Gəl, Turanda görüşək!
“Huner Group”un "Turan Tovuz"un 4.5 illik baş sponsoru olması son illərdə Azərbaycan futbolunda yaşanan ən önəmli olaylardandı. Məsələ sadəcə AFFA-dan və rəhbərlərindən asılı olmayan bir özəl şirkətin futbolumuza yatırım etməsində deyil.
Tovuzluların "Kəpəz"lə prinsipial qarşılaşmasından öncə keçirilən tədbirdən bəzi sitatlara diqqət yetirək:
“Türkiyədə baş verən faciə hər birimizi sarsıtdı. Cənab Prezidentimizin çağırışından sonra biz də “Huner Group” olaraq bu yardım kampaniyasına qoşulduq. Türkiyəli qardaşlarımızın yaralarının sağalması üçün əlimizdən gələni edirik. Müqavilə imzalanması zəlzələdən öncə nəzərdə tutulmuşdu. Acılı günlərə təsadüf etsə də, “Turan Tovuz”la “Huner Group” arasında sponsorluq müqaviləsinin imzalanması çox sevindirici haldır”.
“Turan Tovuz” I Divizionda çempion olsa da, maliyyə problemlərinə görə 9 il Premyer Liqaya yüksələ bilməyib. Qismət bu mövsümə imiş. Yaydan danışıqlar aparırdıq. Tərəddüdlərimiz, suallarımız vardı, həm idarəçilik, həm də şəffaflıq baxımından...”
“İqtisadiyyatımız güclənir, şaxələnir. Amma 1992-ci ildə belə deyildi. Həmin çətin dövrdə Vidadi Əhmədov başda olmaqla komandaya dəstək verən şəxslər qəhrəmanlıq göstəriblər. Onların adları “Turan”ın tarixinə qızıl hərflərlə yazılıb, biz bunları heç vaxt unutmayacağıq”.
“Təkcə əsas komandaya deyil, uşaq futboluna da diqqət ayıracağıq. Prioritetimiz Tovuzdakı futbol akademiyasıdı".
“Sponsor gələn kimi nailiyyət əldə olunmur. Bu, gələcəyin işidir. İndi yatırım edirik ki, faydasını 5-10 il sonra görə bilək. Futbol nailiyyəti olsa, nə gözəl. Amma olmasa belə, bu, bizi ruhdan salmayacaq. “Turan Tovuz” hətta I Diviziona düşsə də, sponsorluğumuzu davam etdirəcəyik”.
“Turan Tovuz"un İdarə Heyətində "Huner Group"un nümayəndələri təmsil olunacaq. Bu təklif klubdan gəldi, biz də qəbul etdik. Özümüz də, könlümüz də, ruhumuz da “Turan Tovuz”un yanındadır”.
“Sponsorluq məcburi deyil. Amma mən digər bölgələrdən olan iş adamlarına da səslənirəm. Onlar da əllərini daşın altına qoymalıdırlar”.
Bütün bu sözlər "Turan Tovuz"un yeni baş sponsoru "Huner Group"un təsisçisi və direktoru Ehtiram Quliyevə aiddi.
Azərbaycan futbolundan 30 ildən artıq müddətdə çoxlu sponsorlar gəlib-keçib. Onların arasında kriminal ünsürlərdən tutmuş, rüşvətxor məmur-oliqarxlara qədər hər cür tiplər görmüşük. Bu qədər səmimi, fikirlərini açıq deməyə çəkinməyən, intellektli və futbolumuzun gələcəyinə həssas yanaşan biri nadir tapıntıdı.
“Məhz bu klubu seçməyimizdə başlıca amil adının "Turan" olmasıdı. Zamanında çox gözəl ad seçilib. Turan bir fəlsəfədi, vizyondu. Onun altında birləşməmək, ona dəstək olmamaq mümkün deyil. Əvvəllər öncəliyimiz işğal altındakı Qarabağ idi, şükür, cənab Prezidentimizin rəhbərliyi ilə bu məsələni həll etdik. İndi öncəliyimiz Turandır”.
Ehtiram Quliyevlə şəxsi tanışlığım yoxdu. Həm onu, həm "Huner Group"un departament rəhbəri olan həmkarımız Nəsimi Paşayevi ilk dəfə idi görürdüm. İlk təəssüratlar adətən aldadıcı olmur. İstər mənəvi dəyərlərə münasibətləri, istər səmimiyyətləri və sadəlikləri ilə çox müsbət fikir oyatdılar. Ehtiram bəyi şəxsən tanımasam da, onun Vətən müharibəsində xidmətləri haqda məlumatım var. Adam 44 gün ərzində Silahlı Qüvələrə Yardım Fonduna maddi yardım etməklə yanaşı, eyni zamanda tibbi müəssisələrdə istifadəsi üçün külli miqdarda tibbi ləvazimat ianəsi həyata keçirmiş, ön cəbhəyə 4 təcili tibbi yardım avtomobili göndərmişdi. Bu ambulanslardan birində isə özü şəxsən sürücülük edərək "Huner Group"un 15 əməkdaşı ilə birlikdə birbaşa ön cəbhədə ordumuza dəstəyini göstərmişdi.
Ehtiram Quliyevin xidmətləri Ali Baş Komandan İlham Əliyevin diqqətindən qaçmadı, şanlı Zəfərimizlə bitən haqq savaşımızdan sonra o Azərbaycan Respublikasının Prezidenti adından "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif olundu. Vətən müharibəsində iştirak edən "Huner Group"un digər əməkdaşları da döyüş əməliyyatlarında xüsusi şücaət göstərdikləri üçün müxtəlif orden və medallarla təltif edildilər.
Ehtiram bəy Vətən müharibəsindən sonra şəhid və qazi ailələrinə, onların Türkiyədə təhsil alan övladlarına dəstəyini əsirgəmir. O özü də qardaş ölkədə ali təhsil alıb.
Türkiyədəki dəhşətli zəlzələdən sonra həm şəxsən, həm də rəhbəri olduğu şirkət zəlzələdə zərərçəkənlərə yardımlar edir. Hələlik rəsmi bilinən "Huner Group"un Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) fonduna 500 000 TL köçürməsidi.
Ehtiram Quliyevin "Turan Tovuz"a baş sponsorluğu ilə bağlı ən çox diqqətimi çəkən məqam isə "Öncəliyimiz akademiyadı" sözləridir. Futbolçu konveyeri və istedadlar diyarı olan Tovuzun bu təfəkkürdə bir rəhbərə çoxdan ehtiyacı var idi.
Əminəm, əgər maneələr, əngəllər yaradılmasa, yaxın illərdə "Boz Qurdlar"ın akademiyasında yetişəcək uşaqlar bütün Azərbaycana və dünyaya səs salacaqlar.
Elə Avropa kuboklarında Azərbaycanın ilk təmsilçisi olmuş klub özü də yenidən qitə arenasına dönəcək və tez-tez "Qarabağ"ın avrokuboklardakı səfər oyunlarına yollanan Ehtiram Quliyev artıq sponsorluq etdiyi komandaya azarkeşlik üçün xaricə üz tutacaq.
Bu əməkdaşlığın "Turan Tovuz", "Huner Group", futbolumuz, ölkəmiz və türk dünyası üçün xeyirli-uğurlu, faydalı olması diləyi ilə...
Anar Şabanoğlu, Tovuz