İctimaiyyət Adıgözəlovu istefaya səsləyir

Murad Musayevin "Sabah"dan gedişi sosial şəbəkələrdə geniş rezonans doğurub. Tanınmış idman jurnalistləri, blogerlər, digər istifadəçilər bu qərarı kəskin tənqid edib və klub prezidenti Maqsud Adığözəlovun istefa verməli olduğunu yazıblar. Bəzi maraqlı fikirləri diqqətinizə çatdırırıq. 

Aydın Bağırov (Qol.az) 

- Təəssüf ki, Murad Musayev istefa verdi. Kimə görə, nəyə görə?
Rusiyalı mütəxəssis Azərbaycana gəlmiş ən yaxşı futbol mütəxəssislərdən biri idi. Bizim futbolun məhz belə səviyyəli legioner məşqçilərə ehtiyacı olub, var və bundan sonra da olacaq. Yəni söhbət legionerlərdən gedirsə Azərbaycan futboluna De Byazi kimi işbatıranlar deyil, Musayev kimi işgörənlər lazımdır.   
Amma son aylar klub rəhbərliyi ilə aralarında münasibətlərin soyuqlaşmasına, işinə müdaxilələrin olmasına dair çoxsaylı xəbərlər yayılırdı. Xüsusən transfer məsələlərində. Komandada inkişafın qarşısını alan bu cür mənfi hallar Azərbaycan futbolunun bəlalarından biridir. Bu mənada məşqçi sözünün qulaqardına vurulduğu bir klubun dünənə qədər başabaş mübarizə apardığı əsas rəqibinə indi 1:7 hesabı ilə uduzmasında da qeyri-adi də nəsə olmamalıdır. Yeri gəlmişkən, həmin matçdakı ağır məğlubiyyətin özü belə müəyyən şübhələr yaradır. Bəlkə Murad Musayevin getməsi üçün "Qarabağ"la son oyunda qəsdən 7 top buraxılıb? 
Bəli, Musayevin istefası "Sabah" klubu üçün yaxşı heç nə vəd etmir. Ümid edirəm, proqnozumda yanılacam. Amma klub rəhbərliyi tərəfindən işə belə qeyri-peşəkar yanaşma "Sabah"dakı problemləri yaxın gələcəkdə daha da dərinləşdirəcək.


Elçin Cəlilov (Futbolpress.az)

- Hәlә ötәn ilin  bu vaxtlarından "Sabah"da problemlәrin nәdәn yarandığını yazmışdıq.  Fikirlәrә klubdan adekvat reaksiya olmamışdı. Halbuki klubun bu gedişlә düzәlmәyәcәyini elә o vaxtdan bildirmişdik. Zaman yenә göstәrdi ki, yazılanlara ciddi yanaşmaq lazımdır.
Qısaca, "Sabah"ın düzәlmәsi klubun içindәn mümkün deyil, yalnız kәnardan müdaxilә edilmәlidir.
Murad Musayev qürurlu, peşәkar mütәxәssisdir. "Sabah"dan ona yeni müqavilә tәklif olunmasına rәğmәn istefa verdisә,  bu, komandada bәzi proseslәrin onun iradәsi çәrçivәsindә baş vermәdiyini göstәrdi.
Musayevin açıqlamalarında onsuz da bu mәqama işarәlәr hiss olunurdu...
"Sabah" bundan sonra çәtin ki sabit uğurlu ola bilsin.


Xanoğlan İmanov (Sportinfo.az)

- Bu mövsüm hər kəsə israrla "Sabah" geridönüş edəcək - deyəndə bu adama güvənərək iddia edirdim. 

Sanballı, bacarıqlı mütəxəssis idi. İşlədiyi ölkəyə hörmət edən, futboluna fayda verməyə çalışan adam idi. 

Ayrılığına təəssüf edirəm. Açığı, 7:1-dən sonra gedə biləcəyi ilə bağlı narahatlığım vardı. Adətən özünə hörmət edən mütəxəssislər ağır məğlubiyyətlərdən sonra belə qərar verirlər. Halbuki qışdan sonra Masazır təmsilçisinin işləri heç də pis getmirdi.

Özünə gəlməyə çalışan "Neftçi"dən bir xal, 10 nəfərlə qaldıqları "Zirə" ilə matçda 3 xal qazana bilmişdilər.

Ümid edək ki, nə zamansa onun yolu buradan yenə düşəcək. 

"Sabah" üçün isə bundan sonrası çox çətin olacaq. Axı neçə illər dağa-daşa düşüb Murada çatmışdılar. 

Həmin əyri-üyrü yollar yenidən başlamasa yaxşıdır...

Mirələm Həsənli (Sportlife.az)

- Bir neçə il əvvəl Bakıda şəkərli diabet xəstəsinin qanqrena olan sol ayağının yerinə sağlam olan sağ ayağını kəsmişdilər. 

"Sabah"ın baş məşqçisi Murad Musayevin istefa verməsi (məcbur edilməsi) də buna bənzəyir... 

Yuxarıdan ciddi müdaxilə olunmasa "Sabah" da yanlış idarəçiliyin güdazına gedərək məhv olacaq.

Araz Əhmədov (Sportfm.az)

- Murad Musayevi də belə yola saldılar. Azərbaycana gəlib-getmiş ən səviyyəli mütəxəssislərdən biri idi rusiyalı. Xaraktercə bizə uyğun olmaya bilərdi, ancaq oynatdığı futbol əlaydı. Onun həvəskar səviyyədə idarə olunan “Sabah”dan getməsi gözləniləndi. Özünə hörmət qoyan heç bir məşqçi belə vəziyyətdə burda qalmazdı. Heyif, itirən futbolumuz oldu!

Elsevər Məmməd (Qafqazinfo.az)

- Azərbaycan klub rəhbərlərinin ənənəvi yanlış addımlarının davamı. Musayev heç nədə günahkar deyildi. Onu 3 il də olsa, yenə də saxlamaq lazım idi. Heyif Musayevdən. Belə maraqlı məşqçi çətin gələ yenə...

Fuad Şərifov 

- Murad Musayev Azərbaycan futbolunda son 10 ilin ən uğurlu məşqçi modeli idi. Təssüf edirəm gedişinə, ona görə ki, bu klubda onun qoyduğu dəst-xəttlə Azərbaycan futbolunu "xilas etmək" olardı.

Çox böyük ehtimal ki, 2-3 ilə "Sabah" da dağılacaq, ya da uzağı sıravi bir "Rəvan" olacaq.

Rəşad Yusifov 

- "Sabah" hazırda çempionatda tutduğu pillədə qərarlaşmalı deyil. "Qarabağ"a 1:7 hesabı ilə məğlub olmalı deyil. Komanda bu cür oyun sərgiləməli deyil. Bunların hamısı ilə razıyam, əksini iddia etmək qəribə olardı.

Amma yenə də fikrimdə qalıram ki, "Sabah" rəhbərliyinin ötən yaydan əvvəl gördüyü əla işi bir kənara qoysaq, həmin dönəmdən bu tərəfə yanlış strategiya seçilib. Heyətlə bağlı verilən qərarlar ilə baş məşqçi zərbə altında qoyuldu. Böyümək istəyən, ciddi hədəfləri olan klub yayda iki aparıcı futbolçusunu əldən buraxmır. Yaxşı, Kaşuku saxlaya bilmirsiniz, səbəbini hamı anladı. Ancaq Mikelsin maaşını 200-250 min avro artırmayıb sonradan bu qədər futbolçunu gətirmək nədir? Yazılanlara inansaq, elə Belfodilin məvacibi ilə Ayaz Quliyevin transferi 1,3 milyon avro edir. Özü də neçəsi artıq çempionat başlayandan sonra gəldi. Bu, futbol simulyatoru deyil, hər yeni gələn oyunçu komanda ilə təlim-məşq toplanışını keçməli, uyğunlaşmalıdır.

Mikelsin maaşının artırılmamasının səbəbi kimi "Sonra başqa futbolçular da eyni tələblə çıxış edəcəklər" göstərildi. Bu, həqiqətən də, gülməlidir. Başqa cür necə olmalıdır ki? 7 illik tarixi olan və böyümək istəyən klubda təbii ki, hədəflər artdıqca maaşlar, xərclər də artmalıdır. Əksini yalnız "Tottenhem"də Deniel Levi bacarırdı, heç indi onda da alınmır. Hələ qış fasiləsində növbəti aparıcı futbolçusu - Aleksey İsayevi satdılar. Özü də kimə? Gələcəkdə rəqabət aparmaq istədikləri kluba. Hansı məbləğə? 500 min dollara, halbuki bazarda bu qiymətə əvəzedicinin olmadığı əvvəldən bilinirdi. Heç İsayevin yerini də doldurmadılar. Bu, nə strategiyadır ki? Ötən yaydan görülən iş "Sabah"ı bir deyil, bir neçə addım geri atdı. İndi yenidən həmin yolu qət etmək lazım gələcək.

Murad Musayevə isə yeni iş yerində uğurlar arzulayıram. Bəlkə də, onu Azərbaycan millisinin baş məşqçisi postunda görəcəyik. Hər halda, mətbuatda adı hallanan xaricilər ilə müqayisədə bir xeyli yaxşı variant olardı".

Anar Şabanoğlu (Sports.az)

- Murad Musayev yaxşı məşqçi olduğunu sübut edib. Amma Maqsud Adıgözəlov yaxşı klub prezidenti olduğunu sübut etməyib. Tam əksini görmüşük, görürük. Yaxşı dost, gözəl insan ola bilər. 

"Sabah"ın bəlkə də "Qarabağ"dan daha çox büdcəsi var. Bu rəzalətin 1 sonu olmalıdı. Həmin son da Murad Musayevin yox, Maqsud Adıgözəlovun istefasıdı. 

Heyf, çox heyf. Düzgün strategiya qurmuş, uşaq futboluna az-çox önəm verən bir klubun belə acınacaqlı duruma gəlməsi heç xoş deyil.

Obyektiv təhlil olsa, ədalətli qərar verilsə, "Sabah"dan Murad Musayev yox, Maqsud Adıgözəlov getməlidi. 

Murad Musayev özünə hörmət edib istefa verdi. Amma "Sabah"dan 1-ci getməli adam Maqsud Adıgözəlovdu.

İlkin Abbasov

- İllərdi hər yerdə deyirəm və yazıram. Azərbaycan futbolunun problemi maliyyə, uşaq futbolunun olmaması, akademiyaların, stadionların yoxluğu, hakimlər, məşqçilər və futbolçular deyil, bunlar hamısı fəsadlardı. Problem, futbolu bilən və sevən, bu fəsadları aradan qaldırmağın yollarını bilən peşəkar, bu sahədə təhsili olan idarəçilərin yoxluğudu, qıtlığıdı. Murad Musayevin istefası bunu bir daha isbat etdi. Bilənlər-bilir "Sabah"ın problemi Murad Musayev deyildi. Təəssüf...

Səbuhi Həsənov (Qaynarinfo) 

- Murad Musayev Azərbaycana gəlmiş ən yaxşı, savadlı məşqçilərdən biri idi... "Sabah"ın qeyri-peşəkar rəhbərliyinin qurbanı oldu...

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar