\"Heç bir saxtakarlıqdan söhbət gedə bilməz\"

“Kəpəz”in hər kəsə məlum olan çətin durumuyla bağlı, demək olar ki, hər gün idman mediasında müxtəlif xəbərlər tirajlanır. Əlbəttə, bu sırada biz də varıq. Klubun Misli premyer-liqasındakı uğursuz nəticələri və daxili ab-hava ilə bağlı iddialar gündəmdən düşmək bilmir. Gəncə təmsilçisi tez-tez qalmaqallı məsələlərin fonunda mətbuatın manşetində yer alır. Sabiq baş məşqçi Azər Məmmədovun istefasından sonra bu tipli informasiyaların sayında artım var.


"Football-plus.az" olaraq, dəfələrlə klubun İdarə Heyətinin sədri İlqar Nadiriylə danışmağa səy göstərmişdik. Lakin hansısa səbəblərdən zənglərimiz və mesajlarımız cavabsız qalırdı. Nəhayət, dünən İlqar bəy susqunluğu pozmaq qərarına gəldi. Onunla söhbətdə bir çox məsələlərə aydınıq gətirdik.

– “Kəpəz” 13 turdan sonra turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Komanda geridə qalan vaxtda cəmi 9 xal yığa bilib. Bu uğursuzluğu nə ilə əlaqələndirirsiz?
– Çempionatın əvvəlində hamımız bilirdik ki, mübarizə çox çətin olacaq. Biz gözlədiyimizdən də çətin və ağır oyunlar keçiririk. Hər şeyi sabiq baş məşqçi Azər Məmmədovun adıyla bağlayıb onu günahlandırmaq doğru deyil. Artıq “Kəpəz”də bir dövr geridə qalıb. Komandanın yeni çalışdırıcısı var. Futbolçuların zəif çıxış etməsinin səbəblərindən biri kollektivin vaxtında formalaşmaması, istənilən təlim-məşq toplanışını keçə bilməməsi və heyətin lazımi səviyyədə komplektləşdirilməməsi oldu. İstəklərin hər birini reallaşdıra bilmədik. Bu da nəticələrə təsirsiz ötüşmədi.

– Yeni baş məşqçinin qarşısına hansı tələblər qoyulub?
– Birinci şərt “Kəpəz”i premyer-liqada saxlamaqdı. O, həm də komandanın gələcəyi üçün onurğa sütunu yaratmalıdı.

– Bizdə olan məlumata görə, Azər Məmmədovun istefa verməsiylə razılaşmamısız. Bu reallaşandan sonra isə ona idman direktoru vəzifəsini təklif etmisiniz. Lakin, o, sizinlə çalışmaq istəməyib.....
– Azər Məmmədov hər şeyi yaxşı başa düşən mütəxəssisdi. Məncə, onu vəzifəsində saxlamaq və ya göndərmək artıq söhbətdi. Komandaya xeyri dəyməyəndə gedəcəyini özü bildirmişdi. Zamanı gəldi və dərk etdi ki, getmək lazımdı. Əlavə şərhə ehtiyac yoxdu. Azər Məmmədov heç vaxt nə özünə, nə də komandaya zərbə vurmaq istəməz.

– Uzun müddətdi sponsor tapa bilmirsiz. Problem nədən qaynaqlanır? Şirkətlərin “Kəpəz”ə cəlb olunmasının qarşısını alan səbəblər hansılardı?
– Hər klub kimi biz də istərdik ki, sponsorumuz olsun. Bizdən asılı olmayan səbəblərə görə məsələ həllini tapmır. Arzumuz komandanın bir yox, bir neçə sponsorunun olmasıdı. Klubla bağlı problem yoxdu. Artıq müsbətə doğru işlər görülür. Yaxın günlərdə bazanın açılışı olacaq. Gəncə şəhər stadionu müasir şəkildə yenilənəcək. İnanıram ki, bu məqamlar dayanıqlı sponsorun tapılmasına imkan verəcək.

– Abdullahi Şuaybunun gedişindən sonra “Kəpəz”lə bağlı xoşagəlməz iddialar ortaya çıxdı. Bəzi xəbər saytları yazdı ki, klub futbolçunun sənədlərini saxtalaşdıraraq AFFA-nı aldadıb. Bu haqda nə deyə bilərsiz?
– Şuaybu məsələsi ilə bağlı heç bir saxtakarlıqdan söhbət gedə bilməz. Bu kimi hallar başqa idmançıların da başına gəlir. Oyunçunun o vəziyyətdə futbol oynaması, komandaya kömək etməsi inandırıcı deyildi. Sağ olsun, o da vəziyyəti başa düşdü.

– Bu yaxınlarda redaksiyamıza daxil olan məlumata görə, Cabir İbrahimovun səlahiyyətləri artırılıb.
– Bəli, doğru xəbərdi. O, artıq akademiyamıza rəhbərliklə yanaşı, icraçı direktor vəzifələrini icra edir.

KƏNAN BAHADIR ("Futbol+" qəzeti)

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar