\"Araz Naxçıvan\" \"Sumqayıt\"a uduzacaq?


Premyer Liqada elə tur olmur ki, oyunun nəticəsinə təsir edən hakim səhvi görməyək.
Dünən buna növbəti dəfə şahid olduq.
"Zirə" - "Sabah" matçının sonunda künc zərbəsinin əvəzinə qapıdan zərbə təyin edildi. Sonra da Jarl Marqarita komandası üçün penalti qazandırdı və Rəşad Sadıqovun komandası hakim səhvinə görə məğlub oldu.
Artıq mediada dəfələrlə yazılıb ki, Elxan Məmmədova yaxın komandalara xüsusən "Səbail"ə və "Sumqayıt"a dəstək verilməsi üçün hakimlər tapşırıq alıb. Ötən tur "Zirə"ilə oyunda "Səbail"in qapısına təmiz penati verilmədi. Bununla bir gülləylə 2 dövşan vuruldu. Həm Elxan Məmmədovun sevimli komandalardan birinə xal qazandırıldı, həm də "Zirə"nin əlindən 2 xal alındı.
Ümumiyyətlə, "Zirə"yə qarşı hakim ədalətsizliyi ilk mövsüm deyil. Rəşad Sadıqov bu komandaya gələndən zirəlilər sistematik hakim səhvləri ilə üzləşir. Artıq bunun təsadüfi olduğunu demək mümkünsüzdü. Çünki, az qala hər tur "Zirə" bərbad hakimliyin qurbanına çevrilir. Görünür Rəşad Sadıqovun xarizması, məşqçi istedadı kimlərəsə əməlli baş ağrısıdı, "Zirə"ni özündən xeyli artıq büdcəsi olan klublardan yuxarı sıralarda görməksə ağır dərddi...
Bu gün keçiriləcək "Araz Naxçıvan" - "Sumqayıt" matçında da qonaqların qələbəsinin öncədən bilinməsi haqda söz-söhbətlər var. Elxan Məmmədovun ən sevimli klubu olan "Sumqayıt" bu gün ikinci pilləyə yüksəlməlidi.
Əliyar Ağayev ölkənin 1 nömrəli hakimidi. Şəxsən mən onun pərdəarxası oyunların alətinə çevriləcəyinə inanmıram. "Araz Naxçıvan" - "Sumqayıt" matçını da Ağayev idarə edəcək. Məhz bu faktora görə oyunda obyektiv hakimlik görəcəyimizə ümid edirəm.
Turun son matçında isə ötən yay kubokun finalında qarşılaşan "Neftçi" və "Qəbələ" üz-üzə gələcək. Kamran Quliyevin prezidentliyi zamanında doğma arenada əyalət təmsilçisinə uduzub kuboku əldən verən "ağ qaralar" indi daha güclüdü. "Qəbələ" isə ötən mövsümlə müqayisədə xeyli zəifləyib. İndi Premyer Liqadakı yerini qorumaq üçün "Qəbələ" üçün hər oyun finala bərabərdi.
Odur ki, bu gün keçiriləcək hər iki oyunun maraqlı keçəcəyini öncədən demək olar.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar