“Neftçi”ni Adrian Mutuya görə seçdim”

“Neftçi”ni baş məşqçi Adrian Mutuya görə seçdim”.

Sports.az xəbər verir ki, bunu “sportal.blikk.hu” saytına müsahibəsində “Neftçi”nin futbolçusu Mark Tamaş deyib.

30 yaşlı müdafiəçi yay fasiləsində Rumıniya klubu “Sepsi”dən “ağ-qaralar”a keçidini dəyərləndirib: “Əvvəllər “Sepsi”nin heyətində Rumıniya çempionatında Mutunun komandasına qarşı oynamışam. Ola bilsin ki, məni unutmayıb. Sabiq komandam “Şlask” da məni istəyirdi, amma polşalıların təklifi rəhbərliyin ürəyincə olmadı. Həyat yoldaşım, kiçik qızım və iki itimizlə birlikdə Bakıya köçdük. “Neftçi”ni gələcək üçün böyük fürsət saydığım üçün seçimi bu komandanın lehinə etdim. Biz “Qarabağ”ın səviyyəsinə çata bilərik”.

Mərkəz müdafiəçisi Bakıda yaşamağın onlar üçün çətin olmadığını bildirib: “Şəhərin kənarından ev aldıq, sakit və təmiz yerdir. Uşaq bağçası ingilis dilində olduğu üçün qızımızın uyğunlaşmağında problem yoxdur. Gələn il burada ibtidai məktəbin birinci sinfinə uyğun gələn üçüncü qrupa başlayacaq”.

O, Bakıda qarşılaşdığı xoş məqamları sadalayıb: “Azərbaycan xalqı çox mehribandır. Dini Avropadakı adətlərdən tam fərqli olsa da, açıq və yardımsevərdirlər. Azərbaycan mətbəxi Türkiyə mətbəxinə bənzəyir. Amma mədəm quzu ətini çox sevmir. Klub bizə həftədə bir dəfə adi toyuq və balıq menyusundan yayınmağa imkan verir. Bu, mənə kifayət edir. Bakıda hələ də macar restoranı tapmamışam. Burada yaşayan çox macar tanımıram”.

Komandasının cari mövsümdə avrokuboklarda keçirdiyi matçları dəyərləndirən Tamaş çempionat görüşlərinə çox tamaşaçı toplaşmadığını vurğulayıb: “Böyük oyunlarda və avrokubok matçlarında dolu tribunalar önündə oynaya bilərik. Təəssüf ki, Konfrans Liqasından kənarlaşdırıldıq. “Jelezniçar”ı keçdikdən sonra daha yaxşı nəticəyə ümid edirdim. Sonrakı mərhələdə “Beşiktaş”a öz meydanımızda 1:3 hesabı ilə uduzduq. Türkiyədə baş tutan cavab matçının birinci hissəsindən sonra hesabda öndə idik. Hətta mərhələ keçəcəyimizə də inanırdım. Lakin fasilədən sonra rəqibin heyətində Vensan Abubakar və Amir Haciahmetoviç meydana çıxdılar. Biz də yorğun görünürdük və iki qol buraxdıq”.

Müdafiəçi Premyer Liqanın VI turunda “Araz-Naxçıvan”a 0:1 hesabı ilə məğlub olduqları qarşılaşmanı buraxmasına da aydınlıq gətirib: “Qaydalara görə ən azı dörd azərbaycanlı oyunçu meydanda olmalıdır. Müxtəlif zədələrə görə bu dəfə qaydaya əməl etməyin yeganə yolu mənim kənarda qalmağım idi. Ümid edirəm ki, lider “Zirə”yə qarşı keçirəcəyimiz növbəti görüşdə iştirak edə biləcəyəm. Ümumiyyətlə, Azərbaycan çempionatında eyni gücə malik 4-5 komanda var. Əksəriyyəti qapalı müdafiə olunur və əks-hücumlardan qol vurmağa çalışır”.

Qeyd edək ki, Mark Tamaş “Neftçi” ilə 2 illik müqavilə bağlayıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar