"Turan Tovuz" "Sumqayıt"a uduzdurulacaq?

Sabah Premyer Liqada 31-ci tura start veriləcək. Tovuz şəhər stadionunda keçiriləcək "Turan Tovuz" - "Sumqayıt" oyunu olduqca prinsipialdı. 

Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan komandalar üçün mövsümü indidən uğurlu saya bilərik. Ayxan və Samir Abbasovlar növbəti dəfə yaxşı məşqçi olduqlarını sübut edərək qat-qat artıq büdcəyə malik klublarla sonacan yüksək yerlər uğrunda mübarizə aparır. 

Təəssüf ki, "Sumqayıt"ın uğurlu çıxışına kölgə salan bir səbəb var. Hakimlər "Gənclik şəhəri" təmsilçisini "dartır".

Bəziləri bunu "köhnə qvardiya"nın işi hesab edir. Elxan Məmmədovun Hakimlər Komitəsindəki tör-töküntüləri hələ də "FİFA Elxan"a yaxın klublara bacardıqları köməyi əsirgəmir. Riad Rəfiyevin komandası bu sırada birinci yerdədi. 

"Turan Tovuz"la sabah keçiriləcək qarşılaşmada da meydan sahiblərinin hakim ədalətsizliyi ilə üzləşəcəyi və tovuzluların qələbəsinə imkan verilməyəcəyi haqda söz-söhbət sosial şəbəkələrdə, mediada çox geniş müzakirə olunur. 

Tovuzlu azarkeşlər belə bir prinsipial mücadilənin iş günündə iş saatına salınmasında, ev oyunlarını Tovuzda keçirən "Kəpəz"in "Sabah"la qarşılaşmasının isə bazar gününə təyin olunmasında da sevimli klublarına qarşı qərəz görür. 

Azərbaycan futbolu tarixində şəxsi vəsaitini futbola yatıran nadir şəxslərdən olan Ehtiram Quliyev Tovuzda avrokubok oyunu keçirilməsi üçün əlindən gələni əsirgəmir. Klubun baş sponsoru bunun üçün stadionu UEFA tələblərinə uyğun təmir etməyə, çox ciddi işlər görməyə hazırdı. Amma hələ də futbolumuzda təsiri qalan, təpədən-dırnağa kimi rüşvətə, yeyintiyə bulaşmış "köhnə qvardiya" belə mütərəqqi əməllərə düşmən kimi yanaşır... 

Bu mənada AFFA-nın yeni rəhbərliyinin Tovuzdakı oyunu xüsusi diqqətdə saxlaması, Qərb bölgəsindəki prinsipial oyunu birbaşa stadiondan izləməsi vacibdi. 

Futbol ictimaiyyətinin narahatlığının nə dərəcədə əsaslı olub-olmamasına sabah bu vaxt aydınlıq gələcək.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar