Azər Bağırovun səhvi
"Kəpəz" - "Şamaxı" oyunu ilk baxışdan afişa olaraq o qədər də cəlbedici görünməsə də, tribunalarda emosiyalar o qədər aşıb-daşdı ki, turun bəlkə də, ən qalmaqallı matçına çevrildi.
İlk dəqiqələrdən qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada hər iki tərəfin qol vurmaq şansları vardı. Amma "Kəpəz"in futbolçularının ustalıq baxımından rəqibdən geri qaldığı açıq-aşkar göründü.
16 və 19-cu dəqiqədə "Şamaxı"nın vurduğu ilk qol gəncəli azarkeşlərin səbr kasasını daşırdı. Onlar klub rəhbərliyini və "Kəpəz"in baş məşqçisi kimi cəmi üçüncü oyununu keçirən Azər Bağırovu istefaya səsləməyə, futbolçuları aşağılayan şüarlar söyləməyə başladı.
Matçdan sonra mətbuat konfransında azarkeş ya jurnalist olunduğu bəlli olmayan bir gəncəli "Kəpəz" aşiqi (ümid edirəm ki, həqiqətən belədi) peşə etikasına uyğun gəlməyən tərzdə, müstəntiq kimi Bağırovu sorğu-suala tutdu. Aşağılayıcı tonda "Azarkeşlər 19 dəqiqəyə 2 qol buraxandan komandanı niyə dəstəkləməlidi?" tipli suallarla baş məşqçini təxribata çəkmək istədi. Mətbuat konfransının polemika meydanı olmadığını anlamayan fanat-jurnalistin suallarını Azər Bağırov təmkinlə cavabladı.
O, indiki məqamda komandanın heyətinin 80 faizinin dəyişdirilməsinin mümkünsüzlüyünü bildirdi. Buna görə də əlində olan futbolçuları dəstəkləməkdən başqa variantının olmadığını vurğuladı. Heyətləri qat-qat keyfiyyətli futbolçulardan qurulmuş rəqiblərlə qeyri-bərabər mübarizədə hansısa möcüzə yaşanması üçün futbolçularının azarkeşlərin dəstəyinə xüsusi ehtiyacı olduğunu söylədi.
Şəxsi fikrimdi ki, Bağırovun "Kəpəz"ə gəlişi səhv addım idi. Gəncəlilərin heyəti rəqiblərindən o qədər zəifdi ki, burda heç möcüzəyə də ümid etmək olmur. Digər tərəfdən Gəncə futbolunda nə vaxt birlik olub bunu Allah bilir. Üç oyundan sonra azarkeşlərin baş məşqçini istefaya səsləməsi ağlagəlməz və heç bir məntiqə sığmayan hadisədi. Gəncə futbolunda o qədər qruplaşmalar var ki, bu aurada uğur qazanılması qeyri-mümkündü.
"Kəpəz"in rəhbərliyi, baş məşqçisi dəyişsə, ölkənin ən yaxşı futbolçularını Gəncəyə gətirsələr bu mühitdə irəliləyişə nail olmaq müşkül məsələdi. Sanki, hamı bir-birinin ayağının altını qazmaqla məşğuldu... "Kəpəz"ə isə bir dəyər kimi yox, pul torbası kimi baxılır. İllərdir şəxsi maraqlar uğrunda bitməyən mübarizə gedir.
Azər Bağırov bu bataqlığa girməklə nə qədər böyük səhv etdiyini yəqin ki, artıq üçüncü oyunda anladı. Amma Bağırov "Güclü adamam, bu şəraitdə də nəsə etməyə çalışıram " deyir.
Çətindi, çox çətin...