31

"Araz Naxçıvan"da sular durulmur. İndi də mediada komandadaxili iclasda Azər Bağırova 2 oyun vaxt verilməsi haqda məlumat yayılıb. Bu həmin adamdı ki, ötən il "Araz Naxçıvan"ı birinci divizionun çempionu edib, illər sonra yüksək liqaya yüksəltdi və Premyer Liqadakı debüt mövsümündəcə komanda qurduğu oyunla hamının simpatiyasını qazandı.

Amma və lakin...

Sıfırdan yığılmış, təlim-məşq toplanışı keçməmiş kollektiv mövsümün ilk yarısında göstərdiyi nəticələrdən uzaqdı. Son iki matçda məğlubiyyətdə də, əvvəlki döyüşkənlikdən əsər-əlamət qalmadığı göründü. Naxçıvanlılar bu qarşılaşmalarda qalib gəlsəydi, indi Premyer Liqada ikinci yerdə idi.

Bəs həmin komanda ruhundan əsər-əlamət qalmamasının əsl səbəbi nədi?

Hər şey pərdərxası oyunlara bağlıdı...
Klubdaxili intriqalar pik həddə çatıb.

İstər çempionatda, istərsə də kubokda uğursuzluğun başlıca səbəbi klub idarəçilərinin qeyri-peşəkarlığıdı.

Təşkilati işlər o qədər həvəskar səviyyədə qurulub ki, bəzən komanda harda məşq edəcəyini həmin gün bilir.

Premyer Liqanın ən gənc baş məşqçisi Azər Bağırovun heç kimə lazım olmayan futbolçulardan qurduğu kollektivin mövsümün ilk yarısında gözlənilmədən uğurlu çıxış etməsi çoxlarının planlarını pozdu. Bağırovun ilk 3-4 oyunu uduzub göndərilməsi baş tutmayandan sonra "Araz Naxçıvan"ın uğurlarının qarşısının alınması üçün maksimum bacardıqlarını etdilər. Futbolçuları ruhdan salmaq, bədbinliyə kökləmək, komandanın daxilində parçalanma yaratmaq üçün hər yola əl atıldı.

Uğurlu dönəmlərdə gah elə kiçik məbləğdə mükafat verildi ki, futbolçular incik düşdü, gah da baş məşqçidən klubun faktiki sahibinə donoslar aparıldı, klubun uğurunu ən çox istəyən iki adamın münasibətlərinin korlanılmasına çalışıldı.

Əsas məqsəd Azər Bağırov haqda mediada, ictimaiyyətdə formalaşmış müsbət fikri dəyişmək, onun uğuruna mane olub, mümkün qədər tez yola salmaq idi.

Bağırovun kölgəsində qalmağı qəbul edə, paxıllıqdan özlərinə yer tapa bilməyənlərin arzusu gözlərində qalsa da, bu işi sona çatdırmaq üçün var qüvvələrini səfərbər ediblər.

Premyer Liqada bəlkə də ən çox təhlükəli qol epizodu yaradan komandada qolçuluq bacarığına malik keyfiyyətli hücumçunun yoxluğuna rəğmən qış pəncərəsində transfer edilməməsi də səbəbsiz deyil.

Tək məqsəd uğurlarını sinirməkdə çətinlik çəkdikləri, məşqçilik savadı və istedadı ilə hamının rəğbətini qazanmış Azər Bağırovun "torbasını tikib", əmrə müntəzir, "sözə qulaq asan",  yaltaq birini gətirməkdi.

Bu kriteriyalara cavab verən simasız namizədlər arasından çoxdan seçim edilib.

Bir əmma var ki, mövsümə "Kəpəz"dən sonra ən kiçik büdcəyə malik komanda kimi başlayan naxçıvanlıların futbolçularının qiyməti qalxıb, komanda özü də elitadakı yerini təmin edib.
Nə yerli, nə də əcnəbi futbolçu potensialı yüksək olmayan, buna baxmayaraq, müqavilə bağlamağa razı salmaq üçün dəyərindən dəfələrlə artıq pul verdikləri heyət üzvlərinin qiyməti Bağırovun sayəsində artsa da, keyfiyyətləri dəyişməyib. Mövsümün ikinci hissəsindəki nəticələr bunu bir daha sübut edir.

"Araz Naxçıvan"ın ən bahalı futbolçusu - dəyərindən 3-4 dəfə baha qiymətə başa gələn İsmail Azzaui çempionatda biri penaltidən olmaqla 2 qol vurub. Yenə real dəyərindən qat-qat baha qiymətə kluba calanan Aksel Nqando isə 1 qol da vurmayıb. Bu futbolçuları "Araz Naxçıvan"a kimlərin verməsi, komandaya kimin hansı barmaq etməsi bəllidi, mediada dəfələrlə yazılıb, təkrarlamağa ehtiyac yoxdu.

Böyük ümidlərlə transfer edilən daha bir bahalı legioner Elvis Maşikenin də çempionatdakı statistikası bir mərkəz hücumçusu üçün çox bərbaddı - cəmi 3 qol.

Belədə mövsümün ilk yarısındakı inanılmaz performansın davamını gözləmək absurddu.
Təsadüfi deyil ki, komanda "Qəbələ" ilə prinsipial kubok mücadiləsini də uduzdu. Maraqlıdı ki, həlledici cavab qarşılaşmasından 3 gün əvvəl "Araz Naxçıvan"ın Qəbələdə çempionat oyunu vardı. Bakıda məşq etməyə yer tapmayan Naxçıvan təmsilçisinin bu önəmli mücadilə üçün Qəbələdə qalıb hazırlaşacağını gözləmək olardı. Amma həvəskar idarəçiliklə mövsümə damğasını vuran "Araz Naxçıvan"ın futbolçuları avtobusla Bakıya qayıtdı və 1 gün paytaxtda "dincəldikdən" sonra yenidən avtobusla Qəbələyə yollandı...

Məhəllə komandaları səviyyəsində idarəçiliyə, yarıhəvəskar heyətə, kiçik maliyyəyə, ev oyunlarını Naxçıvanda keçirməməsinə, azarkeşsiz, dəstəksiz çıxışına baxmayaraq, indidən əminliklə demək olar ki, "Araz Naxçıvan" aşağı liqaya düşmək təhlükəsindən uzaqdı. 
Bu heyətlə, şəraitlə, maneələrlə, "torba əməlliyatları" ilə 31 xal əsl möcüzədi. Əlbəttə, Bağırovun işinə kölgə salmaq üçün komandanın sahibi Zaur Axundova bunun da təsadüfi olduğunu deyə bilərlər. Amma Axundov da ilk il deyil futboldadı və bu cür "DIVARovoy" komanda" və idarəçiliklə indiyəcən toplanan 31 xalı uğur saymasa...

Naxçıvanlılar qarşıdakı 11 turda bəlkə də, avrokuboklar uğrunda mübarizəyə də qoşula bilər. Amma komandadaxili mühit çox bərbaddı. Bu da nəticələrə birbaşa təsir edir.

İndiyəcən olan uğurların baş memarı, daim dəstək verdiyimiz Azər Bağırov da etiraf edək ki, sanki, daha çox şəxsi mənafeyini güdür. Klubdakı problemlərlə bağlı suallardan yayınır, əksinə, hər şeyin əla olduğunu sübut etməyə çalışır. Yəqin ki, rəhbərliyin də qarşısında hər şeyin yaxşı olduğunu söyləyir...

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar