Telekanallar azarkeşlərlə niyə hesablaşmır? 

Televiziyanın qazancı əsasən reklamlardan gəlir. Biznesmen, şirkət sahibi məhsulu tanınsın və alınsın deyə, populyar verilişə, həmin məhsulunun reklamınının telekanalda getməsi üçün pul ödəyir. Evlərdə, televiziya qarşısına toplanan onminlərlə tamaşaçı, hansısa maraqlı proqramda bu reklamı görür və sonrakı günlərdə həmin məhsuldan alır, istifadə edir. Bu baxımdan televiziya  daha çox baxış cəlb etmək üçün tamaşaçını maraqlandıran verilişlər göstərməlidir.

Bir idman kanalının ən maraqlı, tamaşaçı toplayan verilişi hansı ola bilər? Təbii ki, canlı futbol matçları. Bəs Azərbaycanın idman telekanalında avrokubok həftəsidirsə onda hansı matç maraqlı ola bilər? Təbii ki, Azərbaycan klublarının çıxışı. Bununla yanaşı "böyük beşlik" ölkələrinin komandalarının avrokuboklarda oyunu da cəlbedicidir. Amma "böyük beşlik" ölkələri hələ yarışa qoşulmayıb. 

Daha hansı klubların çıxışı maraqlı ola bilər? Yeni nəsil üçün Türkiyə klublarının, orta və yaşlı nəsil üçün Ukrayna və Rusiya klublarının çıxışı. Rusiya klubları bu yarışdan kənarlaşdırılıb. Qalır Türkiyə və Ukrayna. Üstəlik bu iki ölkənin komandası bir bir-biri ilə qarşılaşırsa marağın daha böyük olacağı şübhə doğurmur.

Ötən həftə belə bir hal baş verdi və UEFA Çempionlar Liqasında Kiyev “Dinamo”su ilə “Fənərbaxça” qarşılaşdı. Amma bizim telekanallarından heç biri bu oyunu yayımlamadı. 
“Fənərbaxça” Azərbaycanda ən çox azarkeşi olan klublardan biridir. O cümlədən Kiyev “Dinamo”su da sovet dövrüdə və ötən əsrin 90-cı illərinin ikinci yarısında yüksək səviyyəli çıxışı sayəsində ölkəmizdə xeyli azarkeş toplayıb. İndi bizdə çoxlu azarkeşi olan bu iki klub qarşılaşır. Tamaşaçının marağını özünə cəlb etmək istəyən telekanal niyə bu fürsəti əldən çıxartmalıdır?
Yazının əvvəlində qeyd etmişdik ki, televiziyanın dolanışığı reklamdan gəlirlərindən olur. Yəni sən tamaşaçının tələbatına uyğun məhsul ortaya qoyub reytinq yığırsan, reklamçı da görür ki, bu kanalın verilişləri baxımlıdır, ona reklam verir.

Ancaq görünən budur ki, telekanallarımızı belə fəaliyyət maraqlandırmır. Niyə? Çünki, maddi təminatları dövlətdən gəlir. Bu baxımdan onlar üçün fərqi yoxdur, onsuz da aldıqlarını yenə də alacaqlar. 

Dövlətin müxtəlif sahələrə, o cümlədən televiziyaya ödədiyi pul əsasən neft satışından əldə etdiyi vəsaitdir. Yaxşı, sabah-birigün neft olmayanda necə olacaq? 

Norveçin neft fondundakı məbləğ 1 trilyon dollardı. Onlar bu pulu xərcləmirlər, bildiyim qədər gələcək nəsillərə qoruyub saxlayırlar. Biz isə gələn pulu bir gündə xərcləyib qurtarmaq istəyirik. Sabah neft tükəndi, qurtardı, bəs sonra dolanışıq necə olacaq? 

Klublar dövlətdən gələn vəsaitlə maliyyələşir. Televiziyalar dövlətdən gələn vəsaitlə maliyyələşir. Futbola aid olmayan sahələrdə də eyni. Demək olar ki, əksər sahələr dövlətdən gələn vəsaitlə maliyyələşir. 

İqtisadi sistemin adına da deyirik ki, Bazar iqtisadiyyatı iqtisadi sistemidir. Bazar iqtisadiyyatında belə olmur axı? 

Bazar iqtisadiyyatında hər kəs məhsulunu, xidmətini bazara çıxarır, satır və bu cür gəlir əldə edir. Əldə etdiyi gəlirdən də dövlətə vergi verir. Dövlət vətəndaşa pul vermir, vətəndaş dövlətə pul ödəyir; vergi şəklində. Dövlət burada yalnız gəliri minimum yaşayış həddindən aşağı olan təbəqəyə yardım edir.

Bundan başqa, dövlət ona qulluq edən adamlara əmək haqqı verir. Yəni polis, təhsil sistemi, dövlətin təhlükəsizliyi, ölkənin müdafiəsi... bu sahələrə maliyyə ayırır. Vəssalam.
Ancaq bizdə belə deyil. Hamı ağzını açıb gözləyir ki, dövlət onlara da bir şey versin. Əslində, problemin kökləri daha dərindir. Biz yaza bildiyimiz qədər yazdıq. 

Ötən həftə Konfrans Liqasında çıxış etmək hüququnu əldə edən üç klubumuz, “Neftçi”, “Zirə” və “Qəbələ” yarışa qoşuldu.  Eyni günə təsadüf edən bu üç matçın vaxtları elə təyin edildi ki, biz, bütün oyunlara baxa bilmədik. Təmsilçilərimizdən “Zirə”nin oyunu saat 20:00-da, “Qəbələ”nin 21:00-da, “Neftçi”nin isə 21:30-da start götürdü. Belə vəziyyətdə biz burda ya hansısa oyunu qurban verməliydik, ya da ki, bütün oyunlara alayarlmçıq baxmalıydıq. 

Sirr deyil ki, Konfrans Liqasında çıxış edən komandalarımızın əksəri, bəlkə də hamısı qrup mərhələsinədək gedib çatmayacaq. Bir-iki həftədən sonra bir klubumuz ya qala, ya qalmaya.  Bir-iki həftəlik oyunların bir-biri ilə üst-üstə düşməsi ilə bağlı çətinlik var. Bu çətinliyin qarşısını doğrudanmı almaq mümkün deyil? 

Sabah “Fənərbaxça” Kiyev “Dinamo”sunu qəbul edir. Azərbaycan kanallarının heç biri bu oyunu yayımlamayacaq.

Bundan başqa, Konfrans liqasının oyunların keçirilməsi saatlarına baxın:
“Qəbələ” 20:00
“Zirə” 21:00
“Neftçi” 21:30

Yaxşı, ola bilər israillilərə təsir etmək mümkün deyil. Özümüzdə keçirilən oyunların vaxtının təyinində ki, daha düzgün qərar vermək olardı?!

Qəbələ dağlıq ərazidir. Orda havalar Bakıdakı kimi isti olmur. Oyunun vaxtını bir saat irəliyə Yəni 19:00-a, “Neftçi”nin oyununu isə ən azı yarım saat geriyə 22:00-dək çəkmək mümkün idi. 
Hər halda bu variant daha çox oyuna baxmağa imkan verərdi.

Buna ən azı cəhd etmək olardı, alınmayıbsa da çıxıb bu barədə məlumat vermək olardı: “Cəhd etdik alınmadı” şəklində bir açıqlama. 

Yəni bir hesabatlılıq olar – tamaşaçı, azarkeş, oyunu televiziyadan seyr edən şəxs qarşısında.
Yoxdur, çünki gəliri, qazancı ondan deyil...

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar