De Byazinin Stokholm sindromu 

Bəlkə də Azərbaycandan olan ilk idman jurnalistiyəm ki, millimizin oyunlarını işıqlandırmaq üçün AFFA-nı ziyana salmadan, futbolumuzun inkişafı üçün dövlətin federasiyaya ayırdığı pulun kiçicik bir hissəsinə şərik olmadan komandamızın iki səfər qarşılaşmasına uzun yol qət edib gəlmişəm.

Hə, bu matçlarda öncədən favorit olmadığımız bəlli idi. Amma istənilən halda, jurnalistliyi bir kənara qoyaq, ölkənin N1 komandasının (bu, hər bir halda milli olmalıdı) oyunlarını işıqlandırmaq üçün Allah bilir ki, nə əziyyət çəkmişəm. Bu, hələ deyəcəklərimin çox kiçik hissəsidi... Bu səfərim haqda N qədər söyləyəcəklərim var ki, danışsam, azarkeşlər Azərbaycan futboluna da, idman jurnalistikamıza da nifrət edəcək. Nə isə...

Avstriya bizi darmadağın etdi... Oyuna hamı baxdı. Hamının baxmadığına da mən baxdım. Oyundan sonra az qala mətbuat konfransına da getməyəcəkdim...

...Avstriyalı azarkeşlərə görə. Stadionda elə möhtəşəm atmosfer yaratmışdılar ki, ayrıla bilmirdim. Final fitindən təxminən 10-15 dəqiqə sonrayacan bundan çox böyük zövq aldım.

Xoşbəxtlikdən, mətbuat konfransına da çatdım. Hətta, De Byaziyə sual da verə bildim. İki dəfə soruşdum ki, artıq 3 il olur millidəsiniz, sizinlə müqavilə imzalananda qarşınıza hansı hədəflər qoyulmuşdu və bu 3 ildə həmin hədəflərə çatmısınızmı?

De Byazi nala-mıxa vurdu və hər iki halda sualıma cavab vermədi.
Dünən İsveçlə oyundan əvvəl Solnadakı “Friends Arena”da De Byazi gözlənilmədən özü mətbuat konfransında danışmaq istədiyini dedi və əlavə etdi ki, Avstriya ilə oyundan sonra kimsə ona sual vermişdi ki, bu qrupda hədəf nədi?

İsveçin dünya reytinqində Azərbaycanı xeyli qabaqlamasını dəfələrlə vurğuladı, Belçikanın səfərdə çilik-çilik etdiyi rəqibi şişirdib dağın başına ucaltdı və s.

Sonra söz aldım və dedim ki, cənab De Byazi, həmin sualı mən vermişdim. Və təkcə bu qrup mərhələsini yox, ümumiyyətlə, sizinlə müqavilə bağlananda qarşınıza hansısa hədəfin qoyulub-qoyulmamasını soruşmuşdum. Əgər 3 ildir burdasınızsa, demək ki, uzunmüddətli planlar var. Siz Albaniyanı AÇ-nin final mərhələsinı çıxartmış baş məşqçisiz, qarşınıza qoyulan hədəflərdən başqa yəqin ki, özünüzün də ambisiyanız var. 

De Byazinin sözündən belə çıxdı ki, qarşısına heç bir hədəf qoyulmayıb. O bildirdi ki, mənə kimisə məğlub et, ya etmə deməyiblər. Yəni, sadəcə, müqavilə bağlayıblar, vəssalam. 
İsveçin reytinqdə bizdən üst mövqedəki yerini dəfələrlə təkrarlamasının futbolçularımızda ruh düşkünlüyü yaratmaq ehtimalı haqda sual vermək istəyirdim ki, məşqimiz başladığına görə mətbuat konfransı bitdi...

Millimiz bu axşam oyuna çıxacaq. Ona görə komandamızı çox tənqid etmək istəmirəm. Yalnız onu deyim ki, Avstriya ilə oyunda ilk buraxılan qoldan sonra komandamız mübarizə aparmadı. Halbuki, bu forma, bu bayraq uğrunda minlərlə həmvətənimiz canını verib...

De Byaziyə gəldikdə, ona yalnız reytinqdəki yerlərin fərqini yox, İsveçin bir sıra başqa üstünlüklərini də qabartmasını qardaşyana tövsiyyə edə bilərəm.

Məsələn, mənə "Tre krunur"u sevdirən Tomas Brulin-Martin Dalin-Kennet Andersson triosunu. Hələ Qunnar Nordal-Nils Lindholm-Wunnar Qren üçlüyünü demirəm.

İsveçin bir çox oyunçusunun "Mançester Yunayted" və digər TOP liqa klublarında oynadığını xatırlatmağa da gərək var.

Amma biz yenə millimizə inanırıq, cənab De Byazi! Çünki, bu milli, bu forma, bu bayraq bizimdi! Və hamıdan, hər şeydən dəyərlidi!
Özünə azərbaycanlıyam deyən hər bir futbolçumuz da bu gün İsveçdə meydana uduzmaq üçün yox, qalib gəlmək üçün çıxacaq və Azərbaycanın adı üçün 90 dəqiqə döyüşəcək!

P.S. Cənab, De Byazi! Qazaxıstan hesabda 0:2 geridə olduğu oyunda Danimarkaya qalib gəldi...

Yazı Etopaz-ın dəstəyi ilə hazırlanıb

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar