“Renato milliləşdirilsə, Azərbaycan yığmasına xeyir verər” - Rəşad Sadıqov

“Zirə” bu gün Azərbaycan Premyer Liqasının 10-cu turunda “Karvan-Yevlax”la qarşılaşıb.
Sports.az xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən matçdan sonra “qartallar”ın baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib. Sadıqov 3:2 hesabı ilə qalib gəldikləri oyunu belə şərh edib:
“İlk olaraq “CBC Sport”u yaranması ilə bağlı təbrik edirəm. Arzu edirəm ki, fəaliyyətləri daimi olsun.
Oyuna gəldikdə, bilirdik bizi nə gözləyir. “Turan Tovuz”la son oyundakı çıxışlarından da görünürdü ki, əzmkarlıq nümayiş etdirirlər. Buna baxmayaraq, ilk hissədə yaxşı çıxış etdik. Standart vəziyyətdən qol buraxdıq. İlk hissədən sonra futbolçularıma dedim ki, belə davam edin. Çox vacib qələbə qazandıq. Təbrik edirəm futbolçularımı. Yaxşı çıxış etdilər, sona qədər mübarizə apardılar. Və sonda da istəyimizə nail olduq.
Cərimə zərbəsindən buraxdığımız qol Aydın Bayramovdan daha çox, canlı səddin səhvi idi. Əslində, Aydın yaxşı reaksiya verdi. Ümumən, onun çıxışı məni qane etdi. Dediyim kimi, əsas odur vacib qələbə qazandıq.
Ruan Renato milliləşdirilsə, düşünürəm ki, Azərbaycan yığmasına xeyir verər. Bu tip oyunçuların milləşdirilməsinə ehtiyac var. Əslində, “Zirə”nin baş məşqçisi kimi mənə sərf etmir. Amma milliləşdirilsə, faydası dəyər, həmin mövqedə rəqabət yaranar”.





























