Bumeranq


Gündəm futbol üzrə millimizin baş məşqçi postudu. Taleyin ironiyasına baxın ki, Elxan Məmmədovun millilərdə işləməsinə imkan vermədiyi Qurban Qurbanov və Rəşad Sadıqov ölkənin bir nömrəli komandasını çalışdırmağa ən real namizədlərdir.
Azarkeşlər, jurnalistlər, mütəxəssislər, futbol ictimaiyyəti milliyə ən layiqli namizədlər kimi Qurbanov və Sadıqovu görür.
Qurban hoca prinsipiallıq göstərib yenidən milliyə dönərmi? Elxan Məmmədovun və ağalarının imkan vermədiyi, yarımçıq qalan işlərini bitirə bilərmi? Bunu zaman göstərəcək. Amma digər namizədlərin ortaya çıxması ilk növbədə Qurban Qurbanovun milliyə ikinci dəfə qayıdışı ilə bağlı tərəddüdə görədi. AFFA rəhbərliyi dəyişərsə, xarakteri hamıya bəlli olan Qurbanov dönüşə razılıq verər, amma eyni adamlarla eyni bataqlığa ikinci dəfə girməyə razı olmaz. İstənilən halda AFFA rəhbərliyində zərrə qədər ədalət hissi varsa, ilk növbədə Qurbanova dəvət göndərib onun qayıdışının gerçəkləşməsinə təkid edər.
Elxan Məmmədov camiəsinin sevmədiyi bəlkə də ilk isim - Rəşad Sadıqov isə hazırki durumda milli komandanın baş məşqçisi olmağa əsas namizəd kimi görünür. AFFA-da müəyyən islahatların başlaması, baş katib Sərxan Hacıyevin Elxan Məmmədovun və havadarlarının çaldığı havaya oynamaması buna müəyyən ümid verir.
Azər Bağırov, Ayxan və Samir Abbasovların da adı vakant posta namizədlər arasında çəkilir. Məncə, millini çalışdırmaq hər bir azərbaycanlı mütəxəssis üçün şərəf olar. Hətta, baş məşqçi deyil, köməkçi kimi də!
Belə görüntü var ki, AFFA-da təkhakimiyyətlilik deyil. Sanki, müəyyən yeni fikirli qüvvələr futbolumuzun inkişafı üçün doğru addımlar atılmasını istəyir. "Köhnə qvardiya" isə yenə hər şeyi unudub şəxsi maraqlarını güdür. Örnək olaraq De Byazini saxlamaq üçün dəridən qabıqdan çıxmalarını göstərə bilərik. İndi də onların əcnəbi məşqçi gətirmək üçün var güclərini ortaya qoyacaqları şübhəsizdi.
Məqsəd ilk növbədə Qurban Qurbanov və Rəşad Sadıqovun milliyə gəlişinin qarşısını almaqdı. Bunun üçün ən pis halda öz yerli namizədlərini də təklif edə bilərlər.
Bir şey dəqiqdir ki, milliyə baş məşqçi təyinatı nə qədər tez gerçəkləşsə gələcəkdə o qədər çox faydası dəyəcək.
Martı gözləməkdənsə həmin seçkiləri bir qədər tezləşdirmək lazımdı. Məsələn, dekabrda yeni rəhbərlik bilinsə, futbolumuzun sabahı üçün daha yaxşı deyilmi?
Baş məşqçini AFFA-nın indiki rəhbərliyi təyin etsə və martda başqa qüvvələr hakimiyyətə gəlsə nə dərəcədə məntiqli və doğru olacaq?!

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar