Hakimi vuran futzalçıya 5 oyunluq cəza verildi
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, Əvəzedicilər Liqasının 19-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
U-14 Liqasının “Asta” FK – “Birlik” PFK oyununda “Asta”nın heyətində Şahin Qasımzadə qarşılaşmanın 73-cü dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə aldığına görə 2 oyun cəzalandırılıb. “Birlik” PFK komandasının futbolçusu Bilal Axundzadə də 73-cü dəqiqədə təcavüzkar davranışa görə qırmızı vərəqə aldığına görə 2 oyun cəzalandırılıb.
U-14 Liqasının “Ramana” İM – “Birlik” oyununda “Birlik” komandasının baş məşqçisi Zahid Əliyev qarşılaşmanın 66-cı dəqiqəsində hakimin qərarına kəskin etiraz etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığına görə 2 oyun cəzalandırılıb.
Futzal üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Neftçi” İK İB – “Star Kargo” oyununda “Star kargo”nun oyunçusu Qərib İbrahimov təhqiredici, qeyri-etik ifadələr işlətmək və ya jestlərdən istifadə səbəbindən birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimə qarşı fiziki təzyiq göstərdiyinə görə 5 oyun cəzalandırılıb.