Yubilyarın Mir Cəlal xatirəsi

Gözəl qələm və ürək sahibi, TV və radionu əla bilən, karyerasına 17 yaşında fotoreportyor kimi başlasa da, indiyəcən də bu sənəti, eyni zamanda videomontajı, dizaynı sevən universal jurnalist və bu sahənin əsl peşəkarı. Bütün maneələrə, laqeyd münasibətə, haqsızlıqlara göz yumaraq işini böyük entuziazmla görən yüksək bədii-estetik zövqə malik, müsbət auralı, uşaqla uşaq, böyüklə böyük, hamı ilə dil tapmağı bacaran gözəlqəlbli qayğıkeş ağsaqqal!  

Onu ilk dəfə görəndə rəhmətlik Fuad Poladovla oturub dərdləşirdilər. İndi artıq 25 ilə yaxındır şəxsən tanıyıram. Bu müddətdə, dəyişibsə də, ancaq yaxşılığa doğru dəyişib. Daim pozitivdi, çətin anlarda adama ruh yüksəkliyi verməyi bacarır, demokratdı, heç kimə təslim olan deyil. Xarakterindəki müsbət xüsusiyyətləri sadalamaqla bitməz. 

AİJA və AIPS-ə təxminən 25 ilə yaxındır üzvəm. Bu müddətdə Eldar müəllim mənə rəhbər kimi yox, dost kimi münasibət göstərib. Yuxarıda qeyd etdim ki, onu tanıdığım 25 ilə yaxın müddətdə heç dəyişməyib. Ona növbəti 25 ildə də eyni enerjini, sağlamlığı, pozitivliyi, iradəni və mübarizliyi arzulayıram!

Eldar müəllim uzun illər Xankəndidə yaşayıb-yaradıb. İnşallah, tezliklə doğma yurdunu, elini-obasını bütöv görər və həyatının ən gözəl rəsmini məhz işğaldan tam azad edilmiş Qarabağda çəkər.

Eldar müəllimin övladlarının babaları əslən Təbrizdən olub. Bunu indi ixtisarla təqdim edəcəyim bir xatirəsindən öyrənmişəm:

"1968-ci il, 20 yaşım vardı. Ağdamda rayon qəzetində işləyirdim. Azərbaycan Dövlət Universiteti tələbələr üçün Ağdamdakı 1 nömrəli məktəbdə səyyar sessiya keçirirdi. Bizim fakültəmizdən Nüsrət Bağırov gəlmişdi. Mənə qış sessiyası üçün kurs işi verdi. 

Nüsrət müəllim ahıl yaşlarındaydı. Məşhur aktyorumuz Mustafa Mərdanovun kürəkəni idi. İçərişəhərdə yaşayırdı.

Ağdamda gələcək qaynatam xalçaçı Əli Təbrizi mənə demişdi ki, Bakıdan tanınan dostların, həmkarların gələndə mənimlə tanış elə, evimizə qonaq gətir, əsl Qarabağ aşının, Təbriz plovunun nə olduğunu onlara göstərək. Həm də tanışlığımız, əlaqələrimiz genişlənsin. Yaxşı yadımdadı, Bəxtiyar Vahabzadə, Xudu Məmmədov, Nurəddin Rzayev, Vaqif Səmədoğlu, Rəfiq Zəka, Əbülfəz Hüseyni, Mikayıl Mirzə, Sara Qədimova, Canəli Əkbərov, Lütfəli Abdullayev, Siyavuş Aslan, Bakir Haşımov, Faiq Mustafayev, Əli Minayi və bir şox tanınan dostlarımı onlara aparmışdım.

Mən Nüsrət müəllimə də Əli Təbrizinin dəvətini dedim. Məmnuniyyətlə razılıq verdi. Dedi, işimizi görək, sonra yığışıb gedərik.

Axşamüstü iki ağsaqqal dostu ilə məni tanış elədi. Biri hüquq fakültəsində dərs deyən Yusif müəllim idi. Özü də universitetin lap yanında, qala divarlarına bitişik bir evdə yaşayırdı. Gərək ki, Nüsrət müəllimin qonşusuydu. Digəri məni görcək gülümsündü:

- Eldar, necəsən? 
- Yaxşıyam, təşəkkür edirəm - dedim.
- Tanımadın? 
Diqqətlə kişinin nurlu çöhrəsinə nəzər saldım. Bir stolda yemək yeməyimizi xatırladım.
- Tanıdım, müəllim.
Nüsrət müəllim onun qoluna girib:
- Hə, Miri, gedək. Eldar deyir Əli kişi sənin yerlindir - Təbrizdən.
Əli Təbrizinin evi 1 nömrəli məktəbə lap yaxın idi. Getdik. Əli Təbrizinin xalça kolleksiyası müəllimləri heyran elədi. 
- Bax bu, Təbriz xalçasıdı. "Dörd fəsil" adlanır. 100 yaşı var. Özüm bərpa eləmişəm. Bu, nadir xovsuz xalçalar qrupuna aiddir. Vərni deyirlər. Əsrin əvvəlində Cəbrayılda toxunub. Bu isə "Xanlıq"dır. Şuşa xalçaçılıq məktəbinin incisi sayılır. Bu isə qədim namazlıqdır - deyə Əli Təbrizi kolleksiyasının nadir incilərini bir-bir qonaqlarına göstərdi. 



Lətif Kərimov dostumdu, bu evdə çox olub. Demişəm ki, Bakıda xalça muzeyi yaradılmasını təklif eləsin. Məşhur adamdı, "yuxarılar" onu eşidirlər, mən də öz sirrlər xəzinəmi dövlətimizə bağışlayaram. Muzeyə qoysunlar, tariximiz itməsin, hamı gəlib görsün - dedi.
Sonra süfrə açıldı. Qarabağ aşı, ardınca Təbriz plovu ortaya gəldi. Hələ Arzuman küftəsi də növbə gözləyirdi…

Bu nurlu insan mənim hələ orta məktəbdə sevə-sevə oxuduğum maraqlı hekayələrin müəllifi Mir Cəlal Paşayev idi.

Altı il təhsil dövründə ən azından ildə iki dəfə - yazda və qışda universitetə sessiyaya gəlirdim. Hər dəfə də Mir Cəlal müəllimlə görüşərdim. 2-ci kursda mənə bir sessiya dərs də dedi. Sonra jurnalistika "filfak"dan ayrıldı, ayrıca fakültə oldu.

Mir Cəlal müəllim, Nüsrət müəllim, Yusif müəllim, bəzən həm də Əli Fəhmi, Kamil Mirbağırov bir yerdə "Növbahar" restoranına gedərdik. Orda baş aşbaz Namaz adlı bir ağdamlı idi. Ona görə bizə xüsusi xidmət göstərilərdi. 

Aralarında hamısından kiçik mən idim. 35 - 40 il yaş fərqimiz olsa da məni tələbədən çox dost kimi qəbul edirdilər. 

Allah hamısına rəhmət eləsin!"

Eldar İsmayılov universal yaradıcılıq istedadına malikdi. Buna görə də, jurnalistikadan əlavə bacarıqlarını yuxarıda qeyd etmişəm. Rəsm və musiqi sənətlərini bilməsi yəqin ki, həmkarlarım üçün yenilikdir. Hələ şairlik istedadını unutmuşam. Bunu da demək olar, heç bir həmkarım bilmir. Bu haqda tanınmış şair Ramiz Məmmədzadə düz 5 il əvvəl belə yazırdı:

- Sənin yazılarını oxudum, Xankişi oğlu! 
Sənin şeirlərində bir təbiilik, könül çırpıntılarında bir səmimiyyət var: 
 
Təbiət hərəyə bir pay böləndə, 
Gül necə oldu ki, xar mənə düşdü. 
Mən haqq yolçusuyam, haqqa gələndə, 
Yollar buz bağladı, qar mənə düşdü. 
 
Mətləb, qayə aydındır, sətiraltı sözlərin mənası var... 

Sənin şeirlərindən doğma torpağımızın, misli-bərabəri olmayan Cənnət Qarabağımızın qoxusu gəlir. 

Qarabağ təkcə dağlardan, çaylar və meşələrdən, hardasa çəhrayıya çalan qapqara torpaqlardan ibarət deyil ki. Qarabağ mənəm, sənsən, bizik, hamılıqla biz Qarabağıq. Bütöv Azərbaycan arzusu sənin yazılarının çoxunda həsrət dolu ifadəsini tapa bilmişdir. 
“Deyirlər Araz daşıb” şeirində bu həsrəti, bu istəyi daha obrazlı şəkildə ifadə etməyi bacarmısan, Eldar: 
 
Daşanda elə daş ki, 
Coşanda elə coş ki, 
Yu apar sahillərdən
Tikanlı məftilləri 
Sevindir bu elləri... 
 
Sonsuz bir ümidin, inamın üfüqləri uzaqlardan boylanmaqdadır. Sən sevdiyin, bağlı olduğun, necə deyərlər, könül verdiyin gözələ həmişə sədaqətlisən, dönməzsən. 
Sən şeirlərin çoxunu gözlərimiz Ağdamın o bəxtəvər günlərində yazmısan. Sonrakı illərdə niyə yazmamısan və ya nadir hallarda salamlaşmısan poetik misralarla... Sən hansı küncə çəkilmisən, özündən hara qaçmısan... Böyük Türk oğlu Rəcəb Tayyib Ərdoğanın “Qarabağ qan ağlarkən biz necə gülə bilərik!..” harayını eşitməmisən ki?.. 
...Sənin hələ nə yaşın var ki... Ömür hələ qarşıdadır. Hələ yolumuzu Sənin dədə-baba yurdun cənnətməkan Şuşa, Ağdam, Laçın, Kəlbəcər... gözləyir və inanıram ki, qarşıdakı qələbə günlərində sən bizləri yeni-yeni şeirlərinlə salamlayacaqsan, yeni ab-havalı misralar qoşacaqsan və yəqin ki, hər şeirin yazılma tarixini və harda yazıldığını da qeyd edəcəksən... Misal üçün, Ağdam, Şuşa, filanıncı il, filan tarix...

Əlavəyə ehtiyac varmı?!

Təbriklər, Eldar müəllim! 

75 illik yubileyiniz mübarək!

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar