Qaşqaldaq ləvəngisi

Müştəri həmişə düzdü deyirlər. Nadir istisnalar da həmişə var. Amma ümumən bu fikirlə razılaşmaq olar.
Azərbaycan kimi futbolu inkişaf etməmiş ölkələrdə isə xüsusən azarkeş həmişə düzdü deyilməlidi.
Çünki, onsuz da 90 faiz oyunlar azarkeşsiz keçir. Ölkədə Azərbaycan futboluna maraq çox azdı.
Bir dəfə stadiona gələn azarkeşə qarşı elə nəzakətlə davranmaq, hansısa vasitəylə istirahət etməsi, zövq alması üçün üçün şərait yaratmaq lazımdı ki, o, bir də geri qayıtsın.
Bu mənada heç bir klubumuz azarkeşlərlə işi düz qurmayıb. AFFA-nı da daha demirəm. Federasiyada hansı iş düz qurulub ki, burda da düz olsun?!
Milli komandamızın Sent Lüsiya ilə tarixi qələbəsi, Syerra Leone ilə tarixi heç-heçəsi bunun növbəti sübutu idi.
Yaxın keçmişdə Azərbaycan çempionatının, kubokunun oyunlarına indiki ilə müqayisəolunmaz dərəcədə çox azarkeş gəlirdi.
Regionlarda hər matç toy-bayrama çevrilirdi...
Azarkeş nəticədən narazı olanda baş məşqçini, klub rəhbərliyini istefaya səsləyə bilər. Hər yerdə belədi və normaldı.
Amma Elxan Məmmədov və dəstəsi öz məqsədləri üçün buna siyasi don geyindirib regionlarda futbolu məhv etdi.
AFFA-nın indiki rəhbərliyindən gözləntilər çox idi... Amma çox keçmədən bəlli oldu ki, Cahangir Fərəcullayevin nə futboldan anlayışı var, nə də ona həvalə edilən çox böyük vəzifənin öhdəsindən gəlməyə, bu və başqa problemləri həll edəcək potensialı.
Təsadüfü deyil ki, 1 ildən çox müddətdə milyonlarla manata yazdırılan İnkişaf Strategiyası kağız üzərində qalır, istər infrastrukturla bağlı, istərsə hansısa başqa nədəsə heç bir ciddi iş görülməyib.
Əvəzində bir ilə 60 milyon manatdan çox pul xərclənib. İllik hesabatda 300 səhifəyə yaxın "görülən işlər"dən bəhs edilir.
Baxanda bişmiş xoruzun gülməyi tutur. Sanki, indiyəcən universitetlərdə futbol oynamayıblar, çempionatlar keçirilməyib...
Elxan Məmmədov da özünü PR üçün bu üsullardan yaxşı istifadə edərdi, rayonlarda istirahətə gedib bir-iki uşağa top verib şəkilini hər yerdə paylaşdırardı. Futbolunu məhv etdiyi rayonlarda uşaqlar üçün futbol festivalları keçirərdi.
AFFA-nın illik hesabatına baxanda dejavü yaşayırsan. Köhnə hamam, köhnə tas...
Məsələn, baş katib Cahangir Fərəcullayev görüntü üçün Lənkərana yollanır. Amma özünə əziyyət verib "fırtınalar meydanı"na getmir...
Sanki, qaşqaldaq ləvəngisi yemək üçün bu qədər məsafəni qət edib. Mediaya da açıqlama verilir ki, bu səfər böyük futbolu ilə bağlı olmayıb, uşaq futbolu ilə əlaqəli imiş, buna görə Cahangir müəllim rayonun əsas stadionuna getməyi özünə rəva görməyib.
Lənkəran kimi futbolumuza xüsusi rəng qatan, azarkeş potensialı olan bir rayonu böyük futboldan necə kənarda qoymaq olar, cənab Fərəcullayev?!
Əgər sənin proqramında cənub boyda perspektivli bir bölgə "unudulursa", bundan sonra hansı İnkişaf Strategiyasından danışaq?!
Lənkəran, Masallı futbol ənənənəsi olan rayonlardı. Utanmayıb Anatoli Banişevskinin adını futbolu məhv edilmiş bir rayonun mal-qara otlayan stadionunda bəzək kimi saxlayırlar. Adı bəzək, içi mal təzəyi olan stadion, futbol...
"Xəzər Lənkəran" illər öncə məhv edilsə də, hələ də Lənkəran məktəbinin yetirmələri milli komandamızın aparıcı üzvləridi.
Nəriman Axundzadə isə hazırda ən yaxşı liqada, klubda çıxış edən legionerimizdi.
Yazılacaq, deyiləcək çox şey var. Amma nə fayda...
































