Futbolun var-yoxunu...

Çoxdan ütüləyiblər sən oxuyan nəğmədə,
"Do"nun da var-yoxunu, "re"nin də var-yoxunu...
 Kəkələmə dinəndə kəlməbaşı ı,ı,e,
"I"-nın da var-yoxunu, "e"-nin də var yoxunu...

Kimdən bala tutmusan içində gennəyirsən,
Hansı murdar niyyətin yerini şennəyirsən,
İndi hansı eşşəyin dalını fennəyirsən,
Eşşəyin də, sənin də, fenin də var yoxunu...

Odey, tapındıqların düşür bir-bir "ves"indən,
Rusun "net"i yaxşıdı ingilisin "yes"indən,
Heç nəynən fərqlənmir ha, dərdin a-sı, be-sindən,
A-nın da var-yoxunu, Be-nin də var-yoxunu...

Bir yanlış beş doğrunu kitabdan siləcəksə,
Qoy ölsün bəri başdan ümid "acaq", "əcək"sə,
Böyüyüb bu millətə qənim kəsiləcəksə,
Dölün də var-yoxunu, genin də var-yoxunu...

Yaladı bir zürafə yaramızın duzunu,
Heç bir isti əritmir səbrimizin buzunu,
Burda haramxorların birdi eni, uzunu...
Elə o uzunun da, enin də var-yoxunu...

Neçə sahib olurlar bilirsənmi ağ üzə...
Qoy oturaq bu dərdi salma dilə-ağıza,
Bu yurdun ağrısını köçürmürsə kağıza,
Əlin də, qələmin də, "pen"in də var-yoxunu...

Ayaz Arabaçı

Beynəlxalq dərəcəli dələduzların beşikdə öldürdüyü Azərbaycan futbolu çoxdan inkişaf dövrünə başlamalı idi. Amma bizimkilər dünyaya yeni bir format gətirmək istədilər. Uşaq futbolu olmayan ölkənin böyük futboluna milyonlar dağıdıldı. Analoqsuz inkişaf yolunun sonuna gəlmişik. Daha doğrusu hələ gəlməmişik. Azərbaycan futbolunun var-yoxunun  dağıdılma prosesi davam edir...
O gün keçmiş futbol funksionerlərindən biri deyir ki, Elxan Məmmədovun bizim kluba prezident təyin etdiyi filankəsin bir dəfə də yeyinti elədiyini görmədim. Deyirəm müəllim, o elə bir sənətkar idi ki, sən onun yeyintisini bilə bilməzdin.

...2024-cü ilə gəldik, hələ də nə uşaq futbolu var, nə böyük futbolu. Bəlli ki, uşaq futbolu olmasa, 2124-ci ildə də heç nə dəyişməyəcək.

Uşaq futbolunda məşqçilər o qədər az maaş alır ki, valideynlərdən dilənib ailələrini saxlayırlar. Bundan sonra da daha istedadlıları ehtiyata atıb həmin pullu valideynlərin uşaqlarını oynatmağa məcbur olurlar. Uşaqların normal məşq keçməsi üçün təbii ot örtüklü meydançaların, ümumiyyətlə, elementar şəraitin olmamasını da bura əlavə etsək mənzərə aydınlaşar. 
Uşaq futbolu ilə bağlı heç bir strategiya, plan yoxdu və olmaq ehtimalına da inanmıram. Kimə lazımdı axı, ağrımayan başını ağrıtsın?!

Gül kimi Premyer Liqa klubları var. Rahat-rahat ye-dağıt, heç kimin ruhu da inciməsin...
...Premyer Liqamıza qış fasiləsindən sonra dünən ən bahalı 3 klubumuzdan ikisinin oyunu ilə start verildi. "Sabah"la "Neftçi" 0:0 bərabərə qaldılar. 

Bu simvolik nəticə həm də Azərbaycan futbolunda indiyəcən görülən işləri əks etdirir. 
Elə həmin "Sabah"la "Neftçi" də Azərbaycan futbolunun güzgüsüdü. Bu bahalı klublarda o qədər problem var ki, başqa heç bir işlə məşğul olmağa vaxtları yoxdu. Hər iki klubun daxilində ən azı 3 qruplaşma var. 

Məsələn, "Sabah"da baş məşqçi Murad Musayev komandanın lideri Aleksey İsayevi buraxmaq istəmir, amma prezident Maqsud Adıgözəlov deyir ki, getsin. Və ya Murad Musayev deyir ki, mənə 31 yaşlı İshak Belfodil lazım deyil. Amma Maqsud Adıgözəlov 850 min verib Belfodili "Sabah"a gətirir. Bu cür işləməkdənsə, Murad Musayevi yola salınması məntiqli deyilmi?! Amma yox, Murad Musayevə yeni müqavilə təklif olunur. İndi sən gəl burdan nəsə anla...

Klubun yaradıcısı Mikayıl Cabbarov da böyük ehtimalla işlərinin çoxluğuna görə "Sabah"a lazımi vaxt ayıra bilmir. Nəticədə aləm dəyir bir-birinə, klub büdcəsinə görə dəfələrlə özündən geri qalan rəqiblərdən alt sıralarda - autsayderlər cərgəsindədi. 

"Neftçi" isə "Sabah"ın Belfodilə xərclədiyi qədər pulu peşkəş etdiyi baş məşqçi Adrian Mutunu yola salıb, yerinə başqasını gətirib. Xeyirli-uğurlu olsun! Amma səmimi deyin Miodraq Bojoviçin "ağ-qaralar"a çempionluq qazandıracağına inanırsınız? Belədə əcnəbi sevdasına nə gərək vardı?!

Ümumiyyətlə, "Neftçi"nin idarəetməsindən fələk də baş çıxara bilməz. Bu ayrıca çox geniş mövzudu. Rövşən Nəcəf, Emin Əmrullayev, Orxan Sultanov triosunun klubdakı səlahiyyətli nümayəndələri şeflərinin ümidlərini nə dərəcədə doğruldur bilmirəm. Amma ən köklü klubumuzun azarkeşləri mövsümün sonunda hazırki ikinci yeri uğur saymayacaq. Onların "flaqman"dan tək gözləntisi çempionluqdu!

Bu həmişə belə olub!

"Neftçi"nin tarixinin ən böyük büdcəyə malik olduğu bir mövsümdə bu vəsaitin düzgün istifadə ediləcəyi təqdirdə çempionluq heç də əlçatmaz görünmürdü. Amma və lakin...

"Sabah"ın "Neftçi" qədər azarkeşi olmasa da, onlar da sevimli komandalarının autsayderlər arasında lövbər salmasını qəbul edə bilməz.

SOCAR rəhbərinin yenidən AFFA-ya da prezident gəlməsi isə artıq o qədər də real deyil. Çünki, Rövşən Nəcəfdən sonra "Neftçi"dəki problemlərin həllini tapacağını gözləyənlərin ümidləri doğrulmadı, əksinə, vəziyyət daha da qəlizləşdi. 

"Sabah"da da oxşar vəziyyətdi. Klubun hazırki durumu Mikayıl Cabbarovu AFFA prezidentliyinə namizəd görənləri bir qədər üzür. "Sabah"a baxanda belə anlaşılır ki, heç onun özünün də bu vəzifəyə marağı yoxdu...

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar