“Neftçi”yə dəstək lazımdır!
Avropa Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunlarına hər üç təmsilçimiz məğlubiyyətlə başladı. Təbii ki, hansısa komandamızın uduzacağı gözlənilirdi, lakin daha bu şəkildə də yox! Artıq demək olar ki, növbəti mərhələyəyə ümid qalmayıb...
Əslində, bəlkə də gözlənilən idi. UEFA-nın klub əmsalları cədvəlində ölkəmizin hazırda 29-cu yerdə olması real nəticə deyil. Hər şey reytinqimizi daim yüksəldən “Qarabağ”ın sayəsindədir. Bu klubsuz Azərbaycan ən yaxşı halda qırxıncı yerlərdə ola bilərdi. Bəzən digər klublarımızdan gözləntilərimiz böyük olur. Amma çempionatımızın səviyyəsini unuduruq... Sadəcə, “Qarabağ” fərq yarada bilir.
Bir neçə ay öncə Azərbaycan Premyer Liqasında Avropa Konfrans Liqasına vəsiqə verən yerlər uğrunda mübarizə gedərkən mən çox istəyirdim ki, bu yerlərdən birini “Sabah” qazansın. Fikrimcə, bu komanda Avropaya gedəcəyi təqdirdə qruplara da qala bilərdi. Niyə belə düşünürdüm? Çünki baş məşqçi Murad Musayevin “Krasnodar”dan belə bir təcrübəsi var idi.
Bu cür turnirlərdə məşqçinin təcrübəli olması çox vacib amildir. Dünən Rəşad Sadıqovun komandasının uduzması məhz belə bir təcrübəsizliyin nəticəsi idi. Hər halda razılaşarsız ki, Təl-Əviv “Makkabi”si bugünkü “Qarabağ”dan güclü deyil. Ağdamlılar İsrail komandası ilə ən azı eyni gücdədir. Amma “Zirə” “Qarabağ”a kubokun finalında 90 dəqiqə deyil, 120 dəqiqə müqavimət göstərə bilir, “Makkabi”yə isə 3-0 hesabı ilə uduzur. Səbəb düşünürəm ki, turnir təcrübəsizliyidir.
Murad Musayev amilinə görə “Sabah”ın avrokuboklarda layiqli çıxış edəcəyinə əmin olduğumdan bu klubun vəsiqə verən yerlərdən birini tutmasını arzulayırdım. Çünki, Avropada layiqli çıxış ölkə adına da həm maddi, həm də mənəvi dəstək saxlayır.
Lakin, çempionatın sonunda “Qəbələ” bütün imkanlarından istifadə edərək inanılmaz işlər gördü, ard-arda qələbələr qazandı, o cümlədən, “Neftçi”ni uddu və sona bir tur qalmış Konfrans Liqasına vəsiqəni təmin etdi.
Çempionatın sonuna bir tur qalmış “Qəbələ”ni izləyən “Sabah” “Sumqayıt”la görüşdə gözlənilmədən büdrədi. Qalib gəlsəydi sonuncu turda “Qəbələ” ilə finala bərabər oyun olacaqdı. Həmin görüşdə hakim Rəşad Əhmədov “Sabah”ın müdafiəçisinə oyundan sonra xeyli müzakirəyə, söz-söhbətə səbəb olacaq qırmızı vərəqə göstərdi. Rəşad Əhmədov keçmiş hakim Rövşən Əhmədovun oğludur. Oyunu izləyənlər arasında orta yaş nəsil nümayəndələrindən azarkeşlər olubsa yəqin ki, kiçik Əhmədov barədə “Ot kökü üstə bitər” məsəlini xatırlayıblar. Nə isə...
Bu oyunda alınan 2-2 hesablı nəticədən sonra “Sabah”ın Konfrans Liqasına ümidi qalmadı. “Qəbələ” mübarizədən qalib ayrıldı və qitə turnirinə getdi.
