Zaur Axundovun son qələbəsi

Bir klub rəhbərliyi baş məşqçiyə dayaq olmursa gec-tez rəzil duruma düşməlidi. "Araz Naxçıvan"da nəhayət Azər Bağırovun "torbasını tikib" bitirdilər.
Mövsümə gözlənilmədən əla başlayan komandada Premyer Liqanın ən gənc baş məşqçisinin uğurlarını həzm edə bilmirdilər. Müxtəlif yollarla onun ayağının altını qazanlar nəhayət arzularına çatdı. 

Təəssüf ki, bu cür istedadlı mütəxəssisi "beşikdə boğmaq" futbolumuza heç bir fayda verməyəcək...
Klub daxilində Bağırovun uğurlarını gözü götürməyənlər azmış kimi, şimşək vurmuş Barış müəllimin hakimləri də bir tərəfdən "Araz Naxçıvan"ın haqqını yeyirdi.

Qeyri-peşəkar idarəçilik, futbolçuların oyunu qumara qoymaq şübhəsi, Elxan Məmmədovun dəllallarının lazımsız, gerçək dəyərindən qat-qat bahalı legionerləri komandaya soxuşdurub büdcəni talaması, doğma stadionda oynamaq üçün heç bir cəhd edilməməsi, məşq keçməyə yerin olmaması, bəzən son anda məşqin yerinin bilinməsi, mükafatlarla bağlı acınacaqlı durum, qeyri-müəəyyənlik, Bağırovun işinə müdaxilə, qeyri-sağlam mühit, hər addımda qeyri-peşəkarlıq... "Araz Naxçıvan"ın problemlərini saymaqla bitəsi deyil!

Azər Bağırov bu şəraitdə yoxdan konfet düzəlməyi bacarmışdı. Amma sonda qalib gələn onun uğurlarını həzm etməyən dəstə oldu. Beləcə, "Araz Naxçıvan"ın hələlik qeyri-rəsmi sahibi Zaur Axundov Azərbaycan futbolunda son qələbəsini qazandı. Kölgəsində qaldığı gənc baş məşqçini xeyli gec də olsa yola sala bildi. Amma həyat bumeranqdı. Yaxında onun özünün də dostu Elxan Məmmədovun digər kadrları ilə bərabər futboldan birdəfəlik göndəriləcəyi gündəmdədi. 

Azər Bağırov isə sözsüz ki, işsiz qalmayacaq. Yüksək liqadakı ilk mövsümündəcə özünü ən yaxşı tərəfdən göstərmiş gənc mütəxəssisi yəqin ki, yeni mövsümdə layiq olduğu yerdə görəcəyik. "Araz Naxçıvan" kimi qeyri-peşəkar komandanı Premyer Liqaya yüksəldən və burda da mövsümə rəng qatan Bağırova istənilən halda təşəkkür!

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar