Barışılması gərəkən reallıq

"Dinamo Zaqreb"lə Bakıdakı oyunda stadiona gedənlərin böyük əksəriyyəti Çempionlar Liqasının himni səslənən anları paylaşdı. Biz buna ac idik. Təəssüf ki, alınmadı. Yeni formatda keçiriləcək turnirin əsas mərhələsində Azərbaycan klubunu görmək, möhtəşəm himni bu mövsüm Bakıda ən azı daha 4 dəfə eşitmək arzumuz arzu olaraq qaldı. 

"Qarabağ"ın işi əvvəlcədən çətin görünürdü. "Ludoqorets"lə səfərdəki nəticədən sonra eyforiyaya qapılanları təcrübəli xorvatlar sakitləşdirdi. 

Aydın məsələdi ki, "Dinamo Zaqreb" istər komanda, istərsə də klub olaraq "Qarabağ"dan üstündü. Ağdamlılar belə güclü rəqibə qarşı bu qədər qol epizodu yaratdısa, Qurban Qurbanov başda olmaqla məşqçi korpusu xoş sözlər haqq edir. Epizodlardan istifadə edilməməsi isə artıq oyunçularımızın keyfiyyət göstəricisidi. Sözsüz bəxtsizlik amili də var. Amma 10-15 qol epizodundan birindən də istifadə edə bilmirsənsə artıq bu bəxtdən çox səviyyə ilə bağlı barışılması gərəkən reallıqdı. 

"Qarabağ"ın ötən mövsüm avrokuboklarda uğurlu çıxışı bəzilərini çaşdırıb. Sanki, bu heyətlə avrokubok da almaq olar. Əslində isə futbolçuların hər hansına "böyük beşlik" yüksək liqalarından təklif gəlsə, çoxdan gedərlər. Getmirlərsə, demək elə onların istedadına, bacarığına uyğun ən böyük zirvə "Qarabağ"dı. 

Xorvatiyanın 4 milyon əhalisi olsa da, dünya futbolunda nəhənglərdəndi. Bu ölkə futbolçu konveyeri kimi tanınır. "Dinamo Zaqreb" ölkəsinin aparıcı klubudu.

Bir ara "Sabah" zaqreblilərlə uşaq futbolu ilə bağlı əməkdaşlıq edirdi. Həqiqətən çox təqdirəlayiq addım idi. Amma bu əməkdaşlıqdan klub nə qədər fayda gördü, bilmirəm. Çünki, "Sabah" hələ də normal klub ola bilməyib. İllərdir təriflədiyim akademiyasında da inkişaf dayanıb, əksinə, tənəzzül gedir və təəssüf ki, ürəkaçan durum deyil... 

İstənilən halda, "Dinamo Zaqreb" kimi klubdan hər sahədə öyrənmək bizim üçün faydalıdı. O cümlədən "Qarabağ"a. 

Bu matçların da çempionumuzun gələcəyinə çox faydası olacağını düşünürəm. Klubun akademiyasının rəhbərliyi zaqrebli həmkarları ilə görüşmüşdü. İstər əsas komandaya, istərsə də akademiyaya bu görüşlərin mütləq hansısa xeyri dəyəcək.

Şablon səslənsə də, idmanda udmaq da var, uduzmaq da. "Qarabağ" güclü rəqiblə layiqli mübarizə aparıb uduzdu. Qurban Qurbanovun komandası ÇL-də bu yerə gəlməklə artıq uğur qazanıb. Qarşıda isə ən azı daha 8 Avropa Liqası matçı var.

Əminəm, toparlanıb AL-də də uğurlu çıxış edəcəyik!

Çempionumuza bu çətin marafonda uğurlar!

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar