Qəşəngə! 

Azərbaycan ilk qanuni mərc şirkəti ETOPAZ-ın təşkilatçılığı ilə bir qrup idman jurnalistisinin futbol klublarımızın qış hazırlığını izləmək üçün Antalyaya yollanmasından yazmışdıq.

Səfərdə komandalarımızın yoxlama oyunlarını izləmək, baş məşqçilərlə, orda olan futbol mütəxəssisləri ilə, həmkarlarımızla fikir mübadiləsi aparmaq şansı qazandıq.

Gördüyüm oyunlarda "Qəbələ" və "Sumqayıt"ın çıxışını daha çox bəyəndim. Təbii, bir-iki yoldaşlıq görüşü ilə nəticə çıxartmaq olmaz. Antalyada matçlarını stadiondan izlədiyim "Qarabağ", "Sabah" və "Zirə"nin hazırda hansı formada olmasını məşqçiləri daha yaxşı bilir. Bütün komandalar ağır fiziki yükləmə fonunda oyunlara çıxırdı. Hər məşqçinin məqsədi yetirmələrini mövsümün bəlli bir hissəsinə ideal formada yetişdirməkdi. Bu mənada asarkeşləri ən çox düşündürən avrokuboklardakı yeganə təmsilçimizdi.

Ümumiyyətlə, indi "Azərbaycanda futbol" deyəndə ilk ağla gələn "Qarabağ"dı. Dünya azərbaycanlıları ağdamlıların 1 ay sonra Konfrans Liqasının pley-offunda Belçika "Gent"i ilə qarşılaşmalarını səbrsizliklə gözləyir. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun bu və başqa mövzularda fikirlərini dinlədik. Abbas Hüseynov və Şahruddin Məhəmmədəliyevin zədələnməsi, Kadinin gedişi, Ovusunun "Ferentsvaroş"a keçmək ehtimalı sözsüz ki, Qurbanovu narahat edir. Amma bu adam bizə yerli futbolçulardan qurulmuş komanda ilə də Avropa meydanlarında inanılmaz uğurlar qazanmağın mümkünlüyünü göstərib. Hamı Qurban Qurbanovun sehrli çubuğunun olduğuna inanır.

Romantikanı kənara qoyub açıq deyək ki, reallığı da nəzərə alsaq, pis olmaz. "Qarabağ"ın heyət seçimi Azərbaycan çempionatı üçün indi də əla ola bilər. Amma Avropa üçün Kadili, Şahruddinli, Abbaslı, Ovusulu heyət belə çox zəif idi. Komandanın fantastik oyunu, bu yerə gəlib çıxması düşünürəm ki, futbolçuların yüksək səviyyəsinə və ya heyətin genişliyinə görə deyildi. Bu uğurun baş memarı Qurban Qurbanovdu. Həmin Kadi, Veşoviç, Bəhlul, əvvəllər isə, Şahruddin, Bədavi və bir çox başqa isimlər "Qarabağ"a gələndə hansı vəziyyətdə idi və Qurban hoca ilə bir müddət çalışandan sonra hansı səviyyəyə yüksəldilər?! 
"Qarabağ" kiçik büdcə ilə böyük işlər görür. Bununla belə, indi komandanın işi çox çətin görünür. Mütləq lazım olan transferlər hələ ki, gecikir. Hər zaman inamlı görməyə vərdiş etdiyimiz, bütün çətinliklərə sinə gərən Qurbanov üzdə göstərməyə çalışmasa da, əminəm, daxilən çox narahatdı.

Eyni sözləri digər klublarımız haqda da demək olar. "Zirə", "Qəbələ" və başqa təmsilçilərimiz transfer etməkdə çox ciddi problem yaşayır. Legionerlər Azərbaycan çempionatına gəlmək istəmir və ya real qiymətlərindən qat-qat artıq maliyyə şərtlərinə buna razı olacaqlarını bildirirlər.

Odur ki, Premyer Liqada çıxış edən əksər klublarımızın baş məşqçilərinin əhvalı hazırda yaxşı deyil və "transfer pəncərəsi" bağlanana qədər bu büdcəylə istədikləri transferləri çətin reallaşdıra bilsinlər.

Transfer məsələlərini unutsaq, bütün klublarımız üçün Antalya toplanışının faydalı olduğuna şübhə yoxdu. 2-3 gün davam edən yağışı çıxsaq, qalan müddətdə hazırlıq üçün ideal hava şəraiti var idi və bundan hansısa baş məşqçi lazımınca istifadə etmədisə, yalnız özünü günahlandıra bilər. Antalya bölgəsindəki otellərin, stadionların kompaktlığı yoldaşlıq görüşləri üçün də uzaq məsafə qət etməyə ehtiyac qoymurdu. Rəqib sarıdan da problem yox idi. Qitənin bir çox ölkəsinin klubları qış fasiləsində Antalyada idi.

De Byazi başda olmaqla milli komandamızın məşqçilərini, AFFA Məşqçilər Şurasının üzvlərini də komandalarımızın oyunlarında görürdük. Maraqlıdır ki, onlar adətən hər oyuna maksimum 1 hissə baxıb gedirdilər. Sanki, federasiya rəhbərliyi onların qarşısında daha çox oyunda "görünmək" tapşırığı qoymuşdu. Tam səmimi deyim ki, AFFA-nın heyətinin Antalyadakı bu cür fəaliyyətinin milliyə hansısa fayda verəcəyinə zərrə qədər inanmıram...

Eyni sözləri PFL haqda demək olmaz. Xüsusən qurumun media departamentinin Antalyada yağışlı havada gördüyü işi, çəkdiyi zəhməti qeyd etməliyəm. Bu “CBC Sport”un Türkiyədə olan çəkiliş qrupu və orda bizimlə olan həmkarlarım Rüfət Nadirli, Elçin Cəlilov və Ruslan Mikayıllıya da aiddi.

ETOPAZ-ın idman jurnalistlərinə nəcib jestini də bir daha vurğulamaq istəyirəm. Az qala 30 ildir bu sahədə çalışan Natiq Muxtarlı, Rəşad Ergün və mən indiyəcən heç vaxt klublarla səfərə yollanmadığımızdan ilk dəfə idi ki, əməkdaşlıq etdiyimiz şirkətin sayəsində bir həftə Antalyada olduq, klubların hazırlıq prosesini canlı izlədik, müxtəlif ölkələrdən gələn insanlarla ünsiyyət qurduq, qardaş ölkənin futbolun və turizmin inkişafı üçün yaratdığı gözəl şəraiti gördük.

Antalyada bizi müşaiyət edən, daimi diqqətini əsirgəməyən ETOPAZ-ın əməkdaşlarına, orda olduğumuz müddətdə maraqlanan, nəyəsə ehtiyacımızın olub-olmadığını soruşan şirkətin direktoru Altay Əliyevə təşəkkür borcumuz var.

Bu səfəri İrandan gələn turistlərdən eşitdiyim bir kəlməylə ifadə edə bilərəm: QƏŞƏNGƏ! Bu söz farscadan tərcümədə qəşəng deməkdi.

Ümid edək ki, idman jurnalistikamızın inkişafına və futbolumuzun təbliğinə töhfə verən bu cür səfərlər tez-tez olacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar