Millinin yeni baş məşqçisi kim olacaq?

Canni De Byazinin gecikmiş gedişindən sonra "Milli komandamızın yeni baş məşqçisi kim olacaq?" sualı futbol gündəmini zəbt edib.

Uzun illərdir əcnəbilərə milyonların xərclənməsi AFFA-nın çox böyük səhvidi. Yeni baş məşqçinin yerli olmasına ciddi əsas var.

Haqlı yerə ağla gələn ilk ad-soyad isə Qurban Qurbanovdur. "Qarabağ"la Azərbaycan futbol tarixinin ən böyük uğurlarını qazanmış mütəxəssis artıq bir dəfə bu postu tutub. Təəssüf ki, onun fəaliyyətinə hər cür maneə törədilib, proqramının gerçəkləşdirilməsinə imkan verilməyib. Bu səbəbdən çoxları AFFA rəhbərliyinin tam dəyişməyəcəyi təqdirdə Qurbanovun yenidən bu vəzifəyə gələcəyinə inanmır.

Millinin baş məşqçi postuna ən çox adı hallanan ikinci namizəd Rəşad Sadıqovdu. Xarakteri, şəxsiyyəti, nüfuzu və "Zirə" ilə hazırki uğurlu fəaliyyəti ilə şans veriləcəyi halda doğru işlər görəcəyinı ümid verən Sadıqov özü də təklif gəlsə, düşünmədən bu yükün altına girəcəyini bildirib. O, həmçinin millini beynəlxalq təcrübəsi olmayan məşqçilərin çalışdırmasında heç bir mənfilik görmədiyini deyib, dünya praktikasından təcrübəsiz gənc məşqçilərin qazandığı saysız uğurlara diqqət çəkib. Sadıqov bildirib ki, önəmli olan məşqçinin yaşı və ya təcrübəsi deyil, iş üsuludu, futbolçularla ünsiyyət bacarığıdı, hər cəhətdən onları oyunlara düz hazırlamasıdı.



Rəşad Sadıqovun dediyi kriteriyalara tam uyğun gələn mütəxəssislərdən biri Azər Bağırovdu. 39 yaşlı Bağırov Premyer Liqanın ən gənc baş məşqçisidi. Onun mövsümün startında sıfırdan yığılmış, heç bir hazırlıq keçməyən heyətlə baxımlı oyun göstərən komanda qurması, debütant və ən az büdcəli klublardan olan "Araz Naxçıvan"da göstərdiyi nəticələrlə hamını yaxşı mənada təəccübləndirməsi AFFA rəhbərliyinin perspektivli məşqçilərimizdən birinə güvənəcəyi halda namizədlər arasına daxil edilməsinə əsas verə bilər.

Rəşad Sadıqov kimi Azər Bağırov da bu haqda ona verilən suala cavabında millidə çalışmaqdan qürur duyacağını deyib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar