“İlk dəfədir ki, bir klubdan rahat şəkildə ayrılıram” - Ayxan Abbasov

“Şamaxı” bu gün Misli Premyer Liqasının 27-ci turunda “Qarabağ”ı qəbul edib.
Sports.az xəbər verir ki, 0:0 hesabı ilə başa çatan oyundan sonra “şirlər”in baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib. Abbasov yaxşı mübarizəli oyun olduğunu bildirib:
“Azarkeşlərə təşəkkür etmək istəyirəm, sona kimi bizi dəstəklədilər. Bilirdik ki, “Qarabağ” hər oyuna final matçı kimi çıxacaq. Yaxşı mübarizəli oyun oldu. Bizdə də yorğunçuluq var idi. Bilirdik ki, rəqib oyunun sonlarına yaxın təzyiqi artıracaq. Futbolçularıma təşəkkür edirəm, sona kimi mübarizə apardılar. Mövsümün əvvəlindən bilirdik ki, əzmkarlığımız az olsa, biz də indi bəzi komandalar kimi Premyer Liqada qalmaq uğrunda mübarizə aparardıq. Bu, rəqiblərin adı ilə bağlı deyil.
Komandada gənc futbolçular var, hansı ki, çox artırıblar. Bu gün tam başqa taktika ilə oynayırdıq. Rəqib “Qarabağ” idi, məcburuq. Rəqibi düşünürük, itkilərimizi fikirləşirik və taktika seçirik.
Rikardo Fernandes bu gün Azərbaycan çempionatında ən yaxşı qapıçıdır. Onun komanda daxilində davranışları, böyüklük etməsi… Ümumən, bizim üçün çox vacib oyunçudur. Vərəqə limitini doldurdu, gələn oyunda olmayacaq. Amma mənə buna görə sevinirəm. Ona görə sevinirəm ki, Abdullah Seyidəhmədov üçün bir şans olacaq. Ümumiyyətlə, götürsək, qarşıdakı turlarda bütün futbolçulara şans verəcəm.
Rəhbərliyin hansı məşqçilərlə danışıq apardığını bilmirəm. Amma istəyərdim ki, məndən sonra da nəticələr yaxşı olsun. Çünki “Şamaxı” mənim üçün doğma klubdur. İlk dəfədir ki, bir klubdan rahat şəkildə ayrılıram (gülür)”.





