Həmin vaxtdan Konfrans Liqasındakı komandalarımız arasında nəticə qazanacağına ən az ümid etdiyim “Qəbələ” idi. Həm Elmar Baxşıyevin təcrübəsizliyi, həm də heyətin o qədər də güclü olmaması məni belə bir nəticəyə gəlməyə vadar edirdi. Komandamız rəqib meydanında hesabı açanda və oyunun xeyli vaxtını bərabərliklə daşıyanda sevinirdim ki, deyəsən səhv etmişəm. Lakin, yekun nəticə məni haqlı çıxartdı.
“Zirə”nin məğlubiyyət səbəblərini araşdırsaq bunlar rəqibin güclü olması, avrokuboklarda komandanın nisbətən, məşqçinin isə tamamilə təcrübəsiz olması və transferlərin gecikməsidir. Sonuncu səbəb, yəni transferlərin gecikməsi qeyri-peşəkarlıqdır. Avrokubokda yarışacaq komanda belə yanlışlıq edirsə nəticə də buna müvafiq olmalıdır. Belə də oldu və fərqli bir şey baş vermədi.
Bu üç təmsilçimiz arasında ən çox ümid etdiyim “Neftçi” idi. Düşünürəm ki, Samir Abasov qalsaydı “flaqman” ən azı bir neçə tur keçə bilərdi. Ona görə yox ki, Regekampfdan güclü məşqçidir. Sadəcə, Abasov komandada il yarımdı işləyirdi, və hər detala bələd idi. Öz oturuşmuş oyun sistemini qurmuşdu və düşündüyü heyəti demək olar ki, formalaşdırmışdı.
Soruşa bilərsiz ki, bəs keçən il niyə çox qabağa gedə bilmədi, o zaman da Abasov idi? Çünki, “Zirə”nin builki qeyri-peşəkarlığını ötən il də “Neftçi”də görmüşdük. “Ağ-qaralar” çempion olduqdan sonra daha da gücləndirilmək əvəzinə zəiflədildi. Namiq Ələsgərovla Anton Krivotsyuk getdi, əvəzində ən azı onlarla eyni gücdə oyunçular alınmalı idi ki, komanda gücünü qorusun və zəif nöqtələr yaranmasın. Bu baş vermədi. Heç olmasa Honda ilə Ahmed Ahmedovu da saxlamadılar ki, müəyyən mərhələlərdə bəlkə köməkləri dəyərdi. Bura ötən mövsüm Samir Abasovun ilk Avropa sınağının olmasını və bu mənada təcrübəsizliyini də əlavə edə bilərik.
Bu il isə komandanın heyəti yaxşılaşmışdı, keçənilki kimi zəif mövqelər görünmürdü. Üstəlik, Abasovun da artıq Avrokubok təcrübəsi var idi. Amma rəhbərlik onunla davam etmək istəmədi.
Kiprdəki məğlubiyyətə baxmayaraq “Neftçi”nin az da olsa turu keçmək şansı qalır. Qarşıda evdə oynanılacaq 90 dəqiqəlik matç var. “Neftçi” tarixi olan böyük klubumuzdur və heç vaxt asanlıqla təslim olmaz!
Bir məsələ də var ki, “xalq komandası”nın üzərində həmişə böyük təzyiq olur. Bu isə bəzən müsbət, bəzən də mənfi effekt verir. Fikrimcə, cavab oyunu bitənəcən “ağ-qaralar”a ən çox lazım olan dəstəkdir. Təzyiq göstərməyə, asıb-kəsməyə çox vaxt olacaq. Dəstək - həm də dolu tribunalarla dəstək və inam turu gətirə bilər!
Digər iki təmsilçimiz isə cavab oyunlarından ən yaxşı halda ölkəmizə reytinq xalı qazandıra bilər. “Bu komandaların turu keçmək şansları yox kimidir” desək böyük kəşf etmiş olmarıq.