Ey idman, sən sülhsən? - FOTO, VİDEO

Moskva, "Dinamo" manejinin ikinci mərtəbəsi, 2006-cı il, 20 yanvar...

"Neftçi" - "Pünik" qarşılaşmasında komandamız hesabda 1:0 hesabı ilə irəlidədir və oyunda üstünlük bizdədir. Artıq hamı qələbəmizin yaxın olduğunu anlayır, düşmən təxribatı olmasa, sevinən tərəf biz olmalıyıq.

Birdən tribunaları uğultu bürüyür. "Dinamo" manejində bəlkə də heç vaxt bir matça o qədər azarkeş gəlməyib. Azərbaycanlılar olan tərəfdə iynə atsan, yerə düşməz. 

Erməni azarkeşlərin böyük əksəriyyəti isə oyuna gəlməkdən qorxub (növbəti ildə azərbaycanlılarla qarşılaşmadan qorxub qaçan komandaları kimi) və bizimkilərdən dəfələrlə az sayda erməni var. 

...Rəşad Sadıqov bu uğultuda meydanda oyundan qopub ermənilər olan tərəfə gedir və yuxarı mərtəbəyə baxıb əli ilə ermənilərə "Məni ora çıxartmayın!" (oyundan sonra isə Rəşad komandaların qaldığı otelin foyesində kapitanları Sarkis Ovsepyanı nokauta göndərmişdi) işarəsi edir. Bu an oyunun həyacanından ayılıram və turnirdəki bütün iştirakçı ölkələrin bayraqları asılan tərəfdə dayanan ermənilərin Azərbaycan bayrağının üstünə öz bayraqlarını asdığını görürəm. Dərhal o tərəfə qaçıram. Sonda ermənilər bayraqlarını yığışdırır, ağsaqqalları gəlib üzr istəyir.

...Qorxmasalar, orda da bayrağımızı yandıracaqdılar. Necə ki, dünən İrəvanda başlayan ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində bunu etdilər. Biz nə qədər Ermənistan ayrı, erməni ayrı, dövlət ayrı, xalq ayrı desək də, bu bəlkə də başqalarına aid ola bilər, xəstə təxəyyüllü bədnam qonşularımıza yox!

Və 2015-ci il, Avropa oyunları, Bakı. Mənim də tribunada olduğum boks yarışlarının mükafatlandırma mərasimi. Erməniəsilli ukraynalı idmançı Gevorq Manukyan medalını almaq üçün fəxri kürsüyə dəvət olunanda tamaşaçılar onu fitə basır. Bu da təbiidi, çox da əvvələ getməyib Xocalı faciəsini xatırlatmaq kifayət edir. Azərbaycan torpaqları da o zaman işğal altında idi. Odur ki, belə reaksiyada təəccüblü bir şey yoxdur. Və bu məqamda rinqə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev çıxdı...

O, tamaşaçıları sakitləşdirdi, erməniəsilli idmançını fitə basmamağa çağırdı. Tribunaya toplaşanlar bu jesti olduqca müsbət qarşıladı. Cənab Prezident daha sonra erməniəsilli idmançıya medalı təqdim etdi və onun əlini sıxdı. İdmanın təməl prinsipləri də budur! 

Fransız Pyer De Kuberten də Olimpiya hərəkatını yaradanda "Ey idman, sən sülhsən" demişdi. Amma ermənilər fransızlarla nə qədər bacılaşsalar da, bunu hələ də anlaya bilməyiblər. Əvəzində bizim canlı əfsanə Səid Mollayi Beynəlxalq Fair Play Komitəsi tərəfindən Pyer de Kuberten mükafatı alır. Ədalətli rəqabət, rəqibə hörmət, dostluq - idmanın təməl prinsipləri budur! Bunu elə həmin fransızlarla oyunda "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da bütün dünyaya göstərdi.

İdmanı bir kənara qoysaq, dövlət başçımızın o jesti həm də çox yaxşı insanlıq nümunəsi idi. Hətta erməniəsilli idmançı buna görə o qədər təsirlənmişdi ki, kövrəldi, azarkeşlərimizi alqışladı, onlara əl elədi.

Hadisədən 5 il sonra dövlət başçımızın da səbri tükəndi. O, ermənilərin sülh, insanlıq və başqa dəyərlərdən yoxsunluğuna tam əmin oldu və Avropa oyunlarında azarkeşlərimizə birlik rəmzi kimi nümayiş etdirdiyi dəmir yumruğu artıq Ali Baş Komandan kimi işə salıb işğalçıların başına çırpmaq məcburiyyətində qaldı.

Dünən İrəvanda yandırılan bayraq hər bir dünya azərbaycanlısının şərəfi və namusudur! Hamı hər şeyi anlayır və ölkəmiz də bunu cavabsız qoymayacaq, əminəm.

Zərrə qədər şübhəm yox ki, ermənilərin bu barbarlığından da sonda qazanan Azərbaycan olacaq. Düşünürəm ki, hər bir sıravi azərbaycanlı və müvafiq təşkilatlar bunu beynəlxalq ictimaiyyətə çatdırmağa çalışmalıdı.

Ağırlıqqaldıranlarımız isə turnirdən bəri başdan imtina etməlidirlər. İndi bunun tam məqamıdı. Xüsusən, İrəvandakı bütün faşist təfəkkürlü məxluqları cüdoçu Elmar Qasımov kimi şanlı himnimizi dinləməyə məcbur etməyə, uğrunda minlərlə can qurban olan bayrağımızı o yarışdakı ən yüksək zirvəyə ucaldacaqlarına əmin deyillərsə...

[email protected]

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar