Azərbaycan(lın)ın Gəncə ayıbı

1999-cu il, martın 30-u. 17-yaşımın tamam olmasına 1 gün qalmış "Futbol+" qəzetinin fotoreportyoru kimi Avropa Çempionatının Azərbaycan - Rumıniya seçmə oyunununda işləmək üçün Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadiona yollanıram. U 21-lərin qarşılaşmasının taleyini bir nəfər gənc fövqəlistedad həll edir. Komandasının lideri həm qol vurur, həm də səhv etmirəmsə, məhsuldar ötürmə verir. Futbolu ilə özünü mənə sevdirir. Bundan sonra "Futbol+" qəzetində onun soyadını, həm də kəndimizlə uyğun gəldiyi üçün (Gədəbəy rayonunun Mutudərə kəndinə yerli əhali qısaldılmış formada belə deyir) özümə təxəllüs götürürəm. Bəzi yazılarım "Mutu" imzası ilə gedir... 

...2023-cü il, avqustun 6-sı. Dəhşətli istidə Gəncə stadionunun pilləkənləri ilə Adrian Mutunun arxasınca 3-cü mərtəbəyə çıxıram. Dünya futbolunun ulduzu məşqçiliyə keçsə də, məndən fərqli yaxşı fiziki formadadı və ona çata bilmirəm. Təngnəfəs konfrans zalına girirəm. Əgər o istidən nəfəs kəsilən dar otağa konfrans zalı demək olarsa. Mutu oyundan danışır və başqa sual olmadığından azca qalır çıxıb getsin. Rumıniyalı ulduza tövşəyə-tövşəyə "Kəpəz"lə müqayisəedulməz dərəcədə güclü "Beşiktaş"ı təhlil edib-etməməsini, Fernandes və Abubakarı zərərsizləşdirmək üçün bir plan fikirləşib-fikirləşmədiyini soruşuram. Yolaverdi sözlər deyir. 

Daha bir sualım ürəyimdə qalır. Fikirləşirəm ki, Azərbaycan adına ayıbdı. Mutudan soruşmaq istəyirəm ki, parlaq karyerası ərzində Gəncədəki kimi bərbad, qəzalı, soyunub-geyinmə otağı konteyner olan, mətbuat konfrans zalı it damına bənzəyən stadion görübmü? Azərbaycan adından, azərbaycanlılığımdan utanıb sualı vermirəm.

Bu, işıqlandırma sistemi işləmədiyi üçün saat 17.00-da - kölgədə 40 dərəcə isti olduğu bir vaxtda başlayan "Kəpəz" - "Neftçi" oyununun qısa xülasəsidi. 

Millidə çıxış etmiş-edən, dünya görmüş futbolçularımız da stadionu bir sözlə ifadə edirlər - biabırçılıq.

Kəpəz vüqarlı qəhrəman Gəncə abadlığı, yolları, stadionu, futbol klubu ilə milyarder atanın yiyəsiz, BOMJ övladına bənzəyir...

Gəncənin icra başçısı Niyazi Bayramov indiyəcən bir yaralı barmağa dərman sürtməsə də, "Kəpəz"in oyunlarına gəlir, VİP-dən baxıb gedir. O, heç kimə lazım olmayan futbolçulardan qurulan komandanın ölkənin ən bahalı klubunu məğlub etməsindən sonra  kasıb "Kəpəz"in bu uğurunda əməyi keçən hər kəsə təşəkkür etməli, onları həvəsləndirəcək kiçik də olsa mükafat verməli idi. Etdimi, verdimi? "Nah" etdi, "nah" verdi...
Bunları edəsi olsaydı indi ölkənin ikinci böyük şəhərində bütün beynəlxalq standartlara cavab verən ən azı bir stadion, çempionluq uğrunda mübarizə aparan normal komanda vardı, şəhərin küçələri, yolları bərbad durumda deyildi, stadionu da sovet dövründən qalma tör-töküntü... 
...Azərbaycan tarixinin ən yaxşı futbolçularından biri - gəncəli Vəli Qasımov gedib futbol ənənəsi olmayan Şamaxıda uşaq məşqçisi işləməzdi. Ölkənin futbolçu konveyeri sayılan Gəncənin bu sahədə Vəli kimi yüzlərlə tanınmış veteranı var. İşsiz-gücsüz, it teyləyirlər...

Onların potensialından, ən azı adından istifadə edib tək Gəncə yox, bütün ölkədə futbolunun kütləviləşməsinə töhfə vermək olar, həmçinin, yaxşı uşaq məşqçiləri kimi yetişdirib faydalanmaq.

Məşqçi demiş Azər Məmmədova sadəcə bravo! Bu futbolçularla belə bir döyüşkən, mübariz, əzmkar, gözəl kollektiv düzəltmək hər oğulun işi deyil!

Premyer Liqada baş məşqçi kimi debüt edən Məmmədov ilk matçında "Neftçi" üzərində qələbə qazanmağı bacardı. Mətbuat konfransında "Kəpəz"in baş məşqçisi çox duyğulandı, kövrəldi. Bilmədim sevincdən, ya bir zamanlar şərəflə formasını geyinib bunun sayəsində əsas milliyə yüksəldiyi əzəmətli "Kəpəz"in, doğma stadionun indiki durumundan...

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar