“Azərbaycanın Avropaya səs salan komandasına qarşı mükəmməl oynadıq”

“Sabah” Misli Premyer Liqasının 1-ci turundan təxirə salınmış oyunda bu gün “Qarabağ”ı qəbul edib.
Sports.az xəbər verir ki, 2:1 hesabı ilə qalib gələn “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın oyundan sonra mətbuat konfransı keçirilib. Litvalı mütəxəssis matçdan razı olduğunu bildirib:
“İlk olaraq oyunçularımı təbrik etmək istəyirəm. Bu gün inanılmaz performans göstərdilər. Hətta deyərdim ki, Azərbaycanın Avropaya səs salan komandasına qarşı mükəmməl futbol oynadıq. Azarkeşlərimizə təşəkkür edirəm. Həqiqətən, bu gün möhtəşəm atmosfer yaratmışdılar. Mən “Sabah” ailəsini, rəhbərliyi, azarkeşləri qalibiyyət münasibəti ilə təbrik edirəm.
Deyə bilərəm ki, heç vaxt turnir cədvəlinə baxmıram. Paltardəyişmə otağında uşaqlara da dedim ki, hələ bu il üçün bizim bir oyunumuz var. Sabahdan bərpa prosesinə başlamalıyıq. Mövsümün əvvəlindən keçdiyimiz inkişafdan razıyam.
Əlbəttə ki, bugünkü oyunda da narazı qaldığım epizodlar olurdu. “Qarabağ” cinahlarda boşluqlar verirdi və biz qol fürsətləri yaradırdıq. Bu cür epizodları top-komandalara qarşı matçlarda dəyərləndirə bilməməyimiz məni məyus edir. Oyunun ilk 10 dəqiqəsindən razı qalmadım. Çox sadə qol buraxdıq. Amma ikinci hissədə üstün olan tərəf biz idik. Rəqibi yaxşı təzyiq altında saxlayırdıq. Bu da məni məmnun edirdi.
Əlimdə olan heyətdən çox məmnunam. Elə oyunçularımız var ki, hələ də potensialını tam açmayıb. Zədəli oyunçularımız var, bunlardan biri Cessi Sekidikadır. Onun da tam sağalmasını gözləyirik. Oyunçu gətirmək üçün tələsmirik. Çünki elə oyunçu gətirməliyik ki, komandamıza, paltardəyişmə otağına uyğun olsun. Belə bir oyunçu qarşımıza çıxacağı halda, düşünmədən rəhbərliklə müzakirə etməyə hazırıq.
Mən məşqçiyəm, nə idman direktoru, nə də agentəm. Mənim vəzifəm oyunçularda idman bacarıqlarını inkişaf etdirməkdir. Aron Maludanı burda görməkdən məmnunam. Düşünürəm ki, o da özünü inkişaf etdirmək üçün çalışır. Onun icarədə olması və ya burda davam etməsi mənim səlahiyyətimdə olan bir iş deyil”.
“Sabah” – “Qarabağ” matçı ikincilərin UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda evdə “Ferensvaroş”la (2:3, səfərdə 3:1) qarşılaşma səbəbindən təxirə salınmışdı.





























