“Həmin matçları səbirsizliklə gözləyirəm” - Vernidub

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Premyer Liqanın 26-cı turunda “Sumqayıt”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Sports.az xəbər verir ki, o, 3:1 hesablı qələbəni belə şərh edib:
“Mən bir il əvvəl “Krivbass”da işləyirdim. Səhv etmirəmsə, onda aprelin 4-ü idi. Uşaq meydançasına ballistik raket atılmışdı və 9 uşaq həlak oldu. Onlarla bərabər, 21 böyük adam da ölmüşdü. Doğrudur, üstündən nə qədər vaxt keçib, amma mən indi də xatırlayıram. Öncə bunu demək istəyirdim.
Oyuna gəlincə, biz çox işləyirik, çalışırıq. Futbolçularımızın da əhval-ruhiyyəsi yaxşıdır. Hamı meydana çıxmaq, oynamaq istəyir. Belədə, işimiz daha da asanlaşıb. Burada bir məqam heyətlə bağlı qərar verməkdir. “Sumqayıt”la görüşdə yaxşı performans ortaya qoyduq. Qol epizodlarımız da çox idi. Böyük hesabla qazana bilərdik. Hətta buraxılan qoldan sonra reaksiya göstərdik. Mənim üçün önəmli məqam da budur.
Futbolçulara da aprelin ağır ay olacağını bildirmişəm. Ardıcıl olaraq, güclü komandalarla qarşılaşacağıq. Əslində, bunun özü də əladır. Düzünü deyim, həmin matçları səbirsizliklə gözləyirəm. Çünki komandamın nəyə qadir olduğunu görmək istəyirəm. Həmin oyunlarda uğurlu nəticələr qazansaq, hər şey daha da yaxşı olacaq.
Emin Mahmudovdan gözləntim böyükdür. Yəqin ki, 1-2 günə məşqləri bərpa edəcək. O, bizim kapitanımızdır. Bilirsiz, kapitanla oyun bir cür olur, kapitansız bir cür. Yəni, meydanda idarəetmə baxımından Eminsiz çətinlik baş verə bilir. O, gün keçdikcə böyüyür.
Bizim hər matça görə planımız var. Amma bu haqda nəsə deyə bilmərəm. Rəqiblərimizin zəif və güclü tərəfləri haqda məlumatlıyıq. Həm A, həm də B planımız olur”.





























