Müdrik Berdiyevin komandası

Bir il əvvəl "Turan Tovuz" doğma arenada "Səbail"i qəbul etmişdi. Şahin Diniyevin yetirmələri Ayxan Abbasovun komandasını bütün komponentlərdə üstələyib 3:1 hesabı ilə qalib gəlmişdi. 

Amma indi tam fərqli ssenari gördük. Tovuzlular böyük üstünlüyə malik idi və bir qədər bəxtləri gətirsə daha böyükhesablı qələbə qazanardılar. Amma önəmli olan 3 xal və əyalət təmsilçisinin gözlənilməz liderlik mövqeyidi.

Kurban Berdiyev postsovet məkanında imzası olan baş məşqçidi. Onun Tovuzda çalışması artıq klub rəhbərliyinin uğurudu. Berdiyev "Rubin"i birinci liqadan ikiqat Rusiya çempionluğunacan daşıyıb. Çempionlar Liqasında həmin dövrün yenilməz "Barselona"sını Barselonada məğlub edib. 

Berdiyev "Rostov"a da tarixinin ən böyük uğurunu qazandırıb, komandanı Çempionlar Liqasının qrup mərhələsinə yüksəldib. Bu, "Rubin" və "Rostov" üçün ağlagəlməz, fantastik nəticələr idi. 

Maraqlı bir fakt da deyim. "Rubin" ilk dəfə Rusiya çempionu olanda komandanın heç bir üzvü mövsümün yekunlarına görə "33 ən yaxşı futbolçu" siyahısına düşməyib. Bu, birbaşa Kurban Berdiyevin nə qədər böyük mütəxəssis olduğunun göstəricisidir.

"Səbail" üzərində qələbədən sonra Kurban Bekieviçə sual verdim ki, "Rubin" və "Rostov"la inanılmaz nəticələr göstərmisiniz, necə düşünürsünüz "Turan Tovuz"la da hansısa böyük uğur qazanmağınız mümkündümü? 

Müdrik Kurban Bekieviç cavab verdi ki, bunun üçün əlimizdən gələni edəcəyik, çox, lap çox çalışacağıq.

Türkmənistanlı mütəxəssis ilk turda "Neftçi" ilə oyunda Azərbaycan himni səslənəndə əlini ürəyinin üstünə qoyub böyük sayğı nümayiş etdirmişdi.

"Kurban" və "Turan" sözlərində həm də sanki bir mistik bağ var. 

"Turan Tovuz"un rəhbərliyi də mənəvi dəyərlərə çox önəm verən insanlardı. 

Peşəkarlıq və insani keyfiyyətlər, vicdanlı, ağıllı iş mütləq güc-tez uğur gətirməlidi.

Məsələn, hamının loqo dəyişmək sevdasına düşdüyü bir vaxtda, "Turan Tovuz" rəhbərliyi zamanını və pulunu daha faydalı işlərə sərf edir. 

...Zirvədəki yeri qorumaq ora yüksəlməkdən daha çətindi.

Növbəti turda "Turan Tovuz"u "Sabah"la çox ağır səfər oyunu gözləyir. Hələ çox tez olsa da, bəlkə də bu qarşılaşma tovuzluların çempionatın yekunundakı mövqeyinə də ciddi təsir edəcək. 

Anar Şabanoğlu, Tovuz

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar