Rövnəq Abdullayev AFFA-da qalsın! 

U21-in və əsas millinin dünənki oyunları AFFA rəhbərliyinin futbolumuza nə qədər böyük ziyan vurduğunu bir daha əyani şəkildə göstərdi. 

20 ildə nə normal futbolçu yetişib, nə sistem qurulub, nə də gələcəyə ümidlə baxacağımız hansısa başqa bir iş görülüb. 

Azərbaycan futbolunda heç bir maliyyə olmayan, futbolçularından acından ölməmək üçün 5-10 qəpiyə "peraşki" alıb yediyi "peraşki" dövrü" belə rəhmətlik Fuad Musayevin sayəsində Zaur Tağızadə, Samir Əliyev, Rəşad Sadıqov və bir çox başqa istedadlar tapıb üzə çıxarılır, yetişdirilirdi.

Futbolumuza pullar axandan sonra da heç nə dəyişmədi. Əksinə, ən vacib sahə olan uşaq futbolu bəlkə də daha bərbad durumdadı. Dəyişən yalnız bu sahəyə gəlmiş kadrların sərvətidi. Onlar AFFA-ya, klublara necə gəlmişdi? Hansı var-dövlətləri, kapitalları vardı? İndi nələri var?

Ağ Şəhərdə, Bilgəhdə, Nardaranda başqa elit yaşayış yerlərində, komplekslərində neçə mənzil və bağa, hansı obyektlərə, bizneslərə sahibdilər? Bu və başqa məsələlər daha aktual araşdırma mövzusudu.

AFFA-nın köhnə rəhbərliyinin, klublara rəhbər vəzifələrə gətirilən kadrların əsas işi dövlətin və beynəlxalq futbol qurumlarının ayırdığı vəsaiti talamaq olub.

Ümid edirəm ki, milyardların hara getməsi araşdırılacaq və günahkarlar layiqli cəzalarını alacaq.

Hələliksə, AFFA-nın köhnə-yeni rəhbərliyində Elşad Nəsirov da təmsil olunacaq...

Bu gedişlə futbol ictimaiyyətinin böyük ümidlə gözlədiyi Hesabat-Seçki Konfransından sonra da heç nə dəyişməyəcək.

Yenə klan davaları, intriqalar, "o çox yedi, mənə az qaldı" söhbətləri. Bir sözlə, futbolun inkişafı üçün görülməli olan işlərdən başqa hər şey...

Belə olacaqsa, Rövnəq Abdullayev qalsın! Adam AFFA-dan nə qədər vəsait istəyirdilərsə, gözüyumulu ayırırdı. Sadəcə, istedadlı dələduzlara nəzarət edə bilmirdi. Bunun yolunu tapsalar, AFFA-ya Rövnəq müəllimdən yaxşı prezident gələsi deyil.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar