Qurban Qurbanov yolu

Azərbaycan futbolunda uzun sürən durğunluqdan sonra canlanma müşahidə olunur. Klublar büdcələri imkan verən qədər maksimum faydalı ola biləcək legionerlər transfer edir. 
Misli Premyer Liqasının ilk iki turu sürprizlərlə zəngin idi. Aşkar autsayder gözü ilə baxılan "Kəpəz" yeni transferləri ilə gündəmdən düşməyən "Neftçi"ni, "Zirə" çempion "Qarabağ"ı, "Araz Naxçıvan" avrokubokların təcrübəli döyüşçüsü, ölkə kubokunun son qalibi "Qəbələ"ni məğlub etdi. 

"Səbail"in həm "Sumqayıt"a böyühesablı məğlubiyyətini, həm də "Neftçi" ilə heç-heçəsini də gözlənilməz saymaq olar. Təcrübəli Şahin Diniyev bu mövsüm istədiyi heyəti qurub və düşünürəm ki, "dənizçilər"in uğurlu çıxış etmək üçün kifayət qədər potensialı var.
İlk iki turda ən çox diqqətçəkən məqam debütant "Araz Naxçıvan"ın və heyətinə görə hamıdan zəif "Kəpəz"in sərgilədiyi futboldu. Elitanın iki yeni baş məşqçisi - iki Azər, Bağırov və Məmmədov minimal imkanlarla çox yaxşı, döyüşkən kollektivlər yaradıb. 

Son illər daxili arenada ən baxımlı oyun sərgiləyən "Qəbələ"nin iki oyunda 7 qol buraxıb bir dəfə də fərqlənməməsi də gözlənilməzliklər arasındadı. Əyalət təmsilçisinin bu durumdan tezliklə çıxacağına şübhə etmirəm. Elmar Baxşıyev özünü çox yaxşı baş məşqçi kimi sübut etməyi bacarıb. "Omoniya" ilə Qəbələdəki ilk matçda göstərilən gözəl futbolun qarşılığında alınan məğlubiyyətdən hiss olunur ki, komanda hələ də özünə gəlməyib. Amma əminəm, "Qəbələ" hələ özünü çox göstərəcək.

Samir Abbasovun "Sumqayıt"ı isə əksinə, mövsümə çox major notda start verdi. Bu tempi saxlamaq mümkün olsa, "Neftçi"yə ölkə çempionluğunu qazandırmış baş məşqçinin "Gənclik şəhəri" təmsilçisinə dönüşü möhtəşəm alına bilər.

Ayxan Abbasovun "Turan Tovuz"u da bu mövsüm daha iddialı görünür. Komandanın oyunçu potensialı yaxşılaşıb, Abbasovun məşqçilik keyfiyyətlərinə isə heç kim şübhə etmir. Möhtəşəm azarkeş dəstəyini də yada salsaq, ən azı Tovuzdakı matçlarda istənilən rəqibə bu komandadan xal almaq çətin olacaq.

Ötən mövsüm son anda avrokuboklara düşmək şansını qaçıran "Zirə" də bu mövsüm daha güclüdür. Bəziləri bir dəfə istənilən nəticəni verməyən Rəşad Sadıqovu dərhal məşqçi kimi hesabdan silməyə tələssə də, klub rəhbərliyi çox müdrik addım ataraq ona güvəndi. Bu addım özünü doğruldur və avrokuboklara dördüncü vəsiqə uğrunda mübarizədə ən böyük perspektiv vəd edən klub bəlkə də, elə "Zirə"di.

Nəhayət, 3 böyük... 

Əgər əvvəlki illərdə "Qarabağ"ın çempionluğuna mövsüm başlamazdan heç kim şübhə etmirdisə, indi "Neftçi" və xüsusən "Sabah"ın qızıl medallar uğrunda mübarizədən kənarda qalacağı inandırıcı deyil. 

"Neftçi"nin rəhbərliyində və komandada ciddi dəyişiklər olduğundan yeni kollektivin uyğunlaşma, formalaşma prosesinin nə qədər tez bitməsi yekun nəticəyə təsir edəcək. Adrian Mutu futbolçu kimi bütün dünyada tanınsa da, baş məşqçi kimi nəyə qadir olacağı hələlik məlum deyil. Bu tapmacanın cavabı da çox şeyə təsir edə bilər.

Qurban Qurbanov və Murad Musayevin məşqçilik bacarıqlarından, eyni zamanda "Qarabağ" və "Sabah"ın komanda kimi potensiallarından danışmaq artıqdı. 

Görünən bu ki, maraqlı bir mövsüm izləyəcəyik və bu mövsümə damğasını ilk növbədə baş məşqçilər vuracaq. 

Artıq yetərincə yaxşı azərbaycanlı məşqçilərin yetişməsi futbolumuz adına çox müsbət məqamdı. Onların getdiyi yolu Qurban Qurbanovun açdığını söyləyə bilərik. Yeganə narahatedici məqam Qurbanova "Qarabağ"da göstərilən etimadın bu məşqçilərə də hazırda çalışdıqları klublarda göstərilib-göstərilməyəcəyidi.

Bütün klublarımıza yeni mövsümdə uğurlar!

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar