“Gözlədiyimizdən də yaxşı mübarizə apardıq”

Bu gün Gürcüstan yığması ilə keçirilən yoldaşlıq oyunu barədə futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Yevgeni Kukseviçin federasiyanın rəsmi saytına açıqlama verib.
Sports.az xəbər verir ki, o, 2:4 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
“Yaxşı rəqibə qarşı oynadıq. Gürcüstan millisi bir neçə ay əvvəl Avropa çempionatının final mərhələsində çıxış edib. Güclü rəqibə qarşı gözlədiyimizdən də yaxşı mübarizə apardıq.
Oyuna yaxşı başladıq. Əvvəldən yaratdığımız 2 real imkanı qola çevirə bilsəydik, hadisələr fərqli şəkildə davam edəcəkdi, əhval-ruhiyyə yaxşı olacaqdı. Əvəzində fərdi səhvlərdən 2 qol buraxdıq. Buna baxmayaraq, oyundan qopmadıq. Yenə şanslarımız oldu. Həmin imkanlardan istifadə edə bilsəydik, hesab xeyrimizə olacaqdı. Təəssüf ki, realizə baxımından “axsadıq”. Ümumi götürsək, bu görüş bizə çox lazım idi. Bunun xeyrini gələcəkdə görəcəyik.
Bir məqamı da qeyd edim ki, bu gün bir neçə gənc futzalçıya meydana çıxmaq şansı yaratdıq. Vaxt etibari ilə bəlkə də meydanda az oldular, ancaq millinin oyun həyəcanını yaşadılar, atmosferi hiss etdilər”.





























