II Murad

Öncə "Sabah"ı və "Qarabağ"ı dünənki qələbələr münasibəti ilə təbrik edir, həm onlara, həm də "Neftçi"yə ağır səfər oyunlarında uğurlar arzulayıram. 

Başlıqdan da göründüyü kimi bu yazıda daha çox bir nəfərdən danışmaq istəyirəm.
Belqrad və Serbiya fatehi Osmanlı padşahından yox, onun adaşı - Belqradı və Serbiyanı yasa boğan, ötən mövsüm Misli Premyer Liqasının ikincisi Muraddan... 

...Özbəkistanın Buxara şəhərindən olan milliyyətcə özbək babasının Rusiyaya köçməsindən sonra atası Krasnodarda yaşayıb və Murad da 40 il öncə bu şəhərdə dünyaya gəlib. 
Qurban Qurbanov, Adrian Mutu, Rəşad Sadıqov, Elmar Baxşiyev, Ayxan Abbasov, Azər Məmmədov, Samir Abbasov, Azər Bağırov, Şahin Diniyev, bir sözlə, Misli Premyer Liqasındakı digər baş məşqçilərindən fərqli Murad Musayevin peşəkar futbolçu karyerası olmayıb.
Əvəzində digər həmkarları ilə müqayisədə çox tez - 22 yaşında doğulduğu şəhərdə uşaq futbolunda çalışmağa başlayıb. 15 ilə yaxın uşaq, yeniyetmə və gənclərlə işləyərək təcrübə qazanan mütəxəssis cəmi 5-6 ildir ki, böyük futbola gəlib və PRO lisenziyası olmadığı üçün baş məşqçi kimi 3 il əvvəl rəsmi vəzifəyə keçib.
Bununla belə, qısa müddətdə həm yeniyetmə və gənclər futbolunda, həm də "Krasnodar"ın əsas komandasında Avropa turnirlərində özündən söz etdirməyi bacarıb. 

...2016-cı ildə krasnodarlı yeniyetmələr onun rəhbərliyi ilə Rusiya çempionatında və kubokunda çempionluq qazanır. "Krasnodar" Rusiya yeniyetmələr yığmasının baza komandasına çevrilir və Musayev 3 oyunluq millinin də baş məşçisi olur. 

Rusiya Gənclər Liqasının ən yaxşı məşqçisi seçildiyi 2017/18 mövsümündə isə "Krasnodar"ı yarışın çempionu edir. Komanda UEFA Gənclər Liqasında uğurlu çıxışı ilə yadda qalır və yalnız Madrid "Real"ına penalti seriyasında uduzaraq turnirdə iştirakını dayandırır. 

2018-ci ildə de fakto "Krasnodar"ın baş məşqçi postuna gətirlir və Rusiya Premyer Liqasındakı ilk matçında komandası Sankt Peterburq "Zenit"ini səfərdə 2:1 hesabı ilə məğlub edir.
2018/19 mövsümündə əyalət klubu onun rəhbərliyi ilə ikinci dəfə Rusiya çempionatının "bürünc"ünü qazanır və Avropa Liqasında 1/8 finalacan yüksəlir. 

2020-ci ilin iyunun 15-i Pro lisenziyası alır və rəsmi şəkildə "Krasnodar"ın baş məşqçisi təyin edilməsinə artıq heç bir qadağa maneə törədə bilmir. Beləliklə, o Rusiya Premyer Liqasının ən gənc baş məşqçisi olur. 

Həmin mövsüm klub yenə çempionatda "bürünc" və ilk dəfə Çempionlar Liqasının qrupuna vəsiqə qazanmağı bacarır. "Çelsi", "Sevilya", "Renn"lə bir qrupda "Krasnodar" 5 xal yığır və Rusiyanın avrokuboklarda iştirak edən 6 klubunun içində bahara qalan yeganə komanda olur. 

2021-ci ilin sonlarından "Sabah"ı çalışdıran Musayev "Matç TV"yə müsahibəsində onu Azərbaycanda işləməyə Balakişi Qasımov dəvət etdiyini bildirib. Rusiyanın ən perspektivli mütəxəssislərdən birinin sözlərinə görə, karyerasındakı bu gözlənilməz qərara təklifin məhz "Kim? Harada? Nə vaxt?" intellektual oyununda ölkəmizi dünyada tanıtmış simadan gəlməsi ciddi təsir göstərib. 

Klubu Premyer Liqanın autsayderi kimi qəbul edən Murad Musayev növbəti mövsüm "Sabah"a ölkə çempionatının "gümüş" medalını və bununla da, tarixində ilk dəfə avrokubokda iştirak imkanı qazandırıb. 

Özbək əsilli baş məşqçi türk dilində danışa bilmir. Mediaya açıqlamasında bununla bağlı ölkəmizdə çətinlik yaşamadığını deyib: 

- Atamın sözlərinə görə, babam azərbaycanlılarla rahat ünsiyyət qururdu. Bakıda dil problemi yaşamıram. Həm komandada, həm də şəhərdə hər kəs rus və ya ingilis dilini başa düşür. "Sabah"da ispan və ingiliscə danışa bilən tərcüməçi də var. Lazım olanda tapşırıqlarımı azərbaycanlı futbolçular üçün yerli köməkçilərim tərcümə edir.

Dünən Aleksey İsayevin penaltini istifadə edə bilməməsinə görə cütün taleyinə aid müəyyən narahatlığının qalmasına şübhə etmədiyim çalışdırıcının sevimli futbolçusu Roberto Baco olub.

Bir həftə sonra Belqradda "Sabah"ın və Musayevin Muradına çatması diləyi ilə!

P.S. Dünən Avropa meydanlarında ən böyük sensasiyanı gerçəkləşdirən klubumuzun və baş məşçisinin adlarında mistik bir bağ var. Azərbaycan futbolunun yüksəlişi bəlkə də elə uşaq, yeniyetmə və gənclərlə işdə zəngin və uğurlu təcrübəyə malik Murad Musayevdən faydalanmaqla "Sabah"dan başlayacaq?! 
Bu yöndə indiyəcən edilənlər də bəllidi. May ayında "Four Seasons Hotel Baku"da keçirilmiş Sports.az Awards - Futbol mövsümünün ən yaxşılarının mükafatlandırılması mərasimində klub rəsmisi, Olimpiya çempionu İqor Ponomaryova təqdim etdiyim "Uşaq futbolunun inkişafındakı roluna görə" xüsusi mükafat da şübhəsiz "Sabah"ın haqqı idi.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar