. İlk matçı görməmişdim. Amma dünən "Qarabağ"ın oyunu çox xoşuma gəldi, 2-ci, hətta 3-cü qolu vura bilərdilər. Ola bilər ki, biraz gec oyandılar. İlk hissədə də ikinci hissədəki kimi oynasaydılar 2-ci, 3-cü qolu vura bilərdilər. 
Komanda ildən-ilə avrokuboklarda öz oyunu ilə sevindirir, qruplara yüksəlir. Bu ciddi keyfiyyət göstəricisidir. "Qurban Qurbanovun əli" hiss olunur. Stabil komanda qurub, skautları yaxşı yerli və legioner futbolçular seçir. Son illərdə Azərbaycan futbolunun "flaqman"ıdır. 

- Azərbaycandan təklif gəlsə, yenidən qayıdarsınızmı? 
- Təklif gəlsə... Niyə də yox?! RFS-dəki işimdən razı olmağıma baxmayaraq, təklifi gözdən keçirərdim. Bakıda yaşamışam, şəhəri tanıyıram, möhtəşəmdir. Hər şey təklifin hansı klubdan gəlməsindən, məndən istənilən işdən, klubun necə inkişaf yolu seçməsindən asılı olar. Hazırda RFS-də baş direktoram, idman direktorunun da işlərini görürəm.
Futbolçu dövründən yaxşı əlaqələrim qalıb, indi daha da inkişaf edib. Menecer kimi oyunçu da satıram, çoxlu müqavilələr var. Bu işdə də bəlkə klublarınıza kömək edə bilərəm. 

Anar Şabanoğlu

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar