Dartanyan və üç müşketyor

Çempionatın bitiminə 4 tur qalmış avrokuboklar uğrunda mübarizə pik həddinə çatdı. "Sumqayıt" və "Neftçi"nin 50, "Zirə" və "Sabah"ın 49 xalı var.

"Neftçi" və "Sabah"ın büdcəsi, oyunçularının qiyməti onları Avropaya vəsiqə uğrunda yarışda bir addım önə çıxarır. Bu komandalar çempionatın son turunda "Neftçi Arena"da üz-üzə gələcək. "Sabah"ı həmin qarşılaşmadan öncə "Sumqayıt"la Masazırda matç gözləyir.
Maksud Adığözəlovun klubunun növbəti tur "Araz Naxçıvan"la daha sonra "Qəbələ" ilə səfərdə oyunu var.

"Neftçi"nin təqvimi "Sabah"dan daha ağırdı. "Ağ-qaralar" növbəti tur "Qarabağ"ın qonağı olacaq, daha sonra əzəli rəqibi "Kəpəz"i qəbul edəcək. "Flaqman" gəncəlilərin ardından "Səbail"lə, nəhayət, son turda yuxarıda dediyimiz kimi "Sabah"la görüşəcək.

Şahin Diniyevin komandası nəzəri cəhətdən avrokuboklara gedə bilər. "Səbail" son 4 turda "Neftçi"dən başqa Avropaya vəsiqəyə iddia edən daha iki klub - "Sumqayıt" və "Zirə" ilə də qarşılaşacaq. 

Əsas iddialı 4 klubdan "Zirə"nin təqvimi digərlərinə nisbətən daha çətindi. Rəşad Sadıqovun komandası "Turan Tovuz" və "Kəpəz"in qonağı olacaq, "Qarabağ" və "Səbail"i Zirədə qəbul edəcək. 
Hakimlər tərəfindən xeyli ədalətsiz qərarlar görmüş "qartallar"ın Avropaya getməsini Elxan Məmmədov və onun futbolumuzda qalan kadrları istəmir. AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşek və Hakimlər departamentinin rəhbəri Cavid Cəlilov "Zirə"nin bu mücadilədən məğlub, "Sumqayıt"ın isə qalib ayrılması üçün dəridən-qabıqdan çıxır. Məmmədovun dostu - Zaur Axundovun "Araz Naxçıvan"ı da son turda bu işdə əla kömək göstərdi. 

Hakimlər mövsümboyu zirəlilərə qarşı ədalətsizlik edib, "Sumqayıt"a dəstək verib. Rəşad Sadıqovun komandası Avropaya getməyi ən azı buna görə haqq edir. Ədalətin bərqərar olub-olmayacağını bilməyizə cəmi 1 ay qalır.

"Sumqayıt"ın təqvimi digər rəqibləri ilə müqayisədə daha asan görünür. Mövsümboyu bir çox oyunda olduğu kimi son turun "Qarabağ"la qarşılaşmasında da hakimlərin dəstəyi ilə qələbə qazanan "kimyaçılar" "Kəpəz" və "Sabah"ın qonağı olacaq, "Səbail" və Premyer Liqadan gedişi rəsmiləşən "Qəbələ"ni Sumqayıtda qəbul edəcək. 

Riad Rəfiyevin komandasına rəqiblərindən asılı olmayaraq "hakimlər dartan" yarlığı yapışıb. Hətta, Riad bəyin dostları sosial şəbəkələrdə ona yarızarafat-yarıgerçək "Dartanyan"ı yada salır. 
Aleksandr Dümanın romanının qəhrəmanı kimi Parisin fəthinə yollanan Elxan Məmmədova bəlkə də bu ləqəb daha çox yaraşar. Amma istənilən halda uğurlu bənzətmədi. Elxan Məmmədov-Cavid Cəlilov-Barış Şimşək triosuna da "üç muşketyor" demək olar.

Samir Abbasov və futbolçuları xoş sözlərə layiqdi. Amma hakimlərin daimi dəstəyi onların əməyinə kölgə salır. 

"Araz Naxçıvan", "Səbail", "Kəpəz" və Elxan Məmmədova yaxın digər klubların da hakimlər kimi "Sumqayıt"ın "dartılıb" Avropaya düşməyi üçün əllərindən gələni əsirgəməyəcəyini güman etmək olar...

Riad Rəfiyevin komandası avrokuboklara vəsiqəyəcən "dartılsa" real gücünü orda görəcəyik. Amma onda ölkə adına gec olacaq... Çünki, hakimlərimiz qitə meydanında da "darta" bilməyəcək.

Bir sözlə, çempionatın sonu çox maraqlı keçəcək...

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar