“Həmin matçdan sonra Fuad Musayev mənə yaxınlaşıb dedi ki, bir daha milli üzü görməyəcəksən” - MÜSAHİBƏ

Ondan ilk müsahibəni ötən əsrdə almışam. "Futbol+"də indi ölkə idman jurnalistikasının canlı əfsanəsinə çevrilmiş İlkin Fikrətoğlu ilə çiyin-çiyinə işlədiyimiz dövr idi. Azərbaycan futbolunun "peraşki" dövrü...

MOİK-in stadionunda keçirilən hansısa oyundan sonra İlkinlə futbolçu Azər Cabbarovla söhbətləşdik. Maraqlı bir xatirə də qalıb həmin müsahibədən. Amma çox uzatmaq istəmirəm. ...Azər Cabbarov çox sürətli və istedadlı idi. Mənə görə, potensialını tam aça bilmədi və futbolçu kimi layiq olduğu uğurları qazanmadı. İndi ölkənin aparıcı uşaq futbol məşqçilərindəndi. Çoxları onun Azərbaycanın ən yaxşı uşaq məşqçisi olduğunu deyir. Bugünlərdə 46 yaşı tamamlayan tanınmış mütəxəssislə bu və başqa mövzulardan danışdıq.
 

“Həmin matçdan sonra Fuad Musayev mənə yaxınlaşıb dedi ki, bir daha milli üzü görməyəcəksən”



- Azər müəllim, ilk növbədə doğum gününüzü təbrik edirik. Geriyə boylananda hansı hisslər keçirirsiz? Futbolçu kimi potensialınızı tam aça bildizmi? Məşqçi kimi işinizdən zövq alırsızmı?
- Diqqətinizə görə çox sağ olun! Bəli, geri dönüb baxsaq, şükür Allaha, maraqlı həyatımın olduğunu deyə bilərəm. Həm futbolçu, həm də məşqçi kimi işimdən həzz almışam. Uşaqlarla işləməyin ləzzəti isə tam başqadı.
 



- İstedadlı, sürətli futbolçuyduz. Sanki potensialınızı tam aça bilmədiz. Bəlkə də millinin aparıcı üzvlərindən biri ola bilərdiz...
- Karyeramdan razıyam. Bəxtim gətirdi, böyük futbolçularla eyni komandalarda oynadım. Yunis Hüseynov, Vidadi Rzayev, Tərlan Əhmədov, Arif Əsədov və adını çəkmədiyim bir çox başqaları. Milliyə gəlincə, bütün aşağı yaşlarda oynadım. Amma bir hadisədən sonra milli karyeram bitdi.
 



- Hansı hadisə?
- 1996-cı ildə İsveçrədə U-18-lər arasında Avropa çempionatının seçmə mərhələ oyunları keçirilirdi. Qrupda İsveçrə, Avstriya və Azərbaycan milliləri idi. İlk matçda İsveçrə ilə Avstriya 2:2 heç-heçə oynadı. Sonra biz Avstriyanı 1:0 udduq. İsveçrə ilə oyunumuzun sonlarında bizə penaltidən qol vurdular. Ardınca mən ikinci “sarı”nı aldım. 0:1 uduzub qrupdan çıxa bilmədik. Həmin matçdan sonra AFFA-nın rəhmətlik sabiq prezidenti Fuad Musayev mənə yaxınlaşıb dedi ki, bir daha milli üzü görməyəcəksən. Amma sonra Sumqayıtda, Bakıda bir neçə stadionlarda gəlib oyunuma baxıb məşqçini çağırdı ki, Azərə de, sənədlərini hazırlasın, gəlsin milliyə. Amma mən imtina etdim, getmədim.
 



- Futbolçu dövrünüzdə indiki kimi şərait, maliyyə yox idi. Bununla belə, sanki onda daha çox futbolçu yetişirdi...
- Tam razıyam. Amma bizim dövrdə də bir şey var idi ki, o zaman böyük futbolçulardan öyrənməyə çalışırdıq. Məsələn, Emin Quliyev, Namiq Həsənov, Adil Şükürov bir də mən Gəncədə oynayanda hər məşqdən əvvəl, sonra Vidadi Rzayevdən xahiş edirdik, yalvarırdıq ki, gəl kömək elə bizə, hərəkətlər ver, edək. Sağ olsun, heç vaxt imtina etmirdi. Məşqdən bir saat əvvəl gəlirdi, məşqdən 1 saat sonra da onu buraxırdıq. Arada əsəbləşirdi ki, bilmirəm "Kəpəz"in futbolçusuyam, ya məşqçisiyəm, yarızarafat deyirdi ki, mən sizə nə öyrədəsiyəm?
 



- Hazırda nə işlə məşğulsuz?
- "Zəngəzur" komandasında işləyirəm. Bakı zonasında U-8-dən U-14-ə kimi 7 yaş qrupunda AFFA bayrağı altında çempionatlarda çıxış edirik. Maşallah, çox istedadlı, bacarıqlı uşaqlarımız var. İnanıram ki, onlar millimizdə, böyük klublarda, Avropada oynayacaqlar. Bir neçə beynəlxalq turnirdə iştirak etmişik. 2015 doğumlu Mehrac Zeynallı və 2014 doğumlu Məhəmməd Rəhimli 2000 nəfər arasından "Qalatasaray"a seçilən 44 nəfərin siyahısına düşdü. Sonra Floryaya çağırdılar o 44 nəfəri və onların arasından da Mehracla Məhəmmədi kluba götürdülər.
 



Sonra 2013 doğumlu Məhəmməd İsmayılzadəni "Fənərbaxça" və bir neçə başqa tanınmış komanda dəvət edib. İsmayılzadənin həmyaşıdı Məsud Poladov isə "Altınordu"ya dəvət aldı. Valideynlərinə ev, iş təklif etdilər. Amma atası köçmək istəmədi. Məsud indi "Neftçi"dədi. Məsudla Məhəmməd İsmayılzadə, həmçinin Kənan Həsənli və Ayxan Əkbərli Kölndə oldular. "Köln" onları bəyəndi. Klub rəhbərliyi dedi ki, sizin uşaqlar çox fərqli oynayır, almanlardan geri qalmır, əksinə, üstələyirlər, istəyərik gələk klubunuzu görək. Bu sözlər mənə çox təsir etdi. Dedilər ya oturum izni düzəldin, ya da qəyyumluq verin. Amma valideynləri razı olmadılar ki, hələ balacadılar. Bu problemi də həll edib, uşaqların Avropa yolunu kəsməmək lazımdı ki, millilərdə o səviyyədə klublarda çıxış edən futbolçularımız olsun. 2012-ci il doğumlu İbrahim Həsənov "Marset"dədi, İspaniyada. Ora 2010 təvəllüdlü iki uşaq da getmişdi - İsa Səmədov və Sumqayıtdan Ümid Əliyev. İndi hər ikisi Tarraqonadadı, "Nastiç" akademiyasında. Tez-tez danışırıq, əlaqə saxlayırıq, oyunlarından, məşqlərindən videolara baxıram. Tam başqa səviyyədi.
 



Uşaqlarımız xaricdə yaxşı klublarda oynayanda çox sevinirəm.
- Son 20 ildə böyük futbolumuza ayrılan maliyyənin qarşılığı oldumu? Bu vəsait uşaq futboluna xərclənsə, fərqli durum yarana bilərdimi?
- Tam razıyam. Bu vəsait səhvən daha çox klubların öz çempionatımızda uğur qazanmasına xərclənib. Uşaq futboluna xərclənsəydi... Ümumiyyətlə, götürəndə Azərbaycanda uşaq futboluna diqqət çox azdı. Bütün klublar çalışır ki, çempionatda yer tutub avrokuboklarda çıxış etsin. Amma akademiyalar, ordakı istedadlı uşaqlar diqqətdən kənarda qalır...
 



- Dünya praktikasında uşaq futbolu olmadan futbolun yüksək səviyyəyə çatdığı bir ölkə yoxdu. İndiyəcən AFFA-ya rəhbərlik edənlər bunu bilmirdi?
- AFFA-da bir yerdə oynadığımız adamlar işləyir. Bilikləri var, maariflənirlər, xarici ölkələrə gedirlər. Çox gözəl iki instruktorumuz var - Aslan Kərimov və Osman Rəhimov. Bu sarıdan bəxtimiz gətirib. Məşqçilərə, futbolçulara çox dəyərli məsləhət, istiqamət verirlər. Hər dəfə onlarla danışanda çox şey öyrənirik. Hər şeyi AFFA-nın üstünə atmaq olmaz. Klublarda çox böyük problemlər var.

- Bir çox mütəxəssislərin fikrincə, ölkənin ən yaxşı uşaq futbol məşqçisisiz. Buna necə nail olmusunuz? Bu sahədə qıtlıq var. Nə etmək lazımdı ki, bu problem həll olunsun?
- Bilmirəm hansı mütəxəssislərin fikirləridi. Mən özümü yaxşı məşqçi saymıram. Amma böyük istəyim var. Öyrənməyə, yeniliklər gətirməyə çox həvəsliyəm. Vəli Qasımovla danışmışam. Sağ olsun, söz verib ki, kömək edəcək, xarici klubda təcrübə keçməyə gedəcəm. İnşallah, alınarsa, gedib yenilikləri öyrənərəm Avropa klublarında keçilən məşqləri gəlib azərbaycanlı uşaqlara keçərəm. Bəli, mütəxəssis qıtlığı var. Çox istəyərəm ki, savadlı-bilikli adamlar işləsin. Biz də onlardan öyrənək. Dediyim kimi, uşaq futboluna diqqət çox azdı. Yaxşı, savadlı məşqçilərimiz var. Onlar da çalışır böyük klublarımızda, millilərdə işləsinlər. Çünki uşaqla işləmək vaxt aparır, həm nəticə olmur, həm də burda maliyyə problemi var. Ruslar demişkən, "neblaqodarnaya rabota"dı. Buna görə də hamı çalışır uşaq futbolundan yan keçsin. Neçə ilini sərf edirsən, uşağı yetişdirirsən, sonra da hansısa bir ad-sanlı klubumuzun akademiyası istədiyi vaxt gəlir uşağı götürüb aparır.

- Belə görünür ki, uşaq futbolunun problemlərini sadalamaqla bitəsi deyil. İşin içində olan biri kimi əsas problemləri sizin dilinizdən eşitmək istərdik.
- Saymaqla bitməz. Həddən artıq çoxdu. Ən birinci meydançalar, klublarda uşaq futboluna diqqət, məşqçilərin qalib gəlib, çempion olmaq "xəstəliyi". Halbuki anlamaq lazımdı ki, burda məşqçidən çox müəllimsən. Biz uşaqlara futbol oynamağı öyrədirik, onlar səhv etməlidi, biz düzəltməliyik. Beynəlxalq turnirlərdə tam başqa təfəkkür görürük.

...Son dəfə Yunanıstanda olanda bir komandayla 6 məşqçi gəlmişdi, 12 futbolçu. Bu gün biz uşaqları belə beynəlxalq turnirlərə apara bilmirik. Orda əcnəbi məşqçilərlə söhbət edirik, deyirlər ildə 50-dən çox beynəlxalq yarışda oluruq. Azərbaycan klubları isə 1 ildə 1 yaş qrupunu nəinki 50, heç 5 dəfə beynəlxalq turnirə aparmır. Hamısı şərtdi. Problemlər bitmir.

- Qeyd etdiyimiz kimi, Azərbaycan futboluna yetərincə maliyyə ayrılır amma bunun heç bir faydası görünmür. Bəlkə yeni Dövlət Proqramı lazımdı? Ümumiyyətlə, çıxış yolunu nədə görürsüz?
- Yeni proqram çox gözəl olardı. Çıxış yollarından biri budu. AGİN, AFFA və Təhsil Nazirliyi birlikdə sırf uşaq futbolu üçün gözəl bir proqram hazırlaya bilər. Stadionlarımız, turnirlərimiz, kamplarımız olsun. Xaricdən mütəxəssislər gəlsin, maariflənək, öyrənək. Və dünya standartlarına uyğun bir proqramı Azərbaycanda həyata keçirək. Bu gerçəkləşsə, bir müddət sonra həm klublarımızda, həm millimizdə, həm də Avropada çoxlu azərbaycanlı futbolçular görərik.

- Futbol artıq idmandan daha geniş miqyasa çıxıb, ayrıca bir dünyadı. Orta məktəblərdə futbol fənn kimi tədris edilsə, bunun gələcəkdə bir faydası olarmı?
- Əla olardı. Səhv etmirəmsə, müharibəyə kimi Ukrayna belə proqrama başlamışdı. Uşaqlara futbolu sevdirmək və kütləviliyi artırmaq üçün çox yaxşı yoldu.

- Yekunda ümumiləşdirək: stadionların tikilməsi, təbii ot örtüklü meydançaların salınması, mütəxəssislərin yetişdirilməsi üçün ciddi işə başlanılması, məşqçilərin nəticə uğrunda savaşının qarşısının alınması, komandaların beynəlxalq turnirlərə davamlı və sabit göndərilməsi, kütləviliyin təmini üçün orta məktəblərdə futbolun fənn kimi tədrisi. Nəyisə unutmadıq?
- Başqa problemlərimiz də var. Sadəcə, onları da desək, çox olacaq.

- Niyə çox olur? Yazmaq, demək lazımdı ki, görsünlər, bilsinlər...
- Məsələn, bir problem valideynlərdi. Övladına özü bildiyi kimi futbol öyrətməyi, məşqçidən inciməyi, boş yerə uşağı futboldan çıxarmağı...
Sonra valideynlər vaxtları olmur deyə uşaqlarını futbola gətirə bilmirlər. Yaxşı olar ki, hamının evinin yaxınlığında məşq etməyə yer, hər məktəbdə, hər qəsəbədə, kənddə stadion olsun. Məktəbdə şərait olsa və futbol dərsi keçilsə, o zaman klublar da onları izləyib istedadlı uşaqları rahatlıqla seçər. Qəsəbələrin yarışları, məktəblərin yarışları - bunlar çox vacibdi... 

Anar Şabanoğlu
"Futbol+" qəzeti üçün

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar